"Əsgər təsərrüfat işlərinə cəlb olunmayacaq"- - General+Yenilənib

quotesger-teserrufat-islerine-celb-olunmayacaqquot-
Oxunma sayı: 3711


“Söhbət gəzir ki, biz köhnə proqramlara, Rusiya sisteminə qayıdırıq. Bu, yalandır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri bu gün Salyan kazarmasında tanınmış media qurumları başçılarının Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşündə müdafiə nazirinin müavini, general-leytenant Kərəm Vəliyev deyib.

O, nazir Zakir Həsənovun keçirdiyi son kollegiya iclasında əsas tapşırıq kimi dağ şəraitində döyüş hazırlığını gücləndirməyin olduğunu bildirib:

“Azərbaycan ordusu NATO istiqamətində təlim keçir, bütün proqramlar NATO sisteminə uyğunlaşdırılıb, ordu quruculuğu davam edir. 237 hərbçi xaricdə ümumi təhsil alır ki, bu ölkələrin də əksəriyyəti NATO ölkələridir. Əlavə olaraq nazirlikdən NATO ilə əməkdaşlıq şöbəsində işləyənlərin sayı 7 nəfərdən 10 nəfərə qaldırılacaq”. 

General-leytenant bildirib ki, bundan sonra əsgərlər təsərrüfat işlərinə cəlb olunmayacaqlar, onlar vaxtının çoxunu döyüş hazırlığına sərf edəcəklər.

K. Vəliyev orduda işləmək üçün artıq 3 000 mülki şəxsin işə qəbul olunduğunu, bu rəqəmin  20 000-ə çatacağının gözlənildiyini də qeyd edib. 

Müdafiə nazirinin müavini orduda maddi təminat sahəsinə ciddi diqqət yetirildiyini də vurğulayıb: “Orduda yarımçıq qalan işlər başa çatdırılıb. Təlimlərin 70 faizi gündüz, 30 faizi isə gecə aparılır. Yüksək döyüş hazırlığı gedir. Silahlı Qüvvələr günündə keçirilən təlimlər zamanı yeni texnikalar, döyüş artilleriyasından istifadə olunub. Son təlimlərdən sonra ehtiyatda olan şəxslərin səfərbərliyə çağırılmasına başlamışıq. Bu proses davam etdiriləcək. Bundan başqa, son aylarda 6 000-ə qədər şəxs müddətli xidmətə (MAXE) qəbul olunub. Demək olar ki, bütün sahələrdə ordu quruculuğu davam etdirilir. Hazırda ehtiyatda olan hərbi qulluqçuların bir hissəsi səfərbərliyə cəlb olunub”.

General həmçinin bildirib ki, erməni hərbçilər və erməni müdafiə nazirliyi tərəfindən mətbuata ötürülən informasiyanın çoxu auditoriyanı çaşdırmaq və öz daxili kütləsini inandırmaq üçün edilən cəhdlərdir. O cümlədən K.Vəliyev  erməni müdafiə nazirinin guya Kəlbəcər istiqamətində bütün yolların minalanması ilə bağlı yaydığı məlumatın cəfəngiyat olduğunu bildirib. Qeyd edib ki, dağlıq relyefi olan ərazini heç vaxt başdan-başa minalamaq mümkün deyil:

"Eyni zamanda bizdə elə silahlar var ki, istənilən minalı ərazini təmizləmək gücündədir". 


Kərəm Vəliyev jurnalistlərin də bundan sonra hərbi hissələrə aparılacağını bildirib. Görüşdə vurğulanıb ki, bu tədbirin keçirilməsində məqsəd media ilə münasibəti daha əlaqəli şəkildə qurmaq xarakteri daşıyır. Jurnalistlərdən xahiş olunub ki, ordu ilə bağlı yazdıqlari informasiyaları mütləq dəqiqləşdirsinlər, nazirliyin mətbuat xidmətindən münasibət öyrəndikdən sonra yaysınlar. Hərbi sirr ola biləcək məlumatların mətbuata yol tapmasına imkan verməsinlər.