Muğla
Türkiyənin Muğla ərazisi dedikdə ilk öncə ağıla Bodrum gəlir. Amma bu vilayət yanız Bodrum gözəllikləri ilə kifayətlənmir. Marmaris, Milas, Dalaman, Ortaca, Fəthiyə, Datça kimi turistik bölgələr Muğla ərazisinə daxildir. Muğla dəniz turizminə görə Türkiyədə ilk yerdədir. 1200 km-lik məsafədə dəniz sahili olan Muğlaya il ərzində 7 milyonadək turist gəlir. Buranın yerli əhalisi isə cəmi 830 min nəfərdir. Muğla 3200 oteli və 250 minlik yataq yeri ilə Türkiyənin ən öndə gələn turizm vilayətidir. Muğla marinaların (buxta – red.) sayına görə də Türkiyədə ilk yerdədir. Belə ki, Türkiyənin 51 marinasından 30-u Muğlanın payına düşür. Karia, Fars, Roma, Bizans, Osmanlı kimi müxtəlif mədəniyyətlərin izlərini daşıyan bu əfsanəvi bölgəni yaxından tanıyaq.
Bəhs etdiyimiz Muğla vilayətinə daxil olan bölgələr arasında isə Azərbaycanda ən çox Bodrum tanınır. Bu möcüzəli yerləri daha da yaxından tanımaq üçün Türkiyənin Muğla vilayətinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtım Müşavirliyi tərəfindən azərbaycanlı jurnalistlər üçün tur təşkil edilib. Tur çərçivəsində media işçiləri ilk öncə Muğlanın vali Mustafa Hakan Güvençeri ilə görüşdük. Maraqlı keçən söhbət zamanı vali Güvençer söylədi ki, Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi və mədəni münasibətlərin çox güclü olduğunu dedi: “Azərbaycan və Türkiyə arasında olan bu bağlılığın və dostluğun bu cür ziyarətlərlə daha çox bərkiyəcəyini düşünürəm. Sizin proqramın istiqamətində 5 gün kimi qısa bir müddətdə yörəmizin gözəlliklərini daha yaxından görmə şansı əldə edəcəksiniz. Bu səfərin həm qarşılıqlı əlaqələrin, həm də turizmin daha çox inkişafı üçün faydalı olacağını ümid edirəm”.
Daha sonra sadaladığımız bu möcüzəli yerlərin seyrinə çıxdıq. İlk gəzəcəyimiz yer də elə Muğla oldu. Sakit və tarix iyi vərən bu şəhər keçmişdən xəbər verən küçələri, “quzum” qapıları və 28 kirəmitdən olan bacaları ilə məşhurdur. Muğlada küləklə qarışan yağışın hər istiqamətdən yağması səbəbindən bu 28 kirəmitdən bacalar hazırlanıb. Bacaların 4 tərəfdən açıq olması sobaların tutulmasının qarşısını alır. Muğla sosial mədəniyyətin dəyərini bilən bir yerdi.
Bu şəhərdə xüsusi ilə “Zahirə” bazarı hər gələn xarici qonağın marağında olan bir yerdi. Bu bazarda keçmişə aid hər bir əşyaya rast gəlmək olar. Muğladan danışdıqda Muğla muzeyindən söz açmadan olmaz. Bu muzeydə 5-9 milyon il əvvəl yaşamış dinozavrların sümükləri sərgilənir. Muzeyin ayrı bir bölməsində türkçülüyə və etnoqrafiyaya aid olan geyimlər və əşyalar da nümayiş olunur. Bir sözlə Muğlaya gedən hər kəs Muğla köftəsini dadmadan dönməsin. Dadı ilə fərqli olan bu köftələr Muğlada yerləşən hər bir restoranda özünəməxsus şəkildə qədim adət-ənənə ilə müştərilərə təklif olunur.
