Kiyevdə keçiddə qalan tələbələrimizin yeri dəyişdirildi - Rəsmi

kiyevde-kecidde-qalan-telebelerimizin-yeri-deyisdirildi
Oxunma sayı: 4201

Ukraynanın paytaxtı Kiyevdə yeraltı keçiddə qalan 9 azərbaycanlı tələbənin yeri dəyişdirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin tələbələr sığındıqları yeraltı dayanacaqdan başqa bir yeraltı bunkerə aparılıblar. Onların ilk qaldıqları yerdə yemək olmadığı üçün sosial şəbəkələrdə müraciətləri yayılmışdı. Məlumata görə, hazırda sığındıqları bunker ərzaqla təmin olunsa da, orada yatmağa yerləri yoxdur.

Həmçinin oxuyun: Azərbaycanlı tələbələr Kiyevdə yeraltı keçiddə qalıb

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin tələbələrlə mütəmadi olaraq əlaqə saxlayır: “Onların ilk sığınacağa yerləşdiyi vaxtdan əlaqədəyik. Təhlükəsizliyə görə öncədən tələbələrə yerlərini dəyişməmək tövsiyə olundu. Daha sonra onlar başqa bir sığınacağa keçiblər.

Hazırda olduqları yer daha əvvəlkinə nisbətən yaxşıdır. Amma saxlandıqları zirzəmidə internet olmadığı üçün qısa müddətliyinə küçəyə çıxdılar, biz onlarla görüntülü danışdıq, daha sonra yenidən sığınacağa qayıtdılar.

Tələbələrin Ukraynadan təxliyə edilməsi planı var. İlk fürsətdə onlar başqa bir ölkəyə aparılacaqlar”

Qeyd edək ki, təxliyə prosesi Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Ukraynanın Azərbaycandakı fəxri konsulu Mehrəli Qasımovun dəstəyi ilə həyata keçirilir.

Murad Əhməd

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə dərc olunub.