“Geyimi 75 AZN, makiyajı isə pisdir…” - Məşhurlar Səmra haqda

geyimi-75-azn-makiyaji-ise-pisdir
Oxunma sayı: 9174

Ötən gün Səmra Rəhimlinin “Eurovision” səhnəsində ifa edəcəyi mahnı və klipi təqdim olunub.

 “Qafqazinfo”nun məlumatına görə, klip, ifaçının geyimi, saç düzümü və vizajı ukraynalı nümayəndə heyəti tərəfindən həyata keçirilib.

Məlumat üçün bildirək ki, Azərbaycan ifaçının stili ilə bağlı müsabiqə zamanı daha çox əcnəbilərə etibar edərək onların təcrübəsindən yararlanıb.

Bəs görəsən, Səmra Rəhimlini yerli peşəkarlar makiyajını və saç düzümünü reallaşdırsa neçəyə başa gələr?

Modelyer Leyla Əhmədova “Qafqazinfo”ya açıqlamasında Səmranın sözügedən geyimini 300 manata tikə biləcəyini deyib:

“Sadə bir geyimdir. Əgər 10 ballıq sistemlə qiymətləndirilirsə, mən 3 verərəm. Əcnəbi modelyerlərə sərvət ödəyirlər. Ancaq bizə müraciət etmirlər. Azərbaycanda güclü modelyerlər var. Bu geyimi mən maksimum 300 manata tikə bilərəm”.

Vizajist Tünzalə açıqlamasında vizaj işində qüsurların olduğunu söyləyib:

“Burun korreksiyası olunmayıb, xanımın burnu enlidir. Sadə makiyajdır. Əcnəbi vizajistlər sadəliyi sevirlər, qızı heç dəyişdirməyiblər. Gözün ətrafını elə etməli idilər ki, daha aydın və qabarıq görsənsin. Səmra xanıma komanda şəklində xidmət edəcəyiksə və klip çəkilişində daim orada olacağıqsa,qiymət dəyişir. Təxmini olaraq 500-600 manat xərci var. Ancaq fərdi şəxsin mağazaya gələrək vizaj etdirməsinin buna aidiyyatı yoxdur, o zaman qiymət daha aşağı olur”.

Vizajist Nigar İbrahimova makiyajda qüsurun olmadığını bildirib:

“Soft makiyajdır, kamera və işıq üçün nəzərdə tutulub. Keçən və bu ilin aktual trendi olan makiyajdan istifadə olunub. Nə çətin, nə də qəliz tonlardan istifadə olunmayıb. Bu vizaj təxminən bizim məkanda 70-80 AZN-ə başa gəlir”.

 

Dəb məsləhətçisi Elnarə Bəkirova bu tipli geyimlərin 75 AZN təşkil etdiyini vurğulayıb:

“Sadə bir geyimdir. Bu tərz geyimlərin markası və istifadə olunan parçadan çox şey asılıdır. Əgər həmin geyim adi “streç” parçadandırsa, 70 manat, keyfiyyətlidirsə, 120 AZN-dir. Bizim butikdə qiymətlər belədir”.

Saç ustası Nərmin İbrahimova isə bu saç düzümün 200 manata başa gələcəyini deyib:

“Çox sadə bir saç modelidir. Xanımlar gündəlik yaşam tərzlərində, hətta evdar xanımlar belə bu saç düzümündən istifadə edir. Qiyməti stilistin marka kimi tanınmasından asılıdır, qiyməti 200 manatdır”.