Bodrum
Bodrumun gözəlliklərindən danışmaqla bitməz. 4 min illik mədəniyyəti ilə dəniz və sevgi iyi vərən bu şəhərdə yalnız ağ rəngə boyanmış evlərə rast gəlmək təsadüfü deyil. Evlərin ağ rəngə boyanmasının səbəbi yay aylarında havanın çox isti olması ilə əlaqəlidir. Sakinlər evləri onun üçün bəyaza boyayırlar ki, evləri sərin saxlasın, bununla yanaşı Bodruma gözəl bir mənzərə bəxş etsin. Bodrumda 3-4 mərtəbədən hündür binaya rast gəlmək mümkün deyil. Bodrumda maraqlı bir məqam da odur ki, hər evin bacasında Türkiyənin bayrağı asılıb.
Məşhur Bodrum qalasından söz açaq. Saint Jean qalası kimi də tanınan bu qala 3 tərəfi dənizlə əhatələnən qayalıq yarımada üzərində salınıb. Qala 1406-cı ildə Saint Jean cəngavərləri tərəfindən tikilməyə başlayıb. 99 ilə tikilən qalada hazırda Fransız, İtalyan, İngilis, Alman və İlanlı qalalar mövcuddur. Osmanlı dönəmində zindan kimi də istifadə olunan qala bu gün turistlərin ziyarət edir. Hazırda bu qalada Türkiyənin ilk sualtı muzeyi olan Bodrum Sualtı Arxeologiya Muzeyi yerləşir. Muzeydə e.ə. 14-cü əsr bizim eranın 11-ci əsrinə qədərki dövrə aid suyun altından çıxarılan arxeoloji nümunələr, şüşə pullar, ətir qabları, şüşədən olan zinət əşyaları, qədim gəmi maketi və s. saxlanır. Bunların içərisində ən məşhuru İngilis qalasıdır. Burada türk bayrağının keçdiyi inkişaf yollarını da seyr etmək olar. Türk bayraqları ilə bəzədilən qalada rəsmi ziyafətlərdə keçirtmək mümkündür.
Bir çoxları Bodrumu əbədi maviliklər ölkəsi adlandırır. Mavi dəniz, yaşıl ağaclar, bəyaz evlər və qırmızı bayraqla bu şəhəri sanki sehirli bir aləmə çevirir. Bələdçimiz Ayser Özbulutla yollandıq ilk öncə dünyanın 7 möcüzəsi olan açıq havada yerləşən Mausoleion muzeyinə. Bu muzey Bodrumun önəmli tarixi bir yerdir. Adı gedən muzeydə Karya kralı Mansolosiun məzarı yer alır. Onun həyat yoldaşı üçün tikdirdiyi ev də elə orda yerləşir. Amma Karya kralı Mansolosiun həyat yoldaşı üçün tikdirdiyi ev zəlzələ nəticəsində dağılıb. Ortada yalnız daşları qalan bu ev dünyanın 7 möcüzəsindən biri hesab olunur.
Bodrumda məşhur bir abidə də Mausolosun dövrünə aid antik teatrdır. Bərpa işləri aparılan teatr 13 min insan tutumuna malikdir. Burada zaman- zaman konsertlərdə təşkil olunur.
Bodrumda xüsusilə türk olan hər kəs üçün əziz olan bir yerdə var ki, o da ölməz sənətkar Zəki Mürənin ev muzeyidir. Zəki Mürənin ev müzeyində olmaq başqa bir duyğudur. Zəki Mürən 6 dekadr 1931-ci Bodrumdan anadan olub. Hər zaman qazandığı pulları xeyriyyə məqsədi ilə istifadə edən Mürənin xatirəsi Bodrum insanı üçün başqa cür əzizdir. 2000-ci oldə Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə sənətkarın evi muzeyə çevrilib. İldə 50-60 min insan bu müzeyi ziyarət edir. Sənətkarın ev muzeyinə girəndə onun ifasında eşidilən mahnılar, şəxsi əşyaları, səhnədə geyindiyi qeyri- adi kostyumları, gənc yaşlarından başlayaraq çəkdirdiyi fotoları, çəhrayı rəngdə olan maşınına baxdıqca Mürənin yaşam tərzi insanın gözündə sanki bir film kimi canlanır.
