“Eliş” ləqəbli şəxs 300 min manatlıq narkotiklə tutuldu - Fotolar

elis-leqebli-sexs-300-min-manatliq-narkotikle-tutuldu
Oxunma sayı: 2116

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət-Axtarış İdarəsininin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, şəhər sakini Etibar Yaqubov saxlanılaraq ŞBPİ-yə gətirilib və üzərinə baxış keçirilən zaman 76 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin E.Yaqubova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini “Eliş” ləqəbi ilə tanınan Eldəniz İmanlı olduğu müəyyən edilib.

E.İmanlıya və bibisinə məxsus şəhər ərazisindəki fərdi yaşayış evlərində keçirilən əməliyyat-axtarış zamanı 11 qutuda, ümumi çəkisi 32 kq və qarabazarda satış dəyəri 300 min manat olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı E.İmanlı narkotik vasitənin toxumunu bir neçə il bundan əvvəl Gürcüstan Respublikasından gətirdiyini və satmaq üçün ötən ilin mart ayında əkərək ona qulluq etdiyini bildirib.

Saxlanılan şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib. Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.