“Prezident hər yarışa gedəndə məndən pul istəyirdi” - İttiham

prezident-her-yarisa-gedende-menden-pul-isteyirdi-ittiham-
Oxunma sayı: 1382

“Azərbaycan Pouerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev hər yarışa gedəndə məndən pul tələb edirdi”. Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Azərbaycanın pouerliftinq üzrə 3 qat dünya, 5 qat avropa çempionu, dəfələrlə dünya və avropa rekordçusu olan peşəkar idmançı Vüsal Mərdanov deyib. V. Mərdanov bildirib ki, o, 2002-ci ildən bəri pouerliftinqlə məşğul olur: “İlk yarışım da elə həmin ilin dekabr ayında Avstriyada keçirilmiş dünya kubokunda iştirak olub. Lakin bu yarışa getməmişdən qabaq Azərbaycan Pouerliftinq Federasiyasının prezidenti Ələdin Əliyev məndən yarışda iştirak etmək üçün pul tələb etdi. Mən də həm öz xərclərimi, həm də prezidentin xərclərini qarşılamaq üçün 2500 dollar pul verdim. Həmin turnirdə də I yerə çıxdım” .

İdmançı bundan sonra baş tutan yarışlara da öz şəxsi vəsaiti ilə getdiyini söyləyib: “Hər dəfə yarışlara gedendə prezident məndən forma hazırlamaq məqsədilə 100 dollar pul tələb edirdi ancaq heç vaxt da forma ilə təmin etmirdi” .

Daha sonra Vüsal 2008-ci ildə Gənclər və İdman Nazirliyi hesabına getməli olcağı yarışa da federasiya prezidenti Ə. Əliyevin qərarı ilə aparılmadığını deyir: “Mənə qarşı olan bu prinsip sonralar da davam etdi. 2011-ci ilin aprel ayında təşkil olunan Azərbaycan çempionatında mütləq Azərbaycan çempionu oldum, ancaq telekanalların birində Ələddin Əliyev məndən daha zəif olan idmançının adını çəkdi, haqqımda heç bir söz söyləmədi”.

2012-ci ilin noyabrın 6-12-sı arasında Las-Veqasda keçirilən dünya çempionatında da məlum səbəblərdən iştirak edə bilməyən idamnçı bu barədə Gənclər və İdman Nazirliyinə, dövlət başçısı İlham Əliyevin saytına müraciət etdiyini, bu məsələ ilə bağlı ölçü götürülməsi üçün cavab gözlədiyini söyləyib.

İqbal