Bodrum həm də gecə həyatı ilə məşhurdu. Burda səhərə qədər əylənmək mümkündür. Burda barlarda və klublarda turistlər və yerli camaat səhərə qədər musiqi sədaları altında əylənir. Elə Bodrumun əvvəlki adı da Halikarnasosdur. Yerli əhali bu gün də şəhəri bu cür adlandırır. Onu da deyək ki, əsl adı Cavad Şakir olan bu insan Halikarnas balıqçısı kimi ad alıb. Bodrumun Homeri də adlandırılan Cavad Şakir 3 il burada sürgünlük həyatı yaşayıb, amma sürgünü bitdikdən sonra da mavi cənnət Bodruma olan sevgisi səbəbindən bu yerləri tərk edib gedə bilməyib.
Bodruma getdiyinizdə Gümüşlüyə getmədən olmaz deyərdim. Türkiyədə “yakamoz” adlanan ayın suya düşdüyü anı əks etdirən Gümüşlük kiçik bir balıqçı qəsəbəsidir. Buranı gəzdiyində hər restoranın önündə duran ofisiantlar insanlar balıq növlərini sayaraq dadmağı təklif edirlər. Qabaqdan hazırlanan fənərlər də Gümüşlük qəsəbəsindədir. Onu da deyək ki, Gümüşlük qəsəbəsi məşhur Dovşan adasıyla üzbəüz ərazidə yerləşir. Bu adaya insanlar su üzərində yeriyərək gedirlər.
Marmaris
Türkiyənin ən çox tanınan turistik yerlərindən biri də Marmarisdir. Bu şəhər tarixdə Physkos adı ilə tanınıb. Marmaris körfəzinin sahilində Adaköy onun qarşısında Bədir adası, Keçi adası və Göyərçin adası fərqli bir gözəllik verir şəhərə. Dənizlə inteqrasiya, şam meşələri, dörd tərəfini əhatə edən Milli parkıyla, mavi çimərlikləri ilə Marmaris Aralıq dənizinin və Türkiyə turizminin əhəmiyyətli yerlərindən biridir.
Şəhərin ən köhnə qismi isə dənizə doğru uzanmış bir təpə üzərinə qurulan “Qala” məhəlləsidir. Türkiyə cümhuriyyətinin yarandığı dövrlərdən ötən əsrin 80-ci illərinə qədər kiçik bir qəsəbə olan Marmaris son 15 ildə Türkiyənin turizm mərkəzlərindən birinə çevrilib. Marmaris İçmeler çimərliyi turistlərin ən sevdiyi yerlərdən biridir. Burda idman növləri üçün hər cür şəraiti, əyləncə vasitələri var. Türkiyənin ən gözəl nöqtəsindən biri olan Gökova körfəzi sahillərində gəzişmək yerinə düşər. Kedrai antik şəhəri və dünyada məşhur olan Kleopatra çimərliyi ilə tanınan “Sedir” adası onun tam qarşısında Çamlı köyü, bir az yaxında Boncuk köyü burda görülməsi gərəkən yerlərdən biridir.
Marmarisin gözəlliklərini, gəzməli- görməli yerlərindən yazmaqla danışmaqla bitməz. Burda xüsusi ilə “Cettia” otelinin bir başqa yeri var. Maraqlı olan bir şey də var ki, bu otelin baş müdürü Azərbaycandan olan Aydın Məhəmmədoğludur. Aydın bəy 18 yaşından Marmarisdə yaşayır. O, Mamarisdən danışarkən buranın insanlarını, şəhərin gözəlliklərini bu cür şərh etdi: “18 yaşlarımdan burda yaşayıram. Azərbaycanı çox sevirəm, buranı da çox sevirəm. Marmarisdə həyat tam başqadır. Buranın insanlarının qonaqpərvərliklərini anlatmaqla bitməz. Yay aylarında çox gərgin işləyirik. Amma burda olmaqdan, çalışmaqdan çox məmnunam. Azərbaycandan mənim çalışdığım “Cettia” otelə qonaqlar gəlir. Mən azərbaycanlıları burda görəndə çox şad oluram. Mənim ailəm Azərbaycanda yaşayır. İşimin gərgin olması səbəbindən çoxdandır onları ziyarət etmirəm. Yaxın zamanda yəqin ki, gələrəm ölkəmə”.
