“Mən necə AİDS-li oldum?”- Ana olmaq istəyirəm amma...

men-nece-aids-li-oldum-ana-olmaq-isteyirem-amma
Oxunma sayı: 1983

Bu gün Beynəlxalq AİDS-lə mübarizə günüdür. Azərbaycanda da AİDS-QİÇS(qazanılmış immunçatışmazlığı sindromu)xəstəliyi dünyada olduğu kimi ildən-ilə irəliləyir. Hər il yüzlərlə insan HİV virusuna yoluxur, ölür. Bu yoluxma xəstəlik barədə kifayət qədər təbliğat işinin aparılmaması, eləcə də insanların özlərinin məsuliyyətsizliyi üzündən baş verir.

Haqqında danışacağım insan təxminən bir il əvvəl HİV virusuna yoluxmuş 32 yaşlı Aida (şərti ad) xanımdır. Bu xanımla Lənkəranda təsadüf nəticəsində qarşılaşmışdım. Xanımın AİDS-li xəstə olduğunu eşidəndə çox təəssüfləndim, həm də onun bunu dilə gətirdiyinə görə cəsarətinə(hər kəsə də etiraf etmir) təəccüb etdim. Azərbaycanda xəstəliyi daşıyan qadınların çoxu həyat yoldaşının (xəstəliyin əsas daşıyıcıları 70%-dən çoxu kişilərdir) qurbanına çevrilmiş insanlardır, onlardan biri də bu xanımdır. Belə insanlar bu
yoluxmadan sonra ya aqressiv olur, ya da anonomliyi saxlamaqda davam edir, çətinləşən həyatında özünə yer tapa bilmirlər. Aida xanım isə bu barədə tamam başqa fikirdədir. Onun fikrincə, taleyin qisməti belə imiş. Allaha inandığından bu xəstəliyi böyük dərd hesab etmir, bunun yaradanın istəyi ilə baş verdiyini deyir. Hər halda bu da onun təsəllisidir.
Onu da qeyd edim ki, bu xanım uzun müddətli isrardan sonra müsahibə verməyə razılıq verdi. Və bu dedikləri, başına gələnlər çoxu üçün gələcəkdə böyük dərs ola bilər. Elə məqalənin də əsas məqsədi budur. Qəhrəmanımın bu bəlaya yoluxması barədə daha ətraflı.

“Uşaq istəməsəydim, bəlkə də bilməyəcəkdim”

Aida xanım üç il əvvəl ailə həyatı qurub. Həyat yoldaşı illərlə Rusiya Federasiyasının şəhərlərinin birində ticarətlə məşğul olurmuş. Həyat yoldaşı Lənkərana qayıtdıqdan sonra yaxınlarının səyi nəticəsində onlar toy ediblər. Qəhrəmanım ali təhsilli olmasa da, dünyagörüşü ,maraq dairəsi geniş xanımdır. Bu onunla söhbət əsnasında da aydın görünürdü. Gənclər

evləndikdən sonra birinci il hər şey qaydasında imiş. İlk əvvəllər övladlarının olmaması onlar üçün elə də gərginlik yaradan vəziyyətə çevrilməyib. Amma sonralar, ikinci ildə həm həyat yoldaşı, həm qaynanasının tələbi ilə uşaq dünyaya gətirmək istəyi artıb. “Hamı mənə yaşın keçir, uşaq doğmaq lazımdır, deyirdi. Həyat yoldaşım uşağımızın olmamağına görə mənə heç vaxt güldən ağır söz də işlətməyib. Qaynanam arada yüngün formada bunu xatırladırdı. Uşağımızın olmaması yavaş-yavaş məni də narahat etməyə başladı. Ətrafda yaxınlarım “dərd etmə problemin olsa belə indi tibb inkişaf edib, əlac olunacaq” deyirdi. Bu təsəlli ilə yaxşı həkim axtarışına başladıq. Açığı heç yerli həkim, ya paytaxtda ginekoloq axtarmağa həvəsli deyildim. Hamı İranda yaxşı həkimlərin olduğunu deyirdi. Elə mən də yoldaşımla məsləhətləşib İrana getməyə qərar verdim. Birinci dəfə İrana yaxınımla tək getdim. Amma iranlı həkim həyat yoldaşımın da yoxlanılmasının vacib olduğunu dedi. Yenidən onunla getməyə qərar verdim. İlk əvvəl həkim çəkimlə, ümumi vəziyyətimlə maraqlandı. Məni USM-ə( ultrasəs müayinəsinə) göndərdi. O, rəngimin çox solğun olduğunu bildirdi, mən də

əvvəldən qanazlığından əziyyət çəkdiyimi dedim. Amma o mütləq bütün xəstəliklərdən müayinədən keçməyimi məsləhət gördü. Həkimin dediyini etdim. Həkim qan analizlərinə baxıqdan sonra məni başqa həkimin yanına göndərdi. Fars dili bilmədiyimdən sonradan bu həkimin infeksionist həkim olduğunu öyrəndim. Bu həkimsə məni qapalı olan başqa bir laboratoriyaya göndərdi. Bir daha qan testindən keçdim. Bu müayinənin cavabı iki gündən sonra verildi. İnfeksionist həkim qan müayinəmə baxdıqdan sonra mehribancasına dedi: “ Xanım, sən mərizsən(xəstəsən), ingiliscədə bilərsən yəqin AİDS nə deməkdir, səni kimi yoluxdurub bu bəlaya, amma qorxma, həmişə dəva etsən yaxşı olacaqsan”. “Həkimin “AİDS” kəlməsindən sonra mənim barəmdə danışdığına inanmadım. Ölümcül xəstəlik barədə az da olsa məlumatım vardı. Otağa göz gəzdirdim. Məndən başqa heç kəs yox idi.” Aida xanım bu ağır xəbərdən sonra özünə gələ bilməyib. Hətta ilk əvvəl ərinə heç nə deməyib. “Həkim mənə dedi ki, həyat yoldaşın da mütləq yoxlanılmalıdı. Amma ərimə bu barədə deyəndə o hirsləndi, xəstəlik, onun yoluxma yolları haqqında onun məlumatı yox idi. İnanırsız, bir

