Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur...

Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur...
Oxunma sayı: 4253

Son bir ay ərzində qadınlara qarşı sadəcə mediaya məlum olan zorakılıq və cinayət faktları hər kəsi dəhşətə gətirib. Cəmi bir neçə gün ara ilə Bakıda iki qadının 18-20 bıçaq zərbəsi ilə öldürülməsi məsələnin aktuallığını bir qədər də artırıb. Son günlər ailə üzvləri tərəfindən qadınlara qarşı törədilən zorakılıq sərhəd tanımır. Bu işdə müxtəlif soyuq silahlardan: balta, dəyənək, bıçaq və sairədən istifadə edilir. 

“Qafqazinfo” son bir ay ərzində müxtəlif bəhanələrlə döyülən, öldürülən qadınların statistikasını təqdim edir:

Yəqin ki, nəinki ötən, hətta il ərzində yaşanmış ən dəhşətli cinayət hadisəsi 27 yaşlı Leylanın 3 övladının gözü qarşısında, 20 bıçaq yarası ilə öldürülməsi olub. Binəqədi rayonu, Avtovağzal metrosu yaxınlığında qeydə alınan hadisə mübahisə zəminində baş verib. Əri azyaşlı uşaqları ilə Leylanı atası evinə apararkən ona maşında 1 bıçaq zərbəsi vurub. Özünü xilas etmək istəyən Leyla maşından düşərək qaçmaq istəsə də, ər onu yoldaca tutaraq 19 bıçaq zərbəsi vurub. Hadisəyə ailənin övladları da şahidlik edib...

Qətldən düz 3 gün sonra, yəni, dünən analoji hal yenidən təkrarlanıb. Bakının Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində 18 bıçaq yarası ilə öldürüb.

Sadəcə Bakı və ətraf qəsəbələrdə son günlər baş verən qadın zorakılıqları faktlarına nəzər saldıqda aşağıdakı statistikanı görə bilərik:

Bakının Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib. 4 uşaq anası olan Cəmilə aldığı 12 balta yarasından hadisə yerində ölüb. Qətl mərhumun oğlunun gözü qarşısında baş verib.

Xətai rayonu, NZS qəsəbəsində ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.

Abşeronun Masazır qəsəbəsində intihar edən 26 yaşlı Aynurə Abdullayevanın da ailə münaqişəsi zəminində öldürüldüyü iddia olunur.

Bakının Nəsimi rayonunda qayın ana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.

Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və həbsxanada kəsici alətlə ağır xəsarət yetirib.

Bölgələrə nəzər saldıqda da oxşar mənzərəni görürük:

Ağsunun Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi qalıb. Qətlə yetirilən Xumar onu öldürməkdə şübhəli bilinən Nərimanın bibisi qızıdır. 

Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində qəsdən törədildiyi bildirilir.

Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Natavan Mustafayevanın boğazı əri Məhərrəm Sirati tərəfindən kəsilib. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.  

Bu günlərdə iki qadın qoyun səbəbindən döyülərək xəstəxanalıq edilib. Belə ki, oktyabr 9-da Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Ayşə Abdullayeva qayınanası və qayınatası tərəfindən ölümcül döyülüb. Buna səbəb isə gəlinə valideynləri tərəfindən cehiz olaraq qoyun verilməməsi olub. Digər analoji hadisə isə Gədəbəydə baş verib. Qoyunlara görə əmisioğlu tərəfindən döyülən 65 yaşlı Zərraf Əsgərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Əfsuslar olsun ki, qadınlara qarşı zorakılığı bütün hallarda kişilər törətmir. Goranboy rayonunun Xanqərvənd kəndində 35 yaşlı Sahilə Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edən zaman mübahisə yaranıb. Bu zaman qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüb.  

Qadına qarşı zorakılıq halları yalnız sadə vətəndaşlar arasında yaşanmır. Ailə fərdlərinin sosial şəbəkələrdə etiraflarından məlum olur ki, ölkədə gənc şair, idmançı, jurnalistlə yanaşı, siyasətçilər də ailədə qadına qarşı əl qaldırırlar. Ötən ayın əsas müzakirə mövzularından biri AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının həyat yoldaşı və qızlarına qarşı zorakılıq tətbiq etməsi olub. 

Bu arada Bakıda bacısını gecə klubuna getdiyi üçün öldürən 19 yaşlı Qalib Turabovun məhkəməsi başlayıb. O, bacısının əxlaqsızlıqla məşğul olduğunu düşündüyünə görə mübahisə edərək onu parkda öldürmüşdü.

Yaşıdları tərəfindən dəfələrlə təhqir olunan, əxlaqsız adlandırıldığı üçün özünü məktəb pəncərəsindən ataraq intihar etmiş Elina Hacıyeva ilə bağlı məhkəmə də gündəmdədir. İstintaq Elinanın intiharında heç kimi günahkar bilməyərək “özünü öldürmə həddinə çatdırma” maddəsinə xitam verib. Ölümdə ittiham olunan direktor Sevinc Abbasova isə ev dustaqlığındadır.

Təəssüf ki, qonşu ölkələrdə də qadın hüquqları ilə bağlı vəziyyət ürəkaçan deyil. İranda futbol matçına kişi paltarında getdiyi üçün təzyiqlərə məruz qalan Seher Khodayari özünü yandıraraq intihar edib. Türkiyədə ötən il ərzində 440 qadın kişilərin zorakılığı nəticəsində dünyasını dəyişib. 

Bununla yanaşı, statistikaya nəzər saldıqda son illərdə Azərbaycanda boşanmaların sayının xeyli artdığını görə bilərik. Maraqlıdır ki, çox zaman boşanma ailədaxili münaqişələrin sonlanmasına çarə göstərilsə də, bizdə belə olmur. Qadınların boşandıqdan sonra keçmiş ərləri tərəfindən şəxsi və ya ata evlərində, iş yerində öldürüldüyü, zorakılıq və təcavüzə məruz qalmağı da az müşahidə edilmir.  

Günel Hacı



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi