““Milli təhlükəsizlik” bəhanəsi ilə...” - Ramiz Mehdiyev

milli-tehlukesizlik-behanesi-ile
Oxunma sayı: 15139

“Avropa siyasətində ikili standartlarla bağlı vəziyyəti ölkəmizin tənqid ilə əlaqədar hər bir faktda görmək olar. İddia edirlər ki, bizim ölkədə məhbuslara münasibət pisdir. Lakin əgər belədirsə, onda Mərkəzi Kəşfiyyat İdarəsinin gizli fəaliyyəti barədə böyük hay-küyə səbəb olmuş məruzədə müsəlman ölkələrindən olan məhbusların qapalı həbsxanalarda məhkəməsiz və istintaqsız saxlanması, onlarla qeyri-insani rəftar, bu adamlara amansız işgəncələr verilməsi nə üçün müstəqil təhqiqat obyekti olmayıb?”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri , Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev “Azərbaycan” qəzetində dərc olunmuş “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” məqaləsində yazıb. R. Mehdiyev bildirib ki, bu məqamda BMT İnsan Haqları Komissiyasının 2010-cu il üçün məruzəsini xatırlamaq yerinə düşər. Həmin məruzədə dünyanın hər yerində ABŞ-ın gizli həbsxanalarının sayından, orada məhbusların adi hüquqlarına riayət edilməməsindən bəhs olunur. Məhbuslar bu həbsxanalarda məhkəməsiz və istintaqsız saxlanılır, onlara qarşı qadağan olunmuş işgəncələr tətbiq edilirdi: “Məruzədəki dəhşətli faktlar Avropa İnsan Haqları Konvensiyasına birbaşa ziddir. Bu məqamda BMT İnsan Haqları Komissiyasının 2010-cu il üçün məruzəsini xatırlamaq yerinə düşər. Həmin məruzədə dünyanın hər yerində ABŞ-ın gizli həbsxanalarının sayından, orada məhbusların adi hüquqlarına riayət edilməməsindən bəhs olunur. Məhbuslar bu həbsxanalarda məhkəməsiz və istintaqsız saxlanılır, onlara qarşı qadağan olunmuş işgəncələr tətbiq edilirdi.

2010-cu il üçün olan məlumata görə dünyada 19 belə həbsxana vardır. Bunların bəziləri Polşa, Litva, Bosniya və Herseqovina, Rumıniya və digər Avropa dövlətlərində yerləşirdi. Avropa Şurasının baş katibi Terri Devis hələ 2005-ci ildə Aİ ölkələrinə həmin dövlətlərdə gizli həbsxanalar olub-olmaması barədə sorğu göndərib.

Təhqiqat göstərdi ki, Bosniya və Herseqovinada, İtaliya, Makedoniya və Polşada gizli həbsxanalar mövcuddur. Bəs Brüssel haraya baxırdı? Məgər müttəhimlərin məhkəməsiz və istintaqsız saxlanması, onlara qarşı işgəncələr tətbiq edilməsi insan haqlarının pozulması deyilmi? Lakin ikili standartlar siyasətinə tam müvafiq olaraq dünya bu qalmaqallı faktlar barəsində ədaləti görə bilmədi. Adları çəkilən ölkələr “dövlət sirri” və “milli təhlükəsizlik” bəhanəsi ilə vəzifəli şəxslərin hüquqazidd əməllərdə əli olmasını gizlətdilər. Əlbəttə, avropalıları başa düşmək olar: öz “ağrılı yerlərini” ümumi müzakirəyə çıxarmaq o qədər də xoşagələn məsələ deyil. Amma Azərbaycanı dünya ictimaiyyətinin nəzərində hörmətdən salmaq çox maraqlıdır. Bu gün ölkədəki bəzi “jurnalistlər” və “fəallar” Qərb qüvvələri tərəfindən dəstəklənmələri sayəsində özlərini “azadlıq uğrunda mübarizlər” kimi qələmə verirlər, hərçənd onlardan bəzilərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə tamamilə ziddir. Qərb diplomatları fürsət düşən kimi onların “cəsurluğunu” və demokratiya uğrunda mübarizə apararkən hansı çətinliklərlə üzləşməli olduqlarını xatırladırlar. Bəzi hallarda “beşinci kolon”un bu nümayəndələrini hətta müəyyən “hüquq müdafiəsi” mükafatlarına təqdim edir, onların “haqq işi uğrunda” mübarizəsi üçün mifik baza yaradırlar, amma Azərbaycanın iyirmi ildən artıq müddətdə haqq işi uğrunda öz gücü ilə mübarizə aparmasını heç kəs görmür”.