Polis taborunda rüşvət karuseli

polis-taborunda-rusvet-karuseli
Oxunma sayı: 4951

Milli Qəhrəmanın qardaşı oğlu daxili işlər nazirinin adından istifadə edərək idarədə bazar açıb

Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndiyi bir vaxtda daxili işlər orqanlarında neqativ hallar baş verirmiş. Bu günlərdə Daxili İşlər Nazirliyinin tabeliyində olan Diplomatik Korpusların Mühafizəsi üzrə Əlahiddə Taborun bir neçə əməkdaşı redaksiyamıza müraciət edərək işlədikləri idarədəki neqativ hallardan danışıblar. Məlum səbəblərdən həmin polislərin adlarını çəkmirik. Amma onların dediklərini qələmə almağı vacib bilirik. Polislər “Qafqazinfo”ya deyib ki, idarədə orta məktəblərdəki kimi hər ay pul yığılır: «Hər ay şəxsi heyətin hazırlığı üçün 5 manat, atəş hazırlığı üçün isə 10 manat yığırlar. Bizə deyirlər ki, Daxili İşlər Nazirliyindən yoxlama gələcək, onları «yola salmaq» lazımdır. Hansı ki, biz ölkədəki diplomatik korupsları mühafizə edirik və bizim həm sıra hazırlığımız, həm də atəş hazırlığımız ən yüksək səviyyədə olmalıdır. Yoxsa pul yığıb yoxlamaya verməklə iş görmək olmaz. Özü də, idarənin digər bölüklərində bu məbləğ bir az aşağıdır, məsələn, şəxsi heyətin hazırlığına 3 manat, atəş hazırlığına 5 manat yığırlar. Amma 3-cü bölükdə qiymətlər bahadır. Ona görə də, həmin bölüyə bahalı bölük deyirik və heç kim orada işləmək istəmir. Bölüyün komandiri mayor Seymur Hacıyevdir. Əslən, Xocalı şəhərindəndir. Milli Qəhrəman Əlif Hacıyevin qardaşı oğludur. Seymur Hacıyevin digər əmisi Rza Hacıyev əvvəllər Çevik Polis Alayının komandiri idi. İndi isə Nefçtala rayon Polis İdarəsinin rəisidir. Seymur Hacıyev həmişə deyir ki, mən heç kimdən qorxmuram, pulu verin. Deyir, mənim dayım daxili işlər naziri Ramil Usubovdur. Yəqin bilirsiniz ki, Ramil Usubov da Xocalıdandır».

Şikayətçi polislər deyir ki, idarə əməkdaşlarından kimsə xeyir-şər işi üçün komandirlərdən icazə alanda pul verməli olurlar. Məsələn, əgər gecə növbəsindən icazə alırsansa 20, gündüz növbəsi üçün isə 10 manat verməlisən: «Seymur Hacıyev pulu açıq-aşkar istəyir. Deyir, mənə dəxli yoxdur, pulu verin. Birinin xəstəsi olur, rəhmətə gedəni olur, yaxın adamı xeyir işi eləyir. Komandirdən icazə istəyən kimi, deyir, pulu ver, get. Bu hələ yaxşıdır. Bizim taborda elə işçilər var ki, biz heç onları tanımırıq, üzərin də görməmişik. Belələrinə «ölü» deyirik. Yəni, adı var, özü yoxdur. Həmin adamlar ya imkanlı adamlardır, başqa işlərlə məşğul olarlar, ya da imkanlı adamların, vəzifələlirən balalarıdır. Onlar işə çıxmırlar. Amma adları gedir ki, guya işdədirlər. Onların maaşını isə komandirlər götürür. Bu adamların adı hər gün səfirliklərin mühafizəsinə çıxan polislərin siyahısında olur, amma onlar postda olmurlar. Onların kitabçalarını postlara digər polislər aparır. Gecələr də komandirlər postları yoxlayanda yalandan qol çəkirlər ki, guya həmin şəxslər postda olublar. Elə həmin adamların da yerinə özləri imza atırlar. Bunu sübut etmək üçün həmin adamların imza nümunələrini yoxlamaq kifayətdir. Təsəvvür edin, biz diplomatik korpusları mühafizə edirik. Hansısa səfirliyin mühafizəsi üçün bir posta 2 nəfər yazılır, onun da biri işə gəlmir. Bir əməkdaş təkbaşına keyfiyyətli xidmət apara bilməz. Bu, çox təhlükəlidir. Bəzən, «ölü» işçiləri 3 nəfərlik heyətə yazıb, posta 2 nəfər göndərirlər. Hamı bilir ki, onlar işə gələn deyillər. Amma kitabçalarda adları gedir. Bir daha deyirik ki, imzalar yoxlanılsa, hər şey üzə çıxar».

Şikayətçilərin dediyinə görə, onlardan pul yığılması bununla bitmir. Həmin idarədə hər polislən ildə 18 manat «Mübariz keşikdə» qəzetinə, 42 manat isə «Dinamo» idman Cəmiyyətinə yığılır. Lakin maraqlıdır ki, polislər nə qəzetin üzünü görür, nə də «Dinamo»da idmanla məşğul ola bilmirlər: «Biz «Dinamo» ya gedəndə qapıdan içəri buraxmırlar. Deyirlər, siz peşəkar idmançı deyilsiz, ustalıq dərəcəniz yoxdur. Bura girə bilməzsiniz. Guya peşəkar idmançıları içəri buraxırlar. Belədirsə, biz niyə ildə 42 manat ödəməliyik?».

Daha maraqlı bir məsələ ilə polis əməkdaşlarına ildə bir dəfə verilən əlavə yardımla bağlıdır. Əslində, hər polis əməkdaşı ildə bir dəfə maaşının bir akladını ala bilər. Bu taborda bir aklad maaş 325 manatdır. Komandirlər yalnız yaşı 40-dan yuxarı olanlara bu pulu verirlər. Gənc polislər isə bu yardımdan bəhrələnə bilmir. Daha doğrusu, komandirlər yeni işçiləri maddi yardımla bağlı raport yazmağa məcbur edirlər. Pul ayrıldıqda isə bunu özlərinə götürürlər: «Biz indi maaşı kartla alırıq. Ona görə də, komandirlər əlavə yardım pulunu alan gənc polisləri yanlarına çağırıb deyirlər ki, bu ay maaşın 325 manat artıq olacaq. Artığı gətir bizə ver. Beləliklə, yaşı 40-dan aşağı olanlar bu pulu özlərinə götürə bilmirlər. Hansı ki, onların içərisində həqiqətən də ehtiyacı olan, ağır şəraitdə yaşayanlar var».

Şikayətçi polislər sonda onu da dedilər ki, onlar bu məsələlərlə bağlı rəhbərliyə müraciət etdikdə komandirlər dərhal digər işçiləri toplayıb zorla özünümüdafiə izahatları alır. Paqon yoldaşları da işini itirməmək üçün məcbur olub komandirin dediyini yazıb imzalayır. Bununla da, heç nəyi sübüt eləmək olmur və illərdir bu proseslər Diplomatik Korpusların Mühafizəsi üzrə Əlahiddə Polis Taborunda davam edir: «Bəzən komandirlər hansısa işi görəndə yalandan tabor komandiri, polkovnik Mehdi Təhmurazovun adından istifadə edirlər. Hansı ki, çox vaxt onun bu işlərdən xəbəri olmur. Yeri gələndə, Mehdi müəllim bölük komandirlərinə nisbətən yaxşı adamlır».

Səslənən ittihamlarla bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.