Bir gün dinimi dəyişəsi olsam, yəqin ki, suyu seçərəm. İndi suya, çaylara, dənizlərə daha çox inanıram. Mənim 33 yaşım var, hələ indi başa düşürəm ki, dünyanın möhtəşəm şəhərlərinin sirri sularda, çaylarda imiş. İndi bilmişəm ki, Sena çayı coğrafi cəhətdən Fransa ərazisindən deyil, Azərbaycandan keçsəydi, deməli, Bakının yerində Paris olacaqdı. Necə sadə məntiq imiş… Təsəvvür edin ki, dünyanın bütün möcüzələrinin suya borcu var. Ermitajın Nevaya, Eyfelin Senaya, Piramidaların Nilə… Mən bu primitiv düşüncələrimlə Sena üzərindəki saysız-hesabsız körpülərdən keçib Parisi gəzərkən düşünürdüm. Öz içimdə heç olmasa Kürün niyə Bakını cəmi bircə dəfə ikiyə bölməməsindən təəssüflənirdim. Yadıma Araza qoşulan qarğış bayatıları düşürdü. Görəsən, biz niyə Azərbaycanın ortasından keçdiyinə görə bu çaya qarğışlar yağdırmışıq? Ölkənin ikiyə bölünməyini çayın üstünə atmışıq ki, biz. Suya da böhtan atan adamlarıq...
Bələdçimiz azərbaycanlı jurnalist idi, hansı binanın yanından keçirdiksə eyvanlardakı dəmir sürahiləri, barmaqlıqları göstərib deyirdi ki, bunlarda kiçik bir dəyişiklik eləmək üçün Parisin Hacıbalasından mütləq icazə almaq lazımdır. Bizlərdən kimsə tez Bakı merinin əməllərindən birini açıqladı, hamımız uğunub getdik. Akif deyir ki, şəhərin mərkəzində olan evinin fasadına üzlük daşlar döşəyiblər. Aparılan təmir-bərpa işləri elə xarakter alıb ki, girib mənzillərin içini də qoparıb töküblər ki, bəs iş görürük. Binanın çölünü gülbağ daşları ilə bəzəyəndən sonra içini də elə uçuq-sökük qoyub gediblər. Yəni tarixi əhəmiyyət qalıb yarımçıq. Dostumuzla Parisin küçələrini gəzib Bakı merinin əməllərini müzakirə eləmək istəmirdim. Mübahisəni kəsdim, amma haradansa yadıma səhv etmirəmsə hələ tələbə olanda oxuduğum Aqil Abbasın “Ədalət”də yazdığı bir atmaca düşdü. Deyəsən, o vaxt Aqil müəllim Parisin yeni merinin gey olduğunu yazmış və lağa qoymuşdu bunu… Təsəvvür eləyin ki, indi Bakıdan durub Parisə gələn jurnalistə həmin şəhərin “qoluboy” merinin kişiliyindən danışırdılar. Gülmək məni tutdu, ucadan dedim ki, kaş adamın meri gey ola, amma şəhəri kişi kimi qoruya…
Açığı mən qarşısında ilin bütün fəsillərində həmişə növbə olan nə Luvr, nə Eyfel, nə də ki, onlarla başqa möcüzələr haqqında yazmaq istəmirəm. Zatən bu abidələrin qaşısında bütün bəşəriyyət növbədədir, elə növbədə də olacaqlar. Mən məsələn yaxşı rəssam olsaydım bu dünya incilərinin qarşısındakı növbəyə duran adamlarla bir yerdə portretini çəkərdim. Parisin bütün küçələri Bakının İçəri şəhəridir. Bir şəhərin ki, bütün binalarının tarixi ola, bir şəhərin ki, hər küçəsinin özü muzey ola, durub burada Eyfelden dastan açmağı mənasız görürəm.

