Ən böyük Elçibəyçi Heydər Əliyev idi

en-boyuk-elcibeyci-heyder-eliyev-idi
Oxunma sayı: 5653




Həmin ildi. 2003-cü il. Seçki ili. İndiki prezident İlham Əliyevin hakimiyyətə gəldiyi tarix - oktyabrın 15-i. Unutmamışam: populyar olan cəmi 3 qəzet vardı – “Azadlıq”, “Yeni Müsavat”, “Hürriyyət”.  Hər üçü gündəlik çıxırdı. Hər üçü Heydər Əliyev hakimiyyətinin dəyişdirilməsinə çalışanların döyüş vərəqələri simasında tanınırdı. Oktyabrın 15-di. Prezident seçkisi başa çatıb. İlkin nəticələrə görə iqtidarın namizədi İlham Əliyev qalibdi. Müxalifət küçələrə axışıb, əsasən də Müsavat Partiyasının yerləşdiyi qərargahın qarşısı mühasirəyə alınıb. Mitinqçilər qərərgahı, polislər mitinqçiləri… Polislər deyir dağılışın, mitinqçilər deyir: “dağılışmırıq, bizim prezidentimiz İsa Qəmbərdi”.  Onların “prezidenti”ndən isə xəbər yoxdu. Polisin gözünü qan tutub. Hücum əmri verilir. Hardansa ATƏT-in seçkilər üzrə müşahidə missiyasının rəhbəri Piter Ayker peyda olur. Jurnalistlər ona doğru yürüyür. Bir sual, iki sual…ardından cəmi bir zərbə. Polis Aykeri yerə sərir.

Əvvəl adama elə gəlir ki, daha sabah olmayacaq. Sabahsa milyon il öncə üzündə donub qalan gülüşü ilə açılır. Gözlər həmin 3 qəzetin manşetinə yönəlib. Hər üçü insanları meydanlara səsləyir. Və nonsens: “Azadlıq” Azadlığa, “Yeni Müsavat” Qələbəyə, “Hürriyyət” isə Xalça muzeyinin qarşısına çağırır. Polisin dünən parçalaya bilmədiyi etirazçıları bu 3 qəzet beləcə parçalayır. 

Yazıq gözlər, yenə axtarır. Hər üç qəzetin künc-bucağından bir xəbər özünü asıb. Piter Ayker mətbuat konfransı keçirir. “Sizi dünən vurdular, indi özünüzü necə hiss edirsiz” sualına soyuqqanlı cavab verir: “Məni heç kim vurmayıb”.

Həmin ildi. 2003-cü il. Cüzi dəyişiklik olsa da “0”-rı itələyib, əvəzinə “1” yazacaq gücdə deyil. Cəmi 3 cüzi dəyişiklik 2003-ü 2013-ə çevirə bilməz. Müsavatın qərərgahının ünvanı dəyişib, Ayker yoxdu, yəqin bu missiyanı davam etdirəcək biri gələcək. Və “Hürriyyət”  o qədər görünməz olub ki, öz təsisçisi Qurban Məmmədova belə, əlini uzatmağı bacarmır. Hakimiyyət yerində, müxalifət yerində, cəmiyyət isə… Doğrudan e, cəmiyyət hardadı? Boş verək. Böyük siyasi hadisələri cəmiyyət həll etmir.

“Necə yəni həmin ildi?.. 15 ildi yol gəlirəm. Necə yəni heç nə dəyişməyib?.. Bəs bu nədi?.. Müxalifət ilk dəfədir ki, seçkiyə vahid namizədlə gedir. Bunu niyə görmürsüz…”.

