Martın 11-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar məclisi keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən RİH başçısı iftar süfrəsində iştirak edənləri salamlayaraq Ramazan ayının mənəvi saflıq, mərhəmət və şəfqət ayı olduğunu qeyd edərək müstəqil Azərbaycana əmin-amanlıq və sülh diləyib.
O, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində əsas prinsiplərin Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, Ulu Öndərin əsasını qoyduğu bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edərək cəmiyyətin müxtəlif sahələrində öz əksini tapır.
Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın layihələrinin sosial həmrəyliyi möhkəmləndirdiyini, milli-mənəvi dəyərləri qoruduğunu və dini-mədəni irsin yaşadılmasına töhfə verdiyini vurğulayıb. Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. İcra başçısı çıxışının sonunda qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə iştirakçıları təbrik edərək onlara xoş ovqat və rifah arzulayıb.
Məclis “Qurani-Kərim”dən ayələrin tilavəti ilə davam edib, dualar oxunub, Vətənimizin tərəqqisi, xalqımızın rifahı və ölkəmizin sabitliyi naminə diləklər səsləndirilib.
Məclisin sonunda ölkəmizə davamlı sülh, əmin-amanlıq və firavan gələcək arzulanıb.









Son xəbərlər
Son Xəbərlər