Fəthiyə
Fəthiyə şəhərinə nağıllar aləmi desək, yanılmarıq. Türkiyənin bir çox turistik yerləri ölkəmizdə tanınsa da Fəthiyə nədənsə çox az tanınması qəribədir. Sehrlərlə dolu olan bu şəhər miladdan öncə 5-ci yüzillikdə qurulduğu düşünülür. Fəthiyə turizm sahəsində ötən əsrin 80-ci illərindən başlayaraq inkişaf edib. Sahəsinə görə 3.059 km ² olan Fəthiyə Muğlaya daxil olan ən geniş ərazisidir.
Bu şəhərdə yaz aylarında isti və quru, qışda isə ilıq və yağışlı olduğu Aralıq dənizi iqlimi hökm sürür. Fəthiyə həm də dünyanın ən çox yamac paraşütü sahəsində atlanan yerdir. Ötən il burada 62 min insan yamac paraşütü ilə atılıb. 1900 metr hündürlükdəki Babadağdan atlayan 110 pilot gün ərzində uçuşlar edir. Paraşütdən atlamağın qiyməti isə 150 türk lirəsidir. Əvvəllər Meğri adlanan Fəthiyə bugünkü adını 1934-cü ildə şəhid olan pilot Fethi bəyin xatirəsinə adlanıb. Metrlərcə yüksəklikdə qaya parçaları üzərində düzülmüş görkəmli qaya məzarların və tarixi mənzərələr sanki açıq havada olan bir muzeyi xatırladır, şəhərə başqa bir gözəllik verir. Fəthiyədə bir günlük gəmi turuna çıxmağın öz gözəlliyi var. Burda Dalyan çayında çıxdığınız gəmi turunda yol boyunca maraqlı sürprizlərlə qarşılaşmanız mümkündür. Məsələn, yekə tısbağalara rast gəlmək olar. Ölü dənizi kənarında olan çimərliklər, hər addımında tarix iyi verən yaşıllıq macəra dolu Fəthiyəyə getməmək həyatda nələrisə qaçırmaq deməkdir. Bu şəhərdə insanlar hər axşam dəniz kənarına gedib günəşin batmasının seyr edilər. Fəthiyədə günəşin dənizə bərq vurması izlənməsi çox məşhurdur.
Onu da deyim ki, xaricdən gələn qonaqlar üçün Fəthiyəyə gəlmək heç də çətin deyil. Çünki şəhərin tam yaxınında ATM-Dalaman hava limanı fəaliyyət göstərir. Fəthiyədə olarkən bu insaların qonaqpərvərliyi, qonağa olan qayğısı bizi başqa cür heyran etdi.
Dalaman hava limanının baş müdürü Hamdi Güvenç bizimlə iki dəfə görüşərək Azərbaycandan yeni qayıtdığını və o torpaqlara heyran qaldığını da dilə gətirdi: “Mən Azərbaycanda idim bu yaxınlarda, tez-tez Azərbaycana gəlirəm. Eşitdim ki, Azərbaycandan bir qrup jurnalist Muğlaya gəlib və dedim mən mütləq onlarla görüşməliyəm. Azərbaycan və Türkiyə arasında heç bir fərq görmürəm . Dinimiz, dilimiz, adət-ənənələrimiz bir. Türkiyəyə gəlib dincələn heç bir azərbaycanlı özünü burda yad hiss etməz deyə düşünürəm. Mən Azərbaycanda olarkən bir çox yerləri gəzdim, telekanallarda qonaq oldum. Mənə Bakıda olmaq çox xoş idi. Ora doymadan döndüm bura”.
Sonda demək istədiyim Muğla vilayətinə daxil olan bu ərazilərin möhtəşəmliyi yazılarla bitməz, hər kəsə o torpaqlara gedib görməyi arzu edirəm.
Aynur Babasoy