Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Polşanın müftisi, Polşada Müsəlman Dini Birliyinin Ali Müsəlman Kollecinin sədri Tomas Mişkeviç ilə görüşüb. Görüşdə ölkələrimiz arasında sıx əlaqələr və Polşadakı Azərbaycan icmasının fəaliyyətilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, qonağı səmimi salamlayan komitə sədri Azərbaycanla Polşa arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu, bu əlaqələrin Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Qeyd edib ki, Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dini icmalar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub, müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar sivilizasiyaların qovşağı olan ölkəmizdə harmoniya içərisində yaşayır.
Görüş zamanı Komitənin layihə və proqramlarından danışılıb, o cümlədən 44 ölkəni əhatə edən 17 Koordinasiya Şurasının dünya azərbaycanlılarının fəaliyyətini əlaqələndirməsi diqqətə çatdırılıb. 20 ölkədəki 32 Azərbaycan Evinin ardıcıl və məqsədyönlü işləri barədə müfəssəl məlumat verilib, onların soydaşlarımızın sosial, mədəni və iqtisadi həyatlarına necə dəstək verdiyi xatırladılıb. Azərbaycan Evlərinin ikisinin Polşanın Varşava və Krakov şəhərlərində yerləşdiyi və həmin evlərin diaspor quruculuğunun mühüm istiqamətlərini təşkil etdiyi qeyd olunub.
Söhbət zamanı Avropada soydaşlarımızın ən çox yaşadığı ölkənin Almaniyadan sonra Polşada olduğu vurğulanıb. Polşadakı Azərbaycan icmasının fəallığı, yerli cəmiyyətə uğurla inteqrasiyası, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı diqqət mərkəzində olub, diaspor fəaliyyətinin davamlılığı üçün ardıcıl və məqsədyönlü iş aparıldığı qeyd edilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Tomas Mişkeviç Polşada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının, onların sosial, mədəni və iqtisadi sahələrdəki aktiv fəaliyyətinin müsbət nəticələrini qeyd edərək, bu prosesin Azərbaycan dövlətinin müdrik siyasətinin göstəricisi olduğunu bildirib. O, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsindəki uğurlarını yüksək qiymətləndirib, ölkəmizin bu sahədə nümunəvi bir model olduğunu ifadə edib.
Polşanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən diaspor sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün böyük potensial olduğunu vurğulayıb, təmsil etdiyi ölkədə Azərbaycan icmasının inkişafından məmnunluq ifadə edib.
Görüşdə Polşa müftisi Tomas Mişkeviçə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycanın medalı təqdim edilib. Qonaq bu mükafatı Azərbaycan dövlətinin ona göstərdiyi böyük etimadın təzahürü kimi dəyərləndirib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşıb. Hər iki tərəf gələcəkdə əməkdaşlıq sahələrini genişləndirmək və dərinləşdirmək niyyətlərini ifadə edib. Görüş Azərbaycan və Polşa arasındakı əlaqələrin, xüsusilə diaspor fəaliyyəti sahəsində münasibətlərin daha da güclənməsi baxımından böyük əhəmiyyət daşıyır.


Son xəbərlər
Son Xəbərlər