“Saat 11-dən bəri insan axını bir an da səngiməyib” - Sərgidən reportaj

saat-11-den-beri-insan-axini-bir-an-da-sengimeyib
Oxunma sayı: 549

Xəbər verdiyimiz kimi, Bakı Konqres Mərkəzində “İƏT Yaradıcı Həftə 2025”in rəsmi açılışı olub. Tədbir çərçivəsində iştirakçılar müxtəlif sərgilərlə tanış olmaq, İƏT ölkələrinin zəngin mədəni irsini yaxından izləmək imkanı əldə ediblər. Sərgilər arasında Yaradıcı Kənd Sərgisi (Creative Village), Mədəni və Yaradıcı Sənayelər Sərgisi (MYEXPO), İ2C - startap sərgisi, İslam xəttatlıq sənəti və Omarket (Orient Film Market) nümayiş olunub.

“Qafqazinfo”nun məlumatına görə, sərgidə əl işləri nümayiş olunan xəttat Tahir Ələkbərov xəttatlıq sənətinin həm sənət, həm də irs baxımından xüsusi diqqətə ehtiyac duyduğunu bildirib: “Özüm rəssamam, amma gəncliyimdən, 90-cı illərdən bu sənətlə maraqlanmışam və onu çox sevirəm. Belə tədbirlərin keçirilməsi, məncə, bu sənətin daha geniş tanınmasına xidmət edir və onun inkişafına ilkin təkan verir. Mən bu cür tədbirlərin təşkil olunmasını həmişə arzulamışam. Bu gün buradayıq və müraciət edənlər kifayət qədərdir”.

O qeyd edib ki, 1993-cü ildən etibarən kurslarda bu sənəti öyrənməyə başlayıb və təqdim etdiyi iş məşhur təbrizli xəttat Mirəli Təbrizinin yaratdığı nəstəliq xəttindədir.

Özbəkistandan tədbirə qatılan Buxari Yaradıcılıq Qrupunun nümayəndəsi Sevar Elbrakhim festivalın mahiyyətini belə ifadə edib: “Missiyamız İmam Əl-Buxarinin mədəni irsini, Hədisləri və Özbəkistanın zəngin mədəniyyətini dünyaya təqdim etməkdir. Bu festival müasir texnologiyaların köməyi ilə təşkil olunur və mədəniyyətimizi interaktiv və cəlbedici şəkildə paylaşmaq imkanı verir.

Biz əvvəllər bu festivalı İndoneziya, Səudiyyə Ərəbistanı, Fransa və İngiltərədə təşkil etmişik və bu gün fəxr edirik ki, onu Azərbaycanda təqdim edirik. Çoxsaylı qonaqlar dəvət olunub və müxtəlif tədbirlər hazırlanıb.

Həmçinin hamını Buxara, Özbəkistana səfər etməyə dəvət edirik ki, şəhərin tarixini və mədəniyyətini birbaşa yaşasınlar. Məqsədimiz İslam mədəniyyətinin gözəlliyini yalnız müsəlmanlara deyil, həm də müsəlman olmayanlara göstərməkdir ki, hər kəs bu irsi dəyərləndirsin”.

Fələstin nümayəndəsi Metani Ahmed tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu festival İƏT ölkələrinin mədəniyyətlərini Azərbaycanda nümayiş etdirməsi baxımından çox mühümdür: “Festival həqiqətən çox gözəldir və İƏT ölkələri üçün öz mədəniyyətlərini Azərbaycanda nümayiş etdirmək baxımından çox önəmlidir. Fələstin hissəsi isə xüsusi əhəmiyyət daşıyır, çünki Fələstinin çox zəngin və tarixi bir mədəniyyəti var. Bu festival vasitəsilə biz bunu həm Azərbaycandakı qardaş və bacılarımızla, həm də İƏT ölkələrinin nümayəndə heyəti ilə paylaşa bilirik.

