“Qardaşı öldürdü” deyilən qız sağ tapıldı - Yenilənib

qardasi-oldurdu-deyilen-qiz-sag-tapildi
Oxunma sayı: 7762

Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız tapılıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki,  Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.

Məlumata görə qız evlərinin yaxınlığında yaşayış olmayan tikilidə gizlənirmiş. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparırlar

Qeyd edək ki, bu barədə məlumatı Kəpəz TV yaymışdı. Məlumatda qeyd olunurdu ki, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayon Polis şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.

Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildirmişdilər.

***

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Əyyublu kənd sakini, 21 yaşlı Məhərrəmova Zülfiyyə Nizami qızı ata babasına məxsus olan və heç kimin yaşamadığı tikilidən tapılıb. O, 4 gün əvvəl yaşadığı evdən çıxaraq 350-400 metr məsafədəki həmin evə sığınıb.

Gənc qızın evdən niyə qaçmasına gəlincə, məlum olub ki, bir neçə gün əvvəl onun özündən 1 yaş kiçik olan qardaşı Anar Məhərrəmov evdən sevgi məktubu tapıb. Gənc oğlan məktubun bacısına məxsus olduğunu görüb və Zülfiyyəni döyüb. Daha sonra isə A.Məhərrəmov evdən çıxıb. Qardaşının evə qayıdandan sonra onu daha pis döyəcəyindən, evdə söz-söhbətin böyüyəcəyindən qorxan qız qaçmaq qərarına gəlib və evdən çıxıb.

Hadisə ilə bağlı polisə ilkin məlumat daxil olandan sonra evə baxış keçirilib və mənzildə qan damcıları tapılıb. Bu fakt gənc qızın qardaşı tərəfindən öldürülməsi şübhəsini artırıb. Lakin Z.Məhərrəmova tapılandan sonra onun qol nahiyəsində kəsik aşkarlanıb və məlum olub ki, o, evdən qaçmazdan əvvəl intihara cəhd edib. Həmin vaxt qız fikrindən daşınaraq evdən qaçmağı üstün tutub.

O da bildirilir ki, gənc qızın itkin düşməsindən sonra Eyyublu kəndində çoxlu söz-söhbətlər yayılıb. Qızın qardaşı tərəfindən öldürülməsi və kənd qəbiristanlığında basdırılması barədə şayiələr yayılıb. Lakin polisdə ifadə verən A.Məhərrəmov dəfələrlə bildirib ki, bacısına bir-iki şillə vurmaqdan başqa ona heç nə etməyib.

Z.Məhərrəmovanın necə tapılmasına gəlincə, məlumat daxil olduqdan sonra Əyyublu kəndində mülki formalı polislər axtarışlara başlayıblar. Bəzi kənd sakinləri 21 yaşlı qızı küçədə gördüklərini və qonşunun həyətinə girdiyini deyib. Bundan sonra onun kənddə olması ehtimalı dahada artıb və nəhayət, Z.Məhərrəmova babasının kimsəsiz evindən tapılıb.

Hazırda Z.Məhərrəmova həkim nəzarəti altındadır və ona sakitləşdirici iynələr vurulub.