Rasim Musayev yüksək vəzifəyə təyin olunacaq

rasim-musayev-yuksek-vezifeye-teyin-olunacaq-
Oxunma sayı: 1486

Dünən öz ərizəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən istefa verən general-mayor Rasim Musayevin yeni təyinatı olacaq. Bu barədə “Qafqazinfo”ya məlumat hüquq-mühafizə orqanlarından daxil olub. Məlumata görə, R.Musayev Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayor Cavanşir Məmmədovu əvəz edəcək. Bu vəzifəni icra edən 1953-cü il təvəllüdlü C.Məmmədovun isə təqaüdə göndəriləcəyi deyilir.

Xatırladaq ki, Rasim Musayevin xahişi nəzərə alınaraq yanvarın 21-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə o tutduğu vəzifədən azad edilib və nazirliyin Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb.

Məlumat üçün deyək ki, R. Musayev DİN sistemində peşəkar zabitlərdən hesab olunur.

Rasim Musayevin səlahiyyətlərinin icrası isə Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavinlərindən birinə tapşırılıb.

Bu arada “aznews” saytı R. Musayevin istefa səbəbləri ilə bağlı maraqlı xəbər yayıb. Həmin xəbərə görə, Gəncənin polis rəisi ilə icra başçısı Elmar Vəliyev arasında qalmaqal uzun müddət imiş ki, davam edirmiş. Bu gərgin münasibətlər rəisin özünə Gəncə yaxınlığında tikdirdiyi villanın sökülməsi ilə bağlı icra başçısının əmr verməsindən sonra pik həddə çatıb. İcra başçısı polis rəisinə Gəncəni bir günün içində tərk etməyəcəyi təqdirdə o villanı başına uçuracağı haqda xəbərdarlıq edib.

Qeyd edək ki, Rasim Musayev 2007-ci ilin noyabrında Gəncə şəhər Polis İdarəsinin rəisi təyin edilib.

O, Binəqədi rayon Polis İdarəsi rəisinin I müavini, DİN-in İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Daha sonra Sabunçu rayon Polis İdarəsinin 15-ci bölməsinə rəhbərlik edən polis zabiti 2005-2007-ci illərdə Cəlilabad rayon Polis İdarəsinin rəisi olub.