Ancaq Luvr haqqında daha doğrusu, muzeyə girişdə inşa edilən rumb kimi qurğu haqqında danışmaq istəyirəm. Bu Koroğlu, İçərişəhər metrolarının üstündə quraşdırılan şüşə qurğunun eynisidir. Bakıda dostlar bir iki dəfə həmin qurğuları göstərib saxtakarlıqla ah çəkərək bu qurğuların masonluğun rəmzi olduğunu deyiblər. Ay aman, guya masonlar Bakıda öz işarələrini, gerblərini həkk edirlər. Belə idisə bəs Luvrdakı nədir? Boş şeydir, o şüşə bəndlər massonluğun işarəsi ola bilməz. Yəqin, Parisin lağa qoyduğumuz gey meri buna icazə verməz.
Geydən söz düşmüşkən, mən Bakıda olanda Paris haqqında çoxlu uydurulmuş əfsanələr eşitmişdim. Onlaradan ən sonuncusunu bir neçə gün əvvəl Parisə gedəcəyimi eşidən dostum danışmışdı. Axı Bakıda belə bir söhbət gəzir ki, guya Parisdə fahişələr küçəyə düzülür. Get istədiyin qızı götür, eləcə küçədə "işini" gör, yəni rahat ol və kef elə… Bu dostum da mənə dedi ki, elə bir işin olsa dili bilməməyindən narahat olma. Eləcə “qood Madam, qood Madam” de kifayətdir. Açığı az qala bir həftə Parisdə olduğum müddətdə bütün şəhəri öz içimdə “qood Madam” sözünü təkrar eləyə-eləyə gəzdim, amma bircə nəfər də qeyri-ciddi fransız xanım qarşıma çıxmadı ki, ona bu sözü deyim. Heç təbiət qoyur ki, fransız qadını qeyri-ciddi geyinsin… Parisdə hər saat yağış yağa bilər və buna görə də sən əyninə örtülü paltar geyinməli, qolunun üstünə bir üstü geyimi atmalısan. Təkcə cəmiyyət deyil, gərək təbiət də insanları tərbiyə eləsin. Bu mənada insan tərbiyəsiziliyinə görə təbitətdə günah axtaranlar bir qədər haqlıdırlar.

Bayaq dediyim kimi bütün küçələrində az qala növbə olan Parisdə mənim diqqətimi cəmi iki adam çəkdi. Daha doğrusu bizim adam hesab eləmədiyimiz bomj. İnanın ki, Parisdə nə Notredam, nə də Napaleonun mənim tükümü tərpətmədi. Eləcə bu başdan girib, o başdan çıxdım. Cəmi üç şeyə bütün ruhum silkələndi. Onlardan biri səhv etmirəmsə 95 saylı avtobusun trafaretinin üstündə Bastiliya sözünü oxuyanda oldu. Təsəvvür elə ki, işdən çıxıb evə gedirsən, küçədə durub gözlədiyin avtobusun üstündə Zabrat əvəzinə Bastiliya yazılıb. Üstünə Bastiliya, Zəfər Tağı yazılan avtobusla, həmin avtobusun sürücüsü ilə, üstünə Montin, Keşlə yazılan avtbusun, onun sürücüsünü müqayisə etmək, paralellər aparmaq dəhşətli bir hissdir.
Hə bir də o iki bomj. Bomjlardan birini küçədə əlində zibil yeşiklərindən çıxartdığı sellofon torbalarla hərəkət eləyən yerdə gördüm. Parisi bomj görkəmindən elə bizm bomjlara oxşayırdı. Ancaq onun başına az qala minə qədər göyərçin toplaşmışdı. Bomj küçədə əlindəki sellofon torbaları sürüyüə-sürüyə gedir, göyərçinlər də onun başının üstündə uçur, çiyinlərinə qonur, əlindəki torbaları dimdikləyirdilər. Bomj gah göyərçinlərin əhatəsində görünməz olur, gah da şəstlə addımlayaraq öz göyərçin ordusunu ardınca aparırdı. Lənət şeytana. Bu da Parisin Bomju. Qoy onu müqayisə eləməyim.

