Generalın obyektini sökdülər - Foto

generalin-obyektini-sokduler-foto
Oxunma sayı: 795

Dənizkənarı Milli Parkda hər gün dəyişiklik olur, desək yanılmarıq. Burada hər gün müxtəlif ağaclar əkilir, sonra ya quruyur, ya da çıxarıb başqa yerdə əkirlər. Bulvarın döşəmələrinin bir hissəsi demək olar ki, hər gün sınıb dağılır, əvəzində yeni döşəmələr döşənir.

Bir də baxırsan ki, eyni yerdə yenə təmir aparılır. Bunlar bir yana, bu günlərdə bulvarda daha bir ciddi dəyişiklik baş verib. Belə ki, hamının «Saat qülləsi» kimi tanıdığı ərazidə, qüllənin qarşısındakı «Xəzər-2» restoranı sökülüb. Obyek hazırda tamamilə sökülüb və yerində qazıntı işləri aparılır. Ağır texnikanın işlədiyi bu yerdə yaxın vaxtlarda Bulvar Mühafizə İdarəsinin əməkdaşları üçün ofis tikiləcəyi bildirilir. Əldə etdiyimiz məlumata görə, əslində, bu idarə bulvarın başqa yerlərində də tikilə bilərdi. Lakin məhz həmin yer uzun müddətdir ki, mübahisəli əraziyə çevrilmişdi. Belə ki, Prezidentin köməkçisi Əli Əsədov həmin restoranı ələ keçirmək istəsə də, buna müvəffəq ola bilməyib. Çünki obyekt Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-leytenant Vaqif Axundova məxsus idi. Obyekti V.Axundovun yaxın qohumlarından biri işlədirdi. Bu obyekt bulvarda demək olar ki, ən çox qazanc gətirən restoran idi. Çünki bulvarın mərkəzində yerləşirdi və insanlar bura daha çox toplanırdı. Qiymətlərin də digər obyektlərdən ucuz olması bulvara gələnlərin yolunu bura daha çox salırdı. Ona görə də, bu obyektin üzərində çoxlarının gözü var idi. Bu yaxınlarda Əli Əsədov həmin obyektə sahiblənmək istəsə də, istəyi baş tutmadıqda başqa üsullara əl atıb.

Yeri gəlmişkən, Əli Əsədov Prezident köməkçiləri içərisində ölkə başçısıqa yaxın olan ən sadiq köməkçilərdəndir. O, Dənizkənarı Milli Parka da birbaşa nəzarət edir. Yəni, bulvarda ən xırda bir dəyişiklik belə məhz Əli Əsədovla razılaşdırılır. Bu baxımdan, Əli Əsədovun həmin obyektə göz dikməsi o qədər də təəccüb doğurmur. Amma o da bilir ki, bu gün bulvardakı obyektlərin heç biri sadə vətəndaşlara, adi iş adamlarına məxsus deyil. Buradakı obyektlərin hansına barmaq uzatsan, arxasından ya nazir, ya da hansısa general çıxacaq. Məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Prezidentin şəxsi mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovun yaxın adamlarının burada böyük obyektləri var. Sözügedən «Xəzər-2» restoranı da Vaqif Axundovun idi. Əli Əsədov bu obyekti ələ keçirə bilmədiyini gördükdə restoranın bulvarın görüntüsünü pozması, digər obyektlərin işinə əngəl olması barədə təbliğata başlayaraq yuxarıları buna inandıra bilib. Nəhayət, həmin obyektin sökülməsi barədə razılıq alıb. Obyekt sökülən kimi də mühafiəçilərə ofis tikintisinə start verilib. Hansı ki, bu ofis bulvarın daha yaxşı, yəni əlverişli yerində tikilə bilərdi…

Ruslan