Oxucumdu. Heç bir partiyanın üzvü deyil. Neft Akademiyasını bitirib. Həm ağıllıdı, həm savadlı. Məntiqi də yerindədi. Hakimiyyətdən acıqlıdı. İş istəyir, vermirlər. Özü danışıb: iki dəfə işə götürüblər. İdarəçilikdəki primitivliyə sivil formada etiraz edib. Deyib ki, qurumun saytı işlək deyil, xəbərlər köhnədi, axtarış sisteminin özünü axtarışa vermək lazımdı… Bir dəfə də deyib ki, daha bu kağızları yığışdıraq. Hətta qanun belə, elektron hökümətə keçməyi tələb edir. İşdən çıxarıblar. Sənədlərinə də “D” hərifli damğa vurublar. “D”-la qapını açmaq olmur. Uzağı bu hərifin tutacaq görünüşündən istifadə edib, qapını silkələmək olur. Lap səhərə qədər silkələ, açar ki, səndə deyil. 

O, dəqiq bilir ki, açar müxalifətdə də deyil. Sadəcə, hakimiyyətdən acıq çıxmaq istəyir. Bölgələrdə də belə oxucularım var. İcra başçılarından məhəbbət görmədikləri üçün nifrətə bürünüblər. Hakimiyyətin yerdəki nümayəndəsinə baxıb, sistemə qiymət verirlər. Bələdiyyələrin savadsızlığı və hərisliyi, məktəblərin bazara çevrilməsi onları alternativ axtarmağa vadar edir. 

Kimdi alternativ? O necə alternativdi? Gücü, səviyyəsi, imkanları hansı səviyyədədi? Adını bildik - Milli Şura. Sayını da öyrəndik - 126 nəfər. Liderlərini də tanıyırıq - kinodramaturq Rüstəm İbrahimbəyov. Müxalifətin Elçibəyi. Bir dəfə bu şəraiti Elçibəyə də yaratdılar. İkinci dəfə isə yaratmadılar. Yəqin hakimiyyəti qoruyub saxlaya bilməmişdi ona görə. Bəy 2000-ci ildə “Gülhanə”dən xəbər göndərdi ki, parlament seçkisində çox səs qazanmaq üçün Müsavatın proporsional siyahısında onun adını birinci yazsınlar. Yazmadılar. Bəy xəstəydi. Soruşa bilmədi ki, “Hakimiyyəti Heydər Əliyevə verdiyimə görə məndən acıq cıxırsız?”.

Amma Ceyhun Musaoğlu adlı jurnalist bir dəfə Elçibəydən soruşmuşdu: “Yerinizi Heydər Əliyevə verməkdə peşman deyilsiz?”. Bütöv Azərbaycan Birliyinin hər şənbə günü “Azadlıq” qəzetinin sığındığı qərərgahında ənənəvi toplantısı idi. “Günaydın”danam deyib, sual vermək istədim. Bəy “sabah verərsən” dedi. Dilimi dinc saxlamadım: “Birdən sabah olmadı…” reaksiyasına qarşılıq olaraq “onda buyur” kəlməsini eşitdim. Sualımı verdim. Cavabı belə oldu: “Hakimiyyəti Heydər Əliyevə tapışırıb getməyim, siyasətdə atdığım ən düz addımlardan biri idi”.

Yəqin bu düzlüyünə  görə,  Heydər Əliyev həmişə Elçibəyə sadiq qaldı. Onun xarakterindəki mərdlik - namərdləri əzmək, mərdləri mükafatlandırmaq Elçibəylə münasibətində ən parlaq təzahürünü tapdı. Heydər Əliyev heç vaxt Elçibəy haqqında pis fikir işlətmədi. Ona görə yox ki, hakimiyyətə gəlişində Bəyin bir başa rolu vardı. Ona görə ki, bu hərəkəti ilə Elçibəy ən düzgün seçim eləmişdi. Elçibəy Heydər Əliyevin ən həssas duyğusuna toxunanda, onun milliyyəti ilə bağlı fikir işlədəndə belə, ölkənin başçısı susdu. Ədliyyə naziri  Südabə Həsənova Elçibəyi məhkəməyə verdi. Heydər Əliyev isə sonradan üzünü bütün məmurlara tutub dedi: “Məni tənqid edənləri özüm məhkəməyə vermirəmsə, siz niyə verirsiz?..”. 

