Milyonların “söküldüyü” yol - Fotosessiya

milyonlarin-sokulduyu-yol-fotosessiya
Oxunma sayı: 1238

Bir müddət öncə mətbuatda prezident İlham Əliyevin tapşırığına əsasən Qaradağ rayonundan keçən “İpək Yolu”u boyunca tikilmiş hasarların söküləcəyi barədə məlumatlar yayılmışdı. Deyilənlərə görə, ölkə başçısı Beyləqan, Saatlı və İmişli rayonlarına səfəri zamanı bu yolun kənarındakı mağaza və marketlərin önünü kəsən daş divarların sökülməsi barədə göstəriş verib.

Yeni il günlərində fürsət bilib yolumuzu cənuba tutanda deyilənlərin heç də yalan olmadığına şahid olduq. “Qafqazinfo” xəbər verir ki, aylarla milyonlarla maddi və fiziki əziyyət bahasına ucaldılan həmin hasarlar hissə-hissə sökülür və üzərilərinə vurulmuş üzlük daşlar, mərmər lövhələr qaşınaraq yerə tökülür. Təxminən üç metr hündürlüyündə olan hasarlar hər 20-30 metrdən bir uçurulur. Düzü, bu mənzərə israfçılıq baxımından təəssüfedici olsa da, arxada qalan mağazaların üzə çıxması, piyadalar üçün keçidlərin açılması sevindirici oldu.

Hazırda da həmin söküntü işləri davam edir. Bəs, bu söküntüyə səbəb nədir?

Ərazidə işləyənlər bildirdilər ki, hasar əvvəlki qaydada qalsaydı, bu ərazidə yaşayan insanlar üçün böyük çətinliklər yaradacaqdı. Əhalinin yola çıxması, yolun qarşı tərəfinə keçməsi üçün heç bir keçid nəzərdə tutulmamışdı. Buna görə də yerli sakinlər bununla bağlı dəfələrlə aidiyyatlı qurumlara və KİV-ə müracət etməli olub və bu nəticə verib.

Qeyd edək ki, bir neçə ay öncə həmin ərazidə fəaliyyət göstərən sahibkarlar ölkə başçısına müraciət ünvanlayıb və bidiriblər ki, hündür daş hasarlar onlar üçün ciddi problemlər yaradır.

Sahibkarlar öz aralarında bu hasarları “Berlin divarı” adlandırdıqlarını da dedilər.

Nigar Məmmədli