Bakıda COP29 iqlim sammiti çərçivəsində “FINS” təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, beynəlxalq təşkilatların dəstəyi, aktivistlər, fotoqraf və müxtəlif ölkələrdən mütəxəssislərin dəstəyi ilə keçirilən aksiya tədbir məkanının Yaşıl Zonasında baş tutub.
Aksiyada İsveçrə, Kanada və Böyük Britaniyadan nümayəndələr iştirak ediblər. Aksiya iştirakçıları Norveç hökumətinin öz dəniz ərazilərində yerli şirkətlərə dərin dəniz mədənçiliyi ilə məşğul olmaq üçün lisenziyalar verərək təbii resursların istismarına başlamaq planları ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bildirilib ki, Norveç hökumətinin sözügedən qərarı böyük rezonans doğurub. Çünki dünya üzrə çox sayda alim mümkün fəsadların qiymətləndirilməsi üçün elmi araşdırmalar aparılana qədər işləri dayandırmağa təkidlə çağırış edir.
Xüsusilə vurğulanıb ki, mədənçilik üçün istifadə edilməsi planlaşdırılan ərazi miqyasına görə Böyük Britaniyanın ölçüsü ilə müqayisə edilər bilər və bu, Norveç hüdudlarından kənarda su ekosistemlərinə nəticəsiz ötüşməyəcək.
“Biz Norveç hökumətini ölkənin dənizlərində istismarın başladılmasına qarşı petisiyanı imzalayan 800-dən çox beynəlxalq alimi dinləməyə və öz planlarını yenidən nəzərdən keçirməyə çağırırıq. Bununla yanaşı, biz Norveçi balina ovuna son qoymağa səsləyirik. Təəssüf ki, ölkədə balina ovu nəinki qanuniləşdirilib, hətta dövlət tərəfindən də subsidiyalaşdırılır. Balina ovlanması kvotaları artmağa davam edir. Belə ki, bu il bu göstərici 2023-cü illə müqayisədə 15 faiz artıb və bu ovdan əldə edilən ət ev heyvanları üçün qidaların hazırlanmasında istifadə edilir”, - deyə aksiya iştirakçıları qeyd edib.
Aksiya üzvləri, həmçinin beynəlxalq ictimaiyyəti Norveç hökumətinə ünvanladıqları müraciəti dəstəkləməyə çağırıb: “Ümid edirik ki, Norveç xalqı unikal dəniz ekosistemini qorumaq üçün öz liderlərinə təzyiq göstərəcək və balina ovunu dayandıracaq”.
Aksiya iştirakçısı olan ekofəal Maksel Holm jurnalistlərə açıqlamasında bildirib ki, hazırda balina ovu ilə bağlı kvotalar artırılıb: “COP29-a dünyamızda balinalar, köpək balığına münasibətdə baş verən faciəvi hadisələr haqqında danışmağa gəlmişik və fərq yaratmağa çalışırıq. Bu istiqamətdə addımların atılmasına çağırış etmək istərdik. Çünki qeyd etdiyim məsələ ilə bağlı bir çox mənfi hallardan, o cümlədən, balina ovunun artmasından narahatıq”.
Onun sözlərinə görə, müasir dövrdə balinaların kommersiya məqsədilə ovlandığı bir neçə ölkə var: “Onlardan biri də Norveçdir. Biz dəyişiklik etmək və bunu daha çox ictimaiyyətə çatdırmaq üçün buradayıq. Bu tədbirdə iştirak edən insanlar bilməlidirlər ki, hazırda balina ovu ilə bağlı kvotalar artıb”.
Qeyd edək ki, bu gün, həmçinin COP29-un keçirildiyi Yaşıl zonada “FINS” təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etirazla əlaqədar panel müzakirələr keçirilib. Məruzəçilər və müzakirələrdə iştirak edən nümayəndələr balina ovu ilə bağlı narahatlıqlarını ifadə ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Gülnar Əliyeva
Fotolar: Xəyal Vəlizadə