Heydər Əliyevin Elçibəyin son günlərində göndərdiyi gül çələngi və məzarına baş əyməsi də tarixə ən böyük kişilik hadisəsi kimi düşdü. Elmlər Akademiyasının zalı “Elçibəy” sədalarından lərzəyə gəlmişdi. Heydər Əliyev hara gəldiyini yaxşı bilirdi. Titrəyən zal onu mərd bilidiyi adama son borcunu verməkdən saxlaya bilmədi. Deyəsən ən böyük Elçibəyçi elə Heydər Əliyev olub. Zatən yanlış anlamayın. Elçibəyə qarşı sizin və Heydər Əliyevin əməllərini çəkiyə qoyun. Susacaqsız. Mütləq və mütləq. 

Bəli, bəy də Heydər Əliyevin münasibətinə cavabsız qalmasın deyə, “Hakimiyyəti Heydər Əliyevə tapışırıb getməyim, siyasətdə atdığım ən düz addımlardan biri idi” fikirlərini tarixin yaddaşına köçürdü. Bu günün prizmasından baxanda “yox, Bəy belə fikir işlətməyib” deyənlərin üstümə hücum çəkəcəyinə əminəm. Bir zərbədən yerə sərilən Ayker  “məni heç kim vurmayıb” deyirsə, siz niyə hücumunuzda haqlı olduğunuzu bayrağa çevirməyəsiz?..

İndi Elçibəyə etdikləri jesti Rüstəm İbrahimbəyova edirlər. 1992-ci il jestidi. 2000-ci il qadağası isə qüvvədədi. Artıq bu qadağanın işartıları görünür. Rüstəm İbrahimbəyovun rəsmi namizədə çevrilə bilməyəcəyi ehtimalı artır. Dünya səviyyəli insanın hakimiyyətin yanından durub, müxalifətin düşərgəsinə gəlməsi təbii mükafatlandırılmalıydı. Buyur, bu da mükafat - vahid namizədimizsən. Daha ikincini istəmə. Belə çıxır ki, Rüstəm İbrahimbəyovu aldadırlar. Daha doğrusu artıq aldadıblar.  O, prezidentliyə namizəd olsun deyə, Rusiya vətəndaşlığından imtina etdi. Əgər xarici ölkədə biznesi varsa və vergi ödəyicisi kimi qeydiyyatdan keçibsə, yenə namizəd olması mümkün deyil. Tutaq ki, heç bir şirkəti yoxdu. Tutaq ki, Rusiyanın sevimlisi olduğu üçün adına olan biznes strukturları tamam başqa sahiblərə “verildi”. Konstitusiyanın 100-102-ci maddələrində görə,  prezidentliyə namizəd  Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamalıdı. Seçki Məcəlləsinin 177-ci maddəsində isə deyilir: “Azərbaycan Respublikası Prezidenti (bundan sonra — Prezident) seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir”.  Rüstəm İbrahimbəyov məhz bu əngəli aşa bilməyəcək. O nə vaxt vətəndə 5 il daimi yaşadı ki?.. 

Anlamaq olmur Milli Şuraya yığışıb ölkəni idarə etmək iddiasında olanlardan kimsə bu həqiqətləri bilmirmiş. İnandırıcı deyil. Bəs onda niyə Rüstəm İbrahimbəyova xatırlatmayıblar ki, hüquq onun namizəd olmasına imkan vermir?  Məntiqlə İbrahimbəyovu aldadıblar. Onun nüfuzundan istifadə edib, divident qazanmaq, "namizədliyiniz qeydə alınmadı, indi Siz bir namizəd irəli sürün" tezisi qarşısında aciz qoymaq və bu oyunu quranlardan birini namizəd kimi irəli vermək. Müsavat başqanı İsa Qəmbər necə demişdi: “Mənim namizədliyim Rüstəm İbrahimbəyovun namizədliyi rəsmi qeydiyyata alınana qədər qüvvəvədir”.

Yanıla da bilərəm. Aldatmırlar. Deməli, bu adamların özlərinin Seçki Məcəlləsindən xəbərləri yoxdu. Bu dəfə özüm aldanıram. Özüm özümü aldadıram.