İkinci Bomj da yatmışdı. Biz Senanın üstündəki səhv etmirəmsə Aleksandr körpüsündən keçib Nopoleonun toplarına baxmağa gedəndə qarşıma çıxdı. Kürəyini Burbonlar Sarayına söykəyib xoruldayırdı. Az qala on dəfə dönüb Bomja baxdım. Bu necə arxayın və rahat yatmışdı. Biz heç evimizdə belə xoşbəxt yata bilmirik. Dostuma dedim ki, bu bomj belə xoşbəxt xorultunun enerjisini Burbonlar Sarayından alır. Hə, məni heyrətləndirən bu üçüncü Paris hadisəsi haqqında indi də düşünürəm. Allah səni Bomj yarada, ancaq heç olmasa elə yerdə ki, kürəyini möhtəşəm tarixə söykəyib yata biləsən. Hansısa ölkədən gələn jurnalist sənə qayıdıb on dəfə baxa, yanında durub şəkil çəkdirə…
Parisdə olduğum beş gündə bircə dəfə facebookda “Eh Paris, Paris, Ah İstanbul, İstanbul, Can Bakı” sözləri yazıb paylaşım elədim. Mənimlə eyni vaxtda ilk dəfə Avropaya səfər etmiş jurnalist dostum Anar isə hər beş dəqiqədən bir Praqa təəssüratlarını facebookda paylaşırdı. Ancaq nə parisli fotolarımı, nə Paris düşüncələrimi yazacaq halda deyildim.
Səfərimizin sonuncu günü Parisdən doymuşdum. Ümumiyyətlə mən öz paytaxtıma qayıtmaq istəyirdim. Son bir ildə hara səfər etmişəmsə, iki gün sonra az qala gəlib hava limanında oturmuşam. Bu mənim təkcə Bakıya bağlılığımdan deyil, o şəhərlərin böyüklüyündən, etinasızlığındandır. Axı necə ola bilər ki, bir şəhərdə adamlar bir-birlərinə baxmadan, az qala qaça-qaça gedələr, səninlə göz-gözə gəlmək istəməyələr, mindiyin maşına, geyindiyin paltara baxmaq istəməyələr? Veclərinə olmaya ki, sənin kefin var, ya yox? Mənim şəhərim sənə hər addımda müdaxilə eləsə də, onsuz heç yerdə qala bilmərəm. Hətta Parisdə belə.

Parisdən qayıdanda əlimə qələmi götürüb az qala 20 ildir içimdə gəzdirdiyim “baş götürüb bu ölkədən Avropaya gedəcəm” arzumun da üstündən xətt çəkdim. Beş saatlıq Paris-Bakı reysi ilə təkcə təyyarə yox, elə mən də uçurdum. Bəlkə də məsafə ona görə belə qısa göründü, bir göz qırpımında gəlib keçdi. Yol boyu içimdə Avropanı öldürməklə məşğul idim. Təyyarədən düşüb pasport keçidi məntəqəsinə yaxınlaşanda növbətçi xanımın üzünə darıxdığımı ifadə edən təbəssümlə gülümsədim də. o da “xoş gəldin” təbəssümü ilə cavab verib pasportuma ölkəyə giriş möhürünü vurdu. Az qala uça-uça bayıra çıxacaqdım. Qarşıma hava limanının salonlarında qaynaşan dörd-beş taksi sürücüsü kəsdi:
- Qardaş hara?
- Zabrata.
- Otur gedək də.
- Neçəyə aparırsız?
- Nə verərsən, verərsən…
Bu sözü eşidən kimi “vay sizin südünüzü”-deyib tüpürdüm yerə. Baxmayaraq ki, Parisdə olduğum beş gün ərzində yerə tüpürməyin böyük mədəniyyətsizlik olduğu haqda bələdçimiz tərəfindən xəbərdarlıq almış, açığı yerə tüpürməyə bir səbəb də görməmişdim. İndi bu taksi sürücüsü məni necə ayıltdısa, Bakıya ayağımı basan kimi tüpürdüm.

Onların birindən konkret qiyməti öyrənib maşına oturdum. Yol boyu “nə verərsən, verərsən”in neçə manat elədiyini hesablamağa çalışdım. İstədim evə çatan kimi Ziya Məmmədova belə bir teleqram vurum ki, ay Fransanın nazirlərini “qoluboy” olduğuna görə ələ salan mənim kişi nazirim, o boyda Parisdə bütün taksilərə taksometr quraşdırılıb. Nə qədər yol gedirsən çıxardıb pulunu ödəyirsən. Day sənin badımcanın kimi milli “nə verərsən, verərsən” taksometri ilə işləmir.
Mən bu reportajı Bakıdan ötrü darıxdığımı yazmaqla bitirmək istəyirdim. Təəssüf ki, bunlar heç olmasa reportajda adama öz ölkəsindən ötrü darıxmağa imkan vermirlər…
Elbrus Ərud