Prezident Emin Hüseynovu vətəndaşlıqdan çıxardı

prezident-emin-huseynovu-vetendasliqdan-cixardi
Oxunma sayı: 12213


"Qafqazinfo" xəbər verir ki, virtualaz.org saytına hakimiyyət dairələrindəki mənbələrdən daxil olan məlumata görə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov 10 aydır gizləndiyi İsveçrə səfirliyinin binasını Azərbaycan və İsveçrə hakimiyyətləri arasında əldə edilmiş razılıq sayəsində tərk edib. Bu razılaşma Azərbaycan və İsveçrə arasında dostluq və tərəfdaşlıq münasibətləri çərçivəsində əldə edilib.

Məlumata görə Emin Hüseynov Azərbaycan dövləti qarşısında vergi borcunu tamamilə ödəyib (təxminən 160 min dollardan söhbət gedir). Həmçinin Azərbaycan prezidentinin sərəncamı ilə Emin Hüseynovun ölkə vətəndaşlığından çıxmasına dair müraciəti təmin olunub. Bununla birlikdə onun barəsində 2014-cü ilin avqustunda qəbul edilmiş həbs qətimkan tədbiri humanitar əsaslarla ləğv edilib və E.Hüseynovun müalicə almaq üçün İsveçrəyə getməsinə icazə verilib.

Xatırladaq ki, bir gün əvvəl YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sensasion açıqlama ilə çıxış edərək Emin Hüseynovun Azərbaycandan qanunsuz şəkildə, gizlicə qaçırıldığını bəyan etmişdi. 

Emin Hüseynovun Azərbaycan hakimiyyəti ilə əldə edilmiş razılaşma əsasında, konkret olaraq prezident İlham Əliyevin razılığı ilə ölkəni tərk etdiyini İsveçrə qaynaqları da təsdiq edir. swissinfo.ch xəbər verir ki, İsveçrənin xarici işlər naziri Didye Burkhalter bu barədə yerli RTS kanalına müsahibəsində deyib. O deyib ki, Emin Hüseynovun azad edilməsi olduqca gərgin və mürəkkəb danışıqların nəticəsi idi.

“Mən ötən il prezident Əliyevlə şəxsən görüşdüm. Bir neçə müzakirələrdən sonra biz belə ortaq qənaətə gəldik ki, Hüseynov Azərbaycanı tərk etsə, daha yaxşı olar”- deyə Burkhalter bildirib.

swissinfo.ch qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda İsveçrənin ən iri ticarət partnyorudur. İsveçrə Azərbaycana əsasən zərgərlik məmulatları, maşınlar, saatlar, əczaçılıq məhsulları ixrac edir. Azərbaycanda bir neçə İsveçrə şirkəti işləyir. İsveçrənin "Axpo" energetika şirkəti TAP qaz kəməri layihəsinə dair konsorsiumun üzvüdür. SOCAR isə İsveçrədə yanacaqdoldurma şəbəkələrinin sahibidir. Həmçinin "SOCAR Trading" treyder şirkətinin ofisi Cenevrədə yerləşir.