Qonşusunu qətlə yetirənə hökm oxundu

qonsusunu-qetle-yetirene-hokm-oxundu
Oxunma sayı: 8815

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən il iyunun 23-də 1972-ci il təvəllüdlü S.Ağayevanı (soyadlar şərtidir) qətlə yetirən qonşusu, 1993-cü il təvəllüdlü A.Abbasova hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qapıbir qonşusu olan qadını 42 bıçaq zərbəsi ilə, xüsusi amansızlıqla qətlə yetirən gəncə 17 il müddətinə həbs cəzası verilib.

Məhkəmə prosesində A.Abbasov ifadəsində bildirib ki, S.Ağayevanın əri vəfat etdikdən sonra onunla münasibətini kəsib: “Buna səbəb S.Ağayevanın mənə böhtan atmağa meyil etməsi, düzgün həyat sürməməsi idi. 2021-ci ilin may ayında o, evlərimizin arasında olan dəmir çəpərin öz həyətinə düşən hissəsinə it bağladı, it isə evə gedib-gəlməyimə, həyətdə iş görməyə mane olurdu. Qardaşıma demişdim ki, S.Ağayevaya itini çəpərə bağlamamasını tapşırsın. Həmin vaxt o, bizi eşitdiyi üçün yaşadığı evin pəncərəsindən mənə nalayiq ifadələr işlədərək həyətinin istənilən yerinə itini bağlayacağını dedi. Daha sonra bizim evin həyətinə gələrək sanitar qovşağın qarşısında olan dəmir vedrəni ayağı ilə əzməyə və söyüş söyməyə başladı. Həmin vaxt çox əsəbiləşdim, döymək istədim, lakin qardaşımla əmim oğlu S.Ağayevanı tutub həyətdən çıxarıb evinə apardılar. Əsəbimdən telefonumu yerə çırparaq sındırdım”.

Araşdırmalar zamanı məlum olub ki, A.Abbasov qonşuluqda yaşayan qadınla baş verən mübahisələr barədə bibilərinə danışıb və hadisədən əvvəl onun bibiləri evə gələrək S.Ağayeva ilə mübahisə ediblər. S.Ağayeva isə A.Abbasova baş verənlər barədə bibilərinə danışmasını irad bildirib və onun vəfat etmiş anasının ünvanına nalayiq ifadə işlədib. Bundan sonra A.Abbasov evdə heç kimin olmadığı vaxt S.Ağayevanın yaşadığı mənzilə daxil olaraq özü ilə gətirdiyi bıçaqla ona 42 dəfə zərbə endirməklə qətlə yetirib.