Səmranın mahnısı plagiatdı?

semranin-mahnisi-plagiatdi
Oxunma sayı: 1842

İsveçin Stokholm şəhərində keçiriləcək “Eurovision-2016” mahnı müsabiqəsinə sayılı günlər qalıb.

“Qafqazinfo”nun məlumatına görə, müsabiqədə Azərbaycan təmsilçisi Səmra Rəhimlinin “Miracle mahnısı ətrafında şayiələr yayılmağa başlayıb.

İddiaya görə, isveçli nümayəndə heyətinin ərsəyə gətirdiyi “Miracle” orta templi ballada plagiatdır.

Azərbaycanı Avropa səhnəsində təmsil edəcək mahnının məşhur müğənni Sianın “Chandelier” oxşarlıq təşkil etdiyi də deyilir.

“Qafqazinfo” məsələ ilə bağlı musiqi eksperti Nailə Mirməmmədli ilə əlaqə saxlayıb.

Bəstəkar bildirib ki, musiqi parçasını plagiat hesab etmək düzgün deyil:

“Səmra xanımın oxuduğu “Miracle” mahnısının melodiyası tamam fərqlidir. Anarjimanda bənzərlik var. Bu mahnını kim yazıbsa, Azərbaycan musiqisinə bələddir. Bizim mahnıların melodiyalarına çox oxşayır, Polad Bülbüloğlunun üslubuna daha yaxındır. Adamın Allahı var, yalan deyə bilmirəm. Mahnıdakı hay-küy, yuxarı qalxmalar, bir sözlə mahnının birinci hissəsində bənzərlik var. Amma onu da deyim ki, bu mahnının uğur qazanacağına ümidim yoxdur. Yaxşı mahnıdı, amma tam tutarlı deyil”.

Qeyd edək ki, İsveçdə keçiriləcək 61-ci “Eurovision” mahnı müsabiqəsində ölkəmiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.