Bakı sakini Sadıq Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşının gecə saatlarında icarəyə götürdüyü obyektə daxil olaraq təmir işlərini dağıtdığını iddia edir.
“Qafqazinfo”ya müraciət edən şikayətçinin sözlərinə görə, o, martın 14-də Salmanov Vəfa Davud oğlu ilə rəsmi icarə müqaviləsi bağlayaraq Nəsimi rayonu Akademik Həsən Əliyev küçəsi 1F ünvanında yerləşən qeyri-yaşayış sahəsini avtoyuma məntəqəsi açmaq məqsədilə icarəyə götürüb.
S.Əliyev bildirir ki, aprelin 8-də gecə saatlarında özlərini icra hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər onun icazəsi olmadan obyektə daxil olaraq təmir işlərini dağıdıblar. Vətəndaşın sözlərinə görə, hadisə nəticəsində ona 39 min manat məbləğində maddi ziyan dəyib: “Həmin şəxslər özlərini Tərlan (icra hakimiyyəti əməkdaşı), Ələsgər (baş memar), Nizami (MKTB idarəsinin rəisi), Nəsir (rəis müavini) və Azad (idarə müdiri) kimi təqdim ediblər.
Söküntü yalnız obyektin daxili hissəsində aparılan bərpa və abadlaşdırma işlərinə aid olub və binanın fasadına heç bir müdaxilə edilməyib. Aparılan qanunsuz söküntü nəticəsində yeni tamamlanmış təmir işləri tam məhv edilib. Guya tikinti aparıram, halbuki sadəcə abadlıq və təmir işləridir. İcra hakimiyyətindən icazə almalıyam?”
Sahibkar əlavə edib ki, bundan başqa, Abşeron və Binəqədi rayonlarında da özəl mülkiyyəti var: “Bu cür işləri dəfələrlə görmüşəm və indiyə qədər məndən heç bir icazə tələb olunmayıb. Bu halı da onlara bildirdim, amma dedilər ki, bura Nəsimidir, Binəqədi və ya Abşeron deyil...”
Şikayətçi müraciətində Azərbaycanın Mülki Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, “Sahibkarlıq fəaliyyəti haqqında” qanun, eləcə də Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək qanunsuz müdaxilə və əmlaka ziyan vurulduğunu qeyd edib.
İddialarla bağlı mövqe öyrənmək məqsədilə Nəsimi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlamışıq.
***
Məsələ ilə bağlı ünvanladığımız sorğuya Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən bir həftə sonra cavab verildi. Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Vaqif Zeynalov cavabda bildirdi:
“Bakı şəhəri, Nəsimi rayonu, 1058-ci məhəllə, Ak. Həsən Əliyev küçəsi 1F ünvanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən Bağırov Şahin Qəzənfər oğlu və Salmanov Vəfa Davud oğlunun paylı mülkiyyətində olmaqla, 0,04685 ha torpaq sahəsində sahəsi 60,4 kv.m. olan qeyri-yaşayış sahəsi qeydiyyata alınıb. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 468,5 kv.m. ümumi torpaq sahəsində 60,4 kv. m. (tikilialtı sahə 77,2 kv.m.) sahəsi olan sex və anbar sahəsi göstərilməklə 04/1672 nömrəli 22.04.2019-cu il tarixli Texniki Pasport tərtib olunmuşdur. Texniki pasportda başqa tikililər qeyd olunmayıb.
Məsələ ilə bağlı yerində baxış keçirilərkən sözügedən sahənin Texniki pasporta uyğun vəziyyətə gətirildiyi müşahidə olunub”.
Lamiyə Məmmədova
Fotolarda: Sözügedən obyekt təmirdən əvvəl
.jpg)
Təmirdən sonra
.jpg)
Dağıdıldıqdan sonra
.jpg)
Son xəbərlər
Son Xəbərlər