müddət elə ağır, psixoloji vəziyyətlə qarşı-qarşı qalmışdım. Həyat yoldaşımın da xəstə olduğunu bilirəm. Hətta onun Bakıdakı QİÇS-lə Mübarizə Mərkəzinin etimad telefonuna zəng etdiyini də. O, bunu mənim üçün etmişdi. Mənim sağalmağımı arzulayır, bəlkə də vicdanı onu narahat edir. Onun mənə “ölümü” yoluxdurduğunu da bilirəm. Amma heç vaxt onu günahkar hesab edə bilmirəm. Onun bu xəstəliyə yoluxması yalnız Rusiyada yaşadığı zaman baş verə bilərdi. Bu da kı, məlum yüngül həyat tərzi keçirən rus qadınlar vasitəsiylə olmuşdu. O, bunu sonradan mənə etiraf etdi. Bu xəstəliyə tutulmanın narkotiklər arasında da artdığını bilirəm. Amma ərimin bu “iş”lə məşğul olmadığına əminəm.”

“Yavaş-yavaş öləcəm, keşkə ana olsaydım...”

“Valideynlərimdən bunu gizlətdim, hələ də bu xəstəliyin tam nə olduğunu bilmirlər. Bilmirlər ki, qızları üzü ölümə gedir. Məndə yoluxma( HİV-virusuna yoluxmaq hələ AİDS xəstəsi olmaq deyil) çoxdan baş verib, hətta AİDS xəstəliyinin ilk mərhələsinə keçmişəm. İranda belə xəstələrə ciddi nəzarət var, hətta

xəstəliyimi gizli saxlamasam, məni hər dəfə o tərəfə buraxmazlar. Amma orada bir yaxşı həkim var, o mənə kömək etməyə söz verib. Yoldaşım müalicə almaq istəmir. İldə bir neçə dəfə müqaviməti artıran müalicə kursları keçirəm, hələ ki, özümü yaxşı hiss edirəm. Amma məni nə gözləyir, onu bilmirəm. Tez-gec öləcəyimi bilirəm. Neyləyim, onsuzda hamı öləcək, Allahın işidir. Mən xəstəlikdən çox ana ola bilməyəcimə təəssüflənirəm. Axı mən həkimin yanına ana olmaq arzusuyla getmişdim, bu arzum ürəyimdə qalacaq. Çünki bu xəstəliklə hamilə qalmaq, dünyaya xəstə uşaq gətirməyi istəməzdim. Bu lap böyük dərd olar mənim üçün.” Aida xanımın QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olub-olmadığı məsələsinə gəlincə, o tutarlı cavab vermədi. “Bu barədə heç nə demək istəməzdim. Axı nə mənası var, mən bu bəlanı kiməsə ötürəsi deyiləm ki?” Bəs dövlətdən yardım almaq imkanını niyə rədd edirsiz? “Nə yardımı? O, yardımla( bu müavinətin məbləği mərkəz tərəfindən gizlədilir) nə etmək olar ? Mən sakit həyatıma davam edirəm. Görək də..”

Aida xanım söhbət zamanı dəfələrlə “camaat ehtiyyatlı olsun, ailə quranda mütləq sağlamlıq

haqqında (hər iki tərəf üçün) sənəd əldə olunsun. Bu qəbahət və qınalınası hal deyil.”

Haşiyə. Təəssüf ki, Səhiyyə Nazirliyi və adı çəkilən ağır xəstəliklə məşğul olan mərkəz hər ilin bu günündə illik hesabatı deməklə kifayətlənir. Mənim kimi dərinə gedib xırdalıqların araşdırılmasına çalışan jurnalistlərin işinə mane olurlar. Təbliğat işini çoxaltmaq əvəzinə, epid vəziyyətin gərgin olduğu ocaqlarda( Lənkəran, Cəlilabad, Sumqayıt kimi) araşdırma aparmağa ərinirlər.

Məlumat üçün deyim ki, hazırda dünyada 40 milyona yaxın AİDS-li xəstə var. Azərbaycanda isə 1987-ci ildən bu yana 3722 nəfər xəstəliyə yoluxub. Bu vaxta qədər 518 nəfər xəstəlik nəticəsində ölüb. Bu ilin dekabrına qədər isə cəmi 453 nəfər arasında yoluxma qeydə alınıb. Bu rəqəm yalnız rəsmi rəqəmlərdir. Müayinədən və qeydiyyatdan yayınan o qədər insan var ki. Güya qeydiyyatda olanlara nəzarət var ki... Səhiyyə Nazirliyinin başı xəstəlikdən çox QİÇS-lə Mübarizə Mərkəzinə tez-tez direktor dəyişikliyi etməyə qarışıb.

Raminə Eyvazqızı