Bu, xüsusilə vacibdir, çünki işğal həmişə mədəniyyətimizi silməyə və oğurlamağa çalışır. Buna görə də mədəniyyətimizi Azərbaycanda təqdim etmək və İƏT qardaşlarımızla paylaşmaq çox önəmlidir.

Festival çərçivəsində bizdə sərgi də var, həmçinin “Adabka” adlı Fələstin rəqs qrupu iştirak edir. Bu axşam qalereyada keçiriləcək nahar mərasimində onlar Fələstin ənənəvi rəqslərini göstərəcəklər. Bu, mədəniyyətimizi Azərbaycandakı qardaşlarımıza nümayiş etdirməyin çox önəmli bir yoludur”.

Burkina Fasodan olan sənətkar Marie-Claire Sebogo tədbirdə öz ölkəsinin sənətkarlıq ənənələrini təqdim edib: “Mən “Jadibayiklo” markasını təmsil edirəm. “Jadibayiklo” Burkina Faso markasıdır və əl işi dəri çantalar hazırlayır. Bizim təqdim etdiyimiz hər şey yerli istehsaldır - toxunan parçadan tutmuş dəri çantalara qədər. Hətta parçalar da əl ilə hazırlanır.

Bizim kolleksiyamızda köynəklər, bolerolar, çantalar, pul qabları və hətta əl tikişi paltarlar var. Hər şey 100% əl işi və yerli istehsaldır, Burkina Fasodakı zəngin sənətkarlığı əks etdirir”.

SUP.VC şirkətinin icraçı direktoru Rəşad Eyvazov isə yaradıcı sənaye startaplarının festivaldakı çıxışını yüksək qiymətləndirib: “5000-dən çox ziyarətçinin tədbiri ziyarət etməsi gözlənilir. İlk gündən etibarən maraq çox böyük idi və xarici qonaqlar startaplarımıza xüsusi maraq göstərir, onları dərhal İƏT ölkələrindəki bazarlara dəvət edirlər.

Biz də sevinirik ki, Azərbaycanda yaranan startaplarımız belə geniş bazarlara çıxmaq imkanı əldə edirlər”.

C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının stendinin nümayişində iştirak edən jurnalist-publisist Ramilə Qurbanlı bildirib ki, Azərbaycan Film Kinostudiyası bu sərgidə kino sahəsinə aid olan bütün xidmətləri ilə təmsil olunur: “Buraya pavilyonlar, çəkiliş meydançaları, pirotexnika, texniki və çəkiliş avadanlıqları da daxil olmaqla kinoya dair hər cür xidmət daxildir. Ümumiyyətlə, kinoya aid nə varsa, hamısı Azərbaycan Film Kinostudiyasında mövcuddur.

Görürəm ki, studiyaya maraq çox böyükdür. Sərgi iştirakçıları - Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Özbəkistan nümayəndələri, həmçinin Türkiyə kino mütəxəssisləri - ardıcıl olaraq Azərbaycan Film Kinostudiyasının stendinə yaxınlaşıb suallar verirlər, məlumat alırlar. Hətta stenddə təqdim olunan filmlərin adlarını öz dillərində əzbər bilirlər; filmlərimizin çoxu onlar üçün tanışdır.

“Baku Cinema Breeze - 2025”in keçirilməsi çox müsbət haldır. Bunun nəyi yaxşıdır? İstər dövlət kinostudiyası, istərsə də özəl prodakşnların bu sərgidə iştirakı onların gələcək inkişafı, perspektivləri və dünya miqyasında tanınması baxımından böyük əhəmiyyət daşıyır. Gördüyünüz kimi, sərgiyə maraq da olduqca yüksəkdir. Biz səhər saat 11-dən buradayıq və o vaxtdan binsanların axını bir an belə səngiməyib”.

Lamiyə Məmmədova

Fotolar: Pərvin Zeynal