NYT-nin əməkdaşı boşanmağa bir həftə qalmış öldürüldü - Qayınata və qayınanası saxlanıldı

nyt-nin-emekdasi-bosanmaga-bir-hefte-qalmis-olduruldu
Oxunma sayı: 1348

ABŞ-nin “The New York Times” qəzetinin 40 yaşlı əməkdaşı Conatan Makkinzi Kaliforniyanın Dublin şəhərində güllələnərək öldürülüb. Qətldə onun həyat yoldaşının 77 yaşlı valideynləri şübhəli bilinir.

“Qafqazinfo”nun “Associated Press”ə istinadən məlumatına görə, Makkinzi Dublin şəhərindəki idman kompleksinin dayanacağında güllə yaraları ilə tapılıb.

Yaxınlıqdan avtomobillə keçən polis serjantı onu görüb, şahidlər isə təcili yardım xidmətinə zəng edərək hadisə yerinin yaxınlığında qalan yaşlı cütlüyü göstəriblər.

Polis 77 yaşlı Şouyonq Çanq və Şili Çeni qətl və digər ittihamlarla saxlayıb. Onların çərşənbə günü məhkəmə qarşısına çıxarılması planlaşdırılıb.

Qətl Makkinzi ilə həyat yoldaşı Kendis Canqın boşanma işi üzrə məhkəmə iclasından təxminən bir həftə əvvəl baş verib. Cütlük 2012-ci ildən evli olub və üç azyaşlı övladı var.

Məhkəmə sənədlərinə əsasən, Canq 2023-cü ildə Makkinzini uşaqlardan birini itələməkdə və sərt fiziki təzyiq göstərməkdə ittiham edərək polisə müraciət edib.

Ötən ilin oktyabrında Canq başqa bir iş üzrə uşağa qarşı zorakılıq ittihamı ilə saxlanılıb və Makkinziyə qarşı məişət zorakılığından müdafiə orderi alıb. Sənədlərdə Makkinzinin uşaqlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə etdiyi qeyd olunur.

Makkinzi isə həyat yoldaşının iddialarına cavab olaraq özü də müdafiə orderi tələb edib və boşanma ərizəsi verib. Sənədlərə görə, o, ötən payızdan etibarən üç övladı ilə həftədə yalnız iki saat nəzarət altında görüşə bildiyini bildirib.

“San Jose Mercury News”un məlumatına görə, Makkinzi ərizəsində qayınanası Çenin ona və uşaqlarından birinə qarşı LGBTQ+ əleyhinə təhqiramiz ifadələr işlətdiyini də iddia edib.

Makkinzi 2023-cü ilin yanvarından “The New York Times”da çalışırdı. Qəzetin məlumatına görə, o, “New York Times Games” bölməsində mühəndislik direktoru vəzifəsində işləyib və San-Fransisko Körfəzi bölgəsində yaşayıb.

Polis qətlin motivi ilə bağlı araşdırmanı davam etdirir.