Səs eşidirəm. Hə, yenə oxucudu. Tanıyıram. Şəhərin mərkəzindəki qədim binada mənzilləri vardı. Hökumət mərmərli park tiksin deyə, sökdürdü. Əlbəttə kompensasiya ödədilər. Bu pula isə sökülən mənzillə müqayisədə ancaq daxma almaq olardı. Aldı. İndi həmin daxmasında oturub hikkə bəsləməklə məşğuldu. Hikkəsi böyüyüb. Bir həftə öncə dayısı ürəktutmasından küçədə keçinib. Adamlar aparıb morqa. Sahibi gəlib, 150 manat  verəndən sonra ölüsünü aparıb. “Bu məmləkətdə ölmək də olmur”.  Bir dəfə hansısa yazıma bu şəkildə münasibət bildirmişdi.  İndi yazdıqığım arqumentlərin bir neçəsini “Facebook”da paylaşmışam. Rəy yazıb. Qəbul eləmir. Yazır ki, Rüstəm İbrahimbəyov ağıllı adamdı. Nə elədiyini yaxşı bilir. Dostum, nəyi yaxşı bilir? Fakt göz qabağındadı. Rüstəm İbrahimbəyovun Seçki Məcəlləsindən xəbəri yoxdu. Olsaydı, namizədliyi irəli sürüləndən və MSK-nın onu qeydə almayacağı fikirləri yayılandan sonra Rusiya vətəndaşlığından imtina etməzdi. Əvvəl imtina edərdi, sonra namizəd olardı. Mətbuat bu barədə yazmasaydı, o, namizəd olmağa hüququ çatmadığını bilməyəcəkdi. 

Elçibəy də bizim gözümüzdə hər şeyi bilirdi. Ancaq partiyası parçlandı. Qarşısını almağı bacarmadı.  Parçalandı yox, paramparça oldu. 
2000-ci ildi. Avropa Şurası qarşısında öhdəliklər götürürük. Hansısa ayın, hansısa günüdü. Fəsli də unutmuşam. Axşam olduğu yadımdadı. Avropa Şurasının nümayəndələri iqtidara və müxalifətə öhdəliklər götürdüklərini təsdiq edən sənədə  imza atdırmağa gəlib. Müxalifətdən Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli imza atmalıdı. AXCP-nin sığındığı qərərgahdayam. Qonaqlar Elçibəyin otağındadı. Juranlistəm, xəbər axtarıram. Bəyin köməkçisi Oqtay Qasımov otaqdan çıxıb birinci müavinin oturduğu səmtə doğru gedir. Səbəbini soruşuram. Deyir ki, Bəy birinci müavinin iştirakı olmadan sənədə imza atmaq istəmir. Gedir, qayıdır. Birinci müavindən səs yoxdu. İkinci dəfə bir də gedir, qayıdır. Birinci müavin gəlmir. Sona qədər gözləməyə səbrim çatmır. Bəlkə də handan-hana gəlir. Ancaq həmin dəqiqə gəlməliydi. Belə oxumuşuq, belə görmüşük. Bu, o vaxtlar idi ki, Cəbhədə müavinlər arasında qırğın gedirdi. Deyəsən sədr də birinci müavindən bir qədər narazılıq etmişdi. Cəbhə dağılır. Müavinin sədr olduğu qanadın qurultayında birinci müavin postu ləğv edilir. Jurnalistlər yazır ki, parçalanmış Cəbhənin sədri aşına tökdüyünün qaşığına çıxacağından ehtiyat etdiyi üçün belə mövqe tutub. 

