“Hakimiyyət fərqli imic qazana bilərdi” – - Arif Hacılı

hakimiyyet-ferqli-imic-qazana-bilerdi-
Oxunma sayı: 1996


“Qafqazinfo” xəbər verir ki, A. Hacılı bildirib ki, Avropa Şərq Tərəfdalığı perspektivi mövzusunda keçirilən bu tədbirdə bu proqrama daxil olan 6 ölkənin nümayəndələri iştirak edib: “Mən çıxışlarımda ölkədəki siyasi vəziyyət, siyasi məhbuslarla bağlı vəziyyət, Qarabağ probleminin həlli yolları barədə ətraflı məlumat verdim. Azərbaycandan yalnız Müsavat Partiyası tədbirdə təmsil olunurdu. Eyni zamanda Müsavat Partiyasının bir sıra partiyalarla əməkdaşlıq müttəfiq münasibətlərinin qurulması üçün müzakirələr apardıq. 

Səfərimizin uğurlu olduğunu hesab edirəm. Orada edilən məruzələrdə Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğal altında olması birmənalı olaraq qəbul edilmirdi. Mən isə çıxışımda bildirdim ki, bu Luqans, Donetsk kimi münaqişələrlə eyni mahiyyət daşıyır və Rusiya tərəfindən törədilib. Hazırda Ermənistanın Rusiyaya açıq şəkildə meyillənməsi, Avrasiya ittifaqına qoşulmasından Azərbaycan hakimiyyəti öz mənafeləri naminə faydalana bilər. Ermənistanın Rusiya ilə hərəkət etdiyi dünya ictimaiyyətinə çatdırılmalıdır. 

Biz bu Avropa Oyunlarından turist axınına görə gəlir əldə edə bilərdik. Amma bütün idmançıların xərcləri hakimiyyət tərəfindən ödənilib. Avropa Oyunları kontekstində ölkənin nüfuzuna zərər vurdu. Bu dövrdə hakimiyyət siyasi məhbusları azad etməklə daha fərqli imic qazana bilərdi. Hesab edirəm ki, hələ gec deyil. Qarşıdan ordu günü gəlir , siyasi məhbusların əfv edilməsi mümkündür. Belə olan halda, aparıcı mətbuat orqanlarında bu mövzu işıqlanacaq”.

***

A. Hacılı saxta mühacir skandalından danışıb. Qeyd edib ki, saxta vəsiqə məsələsini partiya aşkarlayaraq ictimailəşdirib: “Biz bu bəyanatda konkret faktlarla çıxış etmişik. Bu işlərlə məşğul olanlar bundan narahat oldular. Partiyanın üzərinə əks-hücuma keçdilər. Avropanın bir sıra ölkələrində partiyanın ciddi dayaqlarının olması oponentlərimizi narahat edir. Biz istər Avropa məhkəməsinə, istərsə yerli məhkəmlərə bu məsələ barədə müraciət edəcəyik. Avropada mühacirlərlə görüşdük. Müsavat Partiyasının İcra Aparatında Yusif Tağı mühacirlərlə iş üzrə mərkəzin rəhbəri təyin olunub”.

***

Arif Hacılı eyni zamanda qarşıdan gələn parlament seçkilərində partiyanın iştirakı ilə bağlı da açıqlama verib. O qeyd edib ki, hazırda partiyanın 80-ə yaxın namizədi müəyyənləşib: “ Amma onların namizədliyinin təsdiqi məsələsi ola bilsin ki, iyul ayının 4-də keçirilən Məclisdə deyil, növbəti Məclisdə təsdiqlənsin. Seçkilərdə namizəd olmağıma gəlincə isə, yəqin ki,  partiya başqanı olaraq hansısa dairədən namizədliyimi verəcəm. Bir sıra dairələrdən mənə və İsa Qəmbərə namizədliyi verməklə bağlı təkliflər var”.

Günel Türksoy