Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana işgüzar səfər edəcək.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putinin prezident İlham Əliyevlə görüşünün yekunları əsasında enerji və nəqliyyat sahələri də daxil olmaqla, 5-6 ikitərəfli rəsmi sənədin imzalanması gözlənilir. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfər edəcək Rusiya nümayəndələr heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” və “Lukoyl”un rəhbərləri İqor Seçin və Vahid Ələkbərov olacaq.
Uşakov qeyd edib ki, avqustun 13-də Rusiyanın Xəzər donanmasının gəmiləri - “Dağıstan” (raket gəmisi) və “Volqodonsk” (kiçik artilleriya gəmisi) Bakıya dostluq səfəri edəcəklər.
Bakıda danışıqlar zamanı həmçinin, 31 oktyabr – 1 noyabrda keçirilməsi nəzərdə tutulan “III Bakı Beynəlxalq Humanitar Forumu” da daxil olmaqla, Xəzər dənizinin hüquqi rejimi, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması probleminin müzakirə ediləcəyi bildirilir.
Yuri Uşakov xüsusilə qeyd edib ki, liderlərin görüşü zamanı "Qəbələ RLS" məsələsi müzakirə olunmayacaq.
Son xəbərlər
Son Xəbərlər