Şəhid ailəsinin iddialarına - Rəsmi münasibət

sehid-ailesinin-iddialarina
Oxunma sayı: 8102

Birinci Qarabağ müharibəsi şəhidi Qardaşxan Mehdiyevin ailəsi onlara qarşı təzyiq olunduğunu iddia edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər “Kanal 24 online” yutub kanalında yayımlanıb. Belə ki, Tərtər rayonunun Düyəli kəndində yaşayan ailə hadisənin 10 sot torpaq üstündə baş verdiyini bildirir: “10 sot torpaq üstündə İldırım Əliyevlə mübahisəli vəziyyətdəyik. Bu şəxs 15 nəfər polislə gəlib bizə təzyiq göstərib. Tədqiqatçı Cahangir Alıyev və Toğrul adlı polis əməkdaşları həmin şəxsin tərəfini saxlayır”.

Şəhid anası Mahiyət Mehdiyevanın sözlərinə görə, həmin torpaq sahəsinin sahibi olduğunu deyən İldırım Əliyev polislərlə birlikdə ona fiziki xəsarət yetirib: “Təpik və yumruqla zərbələr endiriblər. İldırım Əliyev polislərin gözü önündə silah çıxararaq bizi vuracağını da deyib. Bundan sonra İcra başçısının qəbuluna düşməyə çalışsaq da, alınmayıb”.

Qardaşxan Mehdiyevin həyat yoldaşı isə bildirib ki, 3 övladı olsa da, evləri yoxdur: “Hazırda yaşadığımız ev isə qəzalı vəziyyətdədir. 10 sot torpaq var, orda hər dəfə bir iş görmək istəyəndə İldırım bizə mane olur, polisləri də alıb gəlir. Həmin gün də gəlib bu yaşlı ananı döydülər. Mən onlara mane olmaq istədim, lakin məni də qolumdan tutub kənara atdılar”.

Şəhidin qardaşı Elzadə Mehdiyev deyir ki, Tərtərdə hamam binasında yaşayırlar: “Şəhidin adına verilən 50 sot torpaq var. 10 sot torpağı isə İldırım adlı şəxs iddia edir ki, mənimdir. Hadisə baş verən gün mən evdə olmamışam. Gəlib anamı döyüblər. İstəyirik həmin torpaqda şəhid büstlərini tikək. Yol kənarında olan torpaqdır. Şəhidlərin büstü kafenin qabağında yox, yolun kənarında olsa daha yaxşı olar. Amma bizə imkan vermirlər. Mən o büstləri öz pulumla tikdirmək istəyirdim”.

Məsələ ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya cavab olaraq bildirilib ki, ailə şikayəti haqda İH-yə müraciət etməyib: “Qardaşxan Mehdiyev Kəlbəcər rayon qeydiyyatında olan şəhiddir. Ailə Tərtər rayonunun Düyəli kəndində məskunlaşıb. Onlara ev də verilib, lakin getməyiblər. Bu ailə İldırım Əliyevə məxsus torpaq sahəsini zəbt edib. Vətəndaş da onları məhkəməyə verib. Məhkəmə də İldırım Əliyevin xeyrinə qərara çıxarıb. Amma bu ailə o torpaqdan çıxmadığı üçün polislər gəlib və məhkəmənin qərarını icra etmək istəyib. Bu zaman isə şəhidin qardaşı polislərə təzyiq göstərib. Məhkəmə də ona 10 sutka həbs cəzası verib. Hadisə 3 ay əvvəl olub. O ailə məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət də etməyib. İki vətəndaş arasında olan problemdir”.

Ailənin onlara verildiyi deyilən evdən niyə imtina etməsi, ümumiyyətlə Mehdiyevlərin mənzil şəraiti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üz tutduq. Qurumun tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən isə sorğumuza belə cavab verildi: "Bu şəhid ailəsinin adı mənzil növbəsində yoxdur".

Şəhid ailəsinin iddiaları ilə əlaqədar Daxili İşlər Nazirliyinə də müraciət etdik. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya bildirildi ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb: “Mahiyət Mehdiyevanın döyülməsi ilə bağlı Tərtər Rayon Polis Şöbəsinə müraciət daxil olub. Məlumatla əlaqədar araşdırmalara başlanılıb, müvafiq ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Mehtiyev Qardaşxan 1994-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 

Lamiyə Məmmədova