Qadının başına boru necə düşüb? - Fotolar

qadinin-basina-boru-nece-dusub
Oxunma sayı: 9050

Dünən Səbail rayonunda 20 nömrəli məktəbin yenidən tikintisi zamanı 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza hadisəsi baş verib.

“Qafqazinfo”nun əməkdaşları bu gün həmin ərazidə olublar. Piyada yolu ilə hərəkət edən qadınların üzərində dəmir parçası düşüb, onlardan biri çoxlu qan itirdiyindən hadisə yerində ölüb. Hazırda tikinti ətrafına çəkilən hasara bitişik, piyada yolunun üzərində təhlükəsizlik tavanı qurulur. Ərazidə təxminən 1 ilə yaxındır tikinti işləri getməsinə baxmayaraq, orada piyadalar üçün təhlükəsizlik tavanı olmayıb.

Tikintiyə nəzarət edən şəxslərdən öyrəndik ki, layihə ilə bağlı sifarişçi Təhsil Nazirliyi, icraçı şirkət isə “Bakı-İnşaat”dır.

Hadisə yerində olan şirkətin mühəndisi Nail Mirzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qəza dünən axşam saatlarında, tikinti işləri davam edərkən baş verib: “Hadisə ilə bağlı istintaq davam edir, prokurorluq əməkdaşları araşdırır. Özümüz də necə lazımdır, araşdırıb baxmışıq. Sadəcə bədbəxt hadisədir. Nə oradan keçən piyadanın, nə tikinti işçilərinin günahıdır. İstintaq başa çatdıqdan sonra çox güman ki, rəsmi qurumlar özləri məlumat verəcək. Hadisə baş verən zaman tikinti işi davam edirdi. Axşam saatlarında tikinti işi aparılmır. Obyektin üzərində quraşdırılan işıqlar isə təhlükəsizlik məqsədi daşıyır”.

Tikinti ilə bağlı obyetin yaxınlığında quraşdırılması olan məlumat lövhəsi isə yerində yox idi. Şirkət rəsmini N.Mirzəyev bildirdi ki, həmin lövhə istintaq idarəsinin əməkdaşları tərəfindən götürülüb. Binanın Parlament prospektinə tərəf olan və tikinti işləri aparılan divarı ilə piyada yolunun kənarına çəkilən səddin arasında təxminən 15-20 metr məsafə olduğu görünür. Belə olan halda ehtiyatsızlıqdan yuxarı mərtəbədən düşən dəmir parçanın 20 metr kənarda piyada yoluna düşməsi müəmmalı görünür. Dəmir borunun bədbəxt hadisə nəticəsində yoxsa insan müdaxiləsi ilə yola düşməsini isə istintaq aydınlaşdıracaq.

Hadisə yerinin təxminən 15-20 metrliyində avtobus dayanacağı yerləşir. Həmin dayanacağın üstü də təhüıkəsizlik tavanı ilə təmin olunmayıb.

Hadisənin baş verdiyi yer qum və sementlə örtülüb. Ölən qadının qanı isə həmin tikinti materiallarının altında qalıb...

Qeyd edək ki, ötən gün Bakının Səbail rayonu, Parlament prospekti 9 ünvanında aparılan tikinti zamanı bədbəxt hadisə baş verib. Tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Murad Əhməd
Foto: Nuran Məmmədov