Görürsüz, deyirəm də həmin ildi. Təkcə Rüstəm İbrahimbəyov həminki deyil. Dostunun oğluna qarşı çıxır. Böyük hadisədi. Dostunun oğlunun qurduğu hakimiyyət çox güclüdü. Rusiyaya güvənib, Qərbin əlini üzərindən  çəkmədiyi hakimiyyətlə üz-üzə gəlmək bəlkə də mümkünsüzdü. Strategiya məlumdu. Taktikaları dəyişmək vacibdi. Taktikalar isə həminkidi. Çünki adamlar həminkidi. Çünki beyinlər həminkidi. Bu adamların, bu beyinlərin cızdığı ssenari həminki olmaya bilməz. Həmin ildi - 2003-cü il. Arzusu eyni olan 3 müxalifət qəzeti etirazçıları 3 ayrı məkana çağırır. Bu günün “Azadlıq”ı da elə eləyir, bu günün “Yeni Müsavat”ı da belə eləyir. Vəziyyət o həddə çatıb ki, hakimiyyətə qarşı üsyan etməkdə günahlandırılan Zaur Qurbanlı həbsxanadan açıqlama yayaraq, “Yeni Müsavat”ın iqtidara işlədiyini deyir. İttiham hədəfi onu utandıracaq dəlillər səsləndirir. Məgər ikiniz də eyni deyilsizmi? Məgər Zaur Qurbanlı “Yeni Müsavat”ın ideallarına görə tutulmayıbmı? Yaxud “Yeni Müsavat” Zaur Qurbanlının ideallarını daşımırmı?

Müxalifət Azərbaycançılıq ideyasının üstündən xətt çəkir. Təbiidi. İdeya müəllifi Heydər Əliyevdi. Müxalifət isə iddia edir ki, yalnız türkçülük var. Türkçülük bir vaxtlar “Azadlıq” qəzetinin simvolu idi. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yarandı. Qəzetlərin layihələrini maliyyələşdirməyə başladı. Birinci dəfə “Azadlıq”a 10 min manat verdi. Layihənin adı: “Azərbaycançılığın təbliği”. 10 min manata görə, türkçülük uçdu göylərə. Azərbaycançılığın bineyi-qədimdən təbliğatçıları isə göyə peyk uçurdular. Camaat çaşdı: kimdi pis, kimdi yaxşı?
Milli Şuranın vahid namizədini onu namizəd edənlər də bəyənmir. Biri Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı. Hər ötən gün onların sayı artacaq.  Rüstəm İbrahimbəyovun yaxınlarından öyrənmişəm ki, o elə də sadəlöhv adam deyil. Namizədliyinə yaranacaq əngəli də bilir, ona ikinci dəfə güzəştə getməyəcəklərini də. Bəs bu nə oyundu? Versiya: Rüstəm İbrahimbəyovun arxasında hakimiyyətdə olan və indiki idarəçilik sistemini qəbul etməyən qüvvələr dayanıb. İki arqument: Birinci, Rüstəm İbrahimbəyov hakimiyyətə gəlir, iki il müddətində islahatlar həyata keçirir, Konstitusiyanı dəyişir, parlament respublikasına keçirik. Və demokratik seçki baş tutur. Bu seçkidə isə hakimiyyətdəki həmin narazı qüvvələr qalib gəlir. Onların qarşısını almaq qeyri-mümkündü. Əllərində bütün resurslar var. Meydana da yeni düşüncə adamları çıxara biləcəklər. Əksəriyyəti də Avropada təhsil alan, ənənəvi müxalifətin əyalət taktikasını anındaca dondura bilən beyin adamları. Üstəlik də adları heç bir siyasi oyunda korlanmayan beyin adamları.

İkincisi isə Rüstəm İbrahimbəyov hakimiyyətə gəlmir. Sonda namizədliyini geri götürür və qarşı tərəfə əlini uzadır. Şərtlə: köhnə nomenqlatura getsin, Rusiya ilə əvvəlki münasibətlər bərpa edilsin. Yalnız bu iki arqumentdən biri qüvvədə olacaq təqdirdə yuxarılar Rüstəm İbrahimbəyovun namizədliyinin qarşısındakı baryerləri götürə bilər. 

Konkret: Milli Şurada əsas siyasi fiqur sayılanlar Rüstəm İbrahimbəyovu ya aldadıblar, ya da Rüstəm İbrahimbəyov onları aldadır. Səmimi mübarizənin üfüqdəki işartıları da görünmür.
 
Axı həmin ildi – 2003-cü il. 
 
Ceyhun Musaoğlu 
“Qafqazinfo” üçün