Dünən redaksiyamıza daxil olan məlumatlara görə, sən demə qiymət artımının kökündə iki məmurun savaşı dayanır. Söhbət fövqəladə hallar naziri Kəmaləddin Heydərovla kənd təsərrüfatı naziri İsmət Abbasovdan gedir. Məlumatda bildirilir ki, ət idxalının əhəmiyyətli hissəsi “fövqəlnazir”in nəzarətindədir. Lakin İsmət Abbasov da ət biznesinə iddialıdır və bu sahədə hegemonluq etmək istəyir. Bu baxımdan İsmət Abbasovun göstərişilə Dövlət Baytarlıq Xidməti Hindistandan gətirilən ətə mənfi rəy verib. Bununla da Hindistan ətinin Azərbaycana idxalı məhdudlaşıb və bu da istər-istəməz qiymətlərə təsir edib.
Məlumat üçün deyək ki, Kəmaləddin Heydərovla İsmət Abbasovun münasibətləri həmişə gərgin olub. Bunun kökündə “fövqəlnazir”in Kənd Təsərrüfatı Nazirliyini (KTN) nəzarətə götürmək istəyi dayanır. Məlumatlara görə, Kəmaləddin Heydərov bu posta deputat Eldar İbrahimovu gətirmək istəyir. Eldar İbrahimovun “fövqəlnazir”in atası, deputat Fəttah Heydərovla dostluq münasibəti var.
İsmət Abbasov da Kəmaləddin Heydərovun bu planından xəbərdardır. Ona görə də kənd təsərrüfatı naziri hər fürsətdə “fövqəlnazir”i “vurmağa” çalışır. Bundan əvvəl adıçəkilən nazirlər arasında buğda davası gedirdi. Kəmaləddin Heydərov yerli buğdanı bazardan sıxışdırmaq üçün buğda idxalını artırmışdı. Kənd Təsərrüfatı Nazirliyi isə Azərbaycana idxal olunan buğdanın keyfiyyətsiz olduğunu bəyan etmişdi. Hətta bildirilmişdi ki, bəzən Azərbaycana buğda adına heyvan yemi gətirilir. Bu savaş hələ də davam edir.
İndi də nazirlər ət biznesi uğrunda savaşa başlayıblar. Nəticədə isə əziyyət çəkən sadə vətəndaşlardır. /Azadlıq qəzeti/