Gənclər “Urban Hackathon 2026”da dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim ediblər - Fotolar

gencler-urban-hackathon-2026da-dayaniqli-seher-mobilliyi-ucun-heller-teqdim-edibler
Oxunma sayı: 182

Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində 13-16 mart tarixlərində təşkil olunan “Urban Hackathon 2026: Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” uğurla başa çatıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və SABAH.Hub-ın dəstəyi ilə baş tutub.

Hakaton sürətli urbanizasiya, yol tıxacları, ictimai nəqliyyatın inteqrasiyası və “last-mile” problemləri kimi çağırışlara innovativ və əlverişli həllər təqdim etməyə yönəlib. Tədbirin əsas məqsədi gənclərin yalnız ideya istehsalçısı deyil, həm də şəhərlərin gələcəyini formalaşdıran aktiv iştirakçı kimi çıxış etməsinə nail olmaqdır.

Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən 150-dən çox tələbə iştirak edib, 30-dan artıq komanda 48 saat ərzində layihələr üzərində işləyib. İştirakçılar yaşıl mobillik, multimodal nəqliyyat sistemləri, mikromobillik həlləri və rəqəmsal şəhər platformaları üzrə innovativ yanaşmalar təqdim ediblər.

Hakaton müddətində komandalar şəhərsalma, sahibkarlıq, maliyyə modelləşdirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə ekspert mentorluğu alıblar. Bu, ideyaların real bazar potensialına malik tətbiq oluna bilən həllərə çevrilməsini təmin edib.

Final mərhələsində komandalar layihələrini problemin əsaslandırılması, həll mexanizmi, məhsul və ya xidmət modeli, iqtisadi davamlılıq və sosial təsir meyarları əsasında təqdim ediblər. Münsiflər heyəti innovativ yanaşma və tətbiq potensialı əsasında qalibləri seçib və mükafatlandırıb.

“Urban Hackathon 2026” gənclərin şəhər inkişafında rolunu gücləndirir, WUF13 öncəsi şəhər innovasiyalarının təşviqi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır.