Ziyalılar Forumunun Koordinasiya Şurasının Əkrəm Əylislinin “Daş yuxular” romanından əvvəlcədən xəbəri olub. Bizi bu barədə məlumalandıran mənbənin iddiasına görə, bu romanın da yer aldığı “Möhtəşəm tıxac” adlı trilogiya hələ iki il əvvəl Bakıdakı nəşriyyatlardan birində (onun adı müsavat.com-a məlumdur) az tirajla kitab halında dərc olunub və müəllif tərfindən məhdud sayda seçilmiş oxuculara paylanıb.
Əslində "Daş yuxular" həmin kitabdakı ikinci romandır. Kitaba daxil olan birinci roman "Yəmən", üçüncü isə "Möhtəşəm tıxac" adlanır.
Rəy üçün kitab verilən insanların böyük əksəriyyəti Ziyalılar Forumunun üzvləri olublar. Əsər, Ziyalılar Forumu formatında hətta müzakirəyə də çıxarılıb. Müzakirələr zamanı kitab bəyənilib; xüsusi ilə trilogiyanın “Möhtəşəm tıxac” adlanan 3-cü romanı yüksək rəylər alıb. İndi ölkə gündəmini qarışdıran “Daş yuxular” isə bir neçə görkəmli ziyalı tərəfindən tənqid olunub. Məhz bu romana görə yekun rəy belə olub ki, bu kitabı, xüsusi ilə də ona daxil olan “Daş yuxular” romanını Bakıda dərc etdirmək olmaz. Bu tövsiyələrdən sonra sınaq tirajı ilə kifayətlənilib və “Möhtəşəm tıxac” nəzərdə tutulan sayda nəşr edilməyib. Lakin bütün bunların üstündən, Əkrəm Əylisli kitabındakı 3 romandan məhz “Daş yuxular”ı seçərək, “Drujba narodov” jurnalına təqdim edib. Sonrası məlumdur...
Müşahidəçilərin fikrincə, Ə. Əylislinin bu hərəkəti özü ilə bərabər Ziyalılar Forumunun da az qala mifləşmiş nüfuzuna ciddi zərbə vurub. Öz fəal üzvünü qınamağa da, aktiv müdafiə etməyə də çətinlik çəkən Forum, nəticədə ictimai rəydə zədə alıb.
Ümid edirik ki, müxbirimizin üzə çıxartdığı bu fakta - Əkrəm Əylislinin ölkə gündəmini dəyişən “Daş yuxular” əsərindən Ziyalılar Forumunun hələ iki il əvvəldən təfsilatı ilə xəbərdar olması iddiasına - qurumun yetkililəri tərəfindən reaksiya olacaq. /musavat.com/
Son xəbərlər
Son Xəbərlər