Sosial şəbəkələrdə videosu yayılan Annadan açıqlama

sosial-sebekelerde-videosu-yayilan-annadan-aciqlama
Oxunma sayı: 13365

Sosial şəbəkələrdə Göyçay rayonunun Çərəkə kənd sakini, fiziki məhdudiyyətli Bəkirova Anna Abil qızının çətinliklə təsərrüfat işləri ilə məşğul olması haqda görüntülər yayılıb. O, görüntülərdə anası ilə birgə çətin şəraitdə yaşadığını və köməyə ehtiyacı olduğunu bildirib. 

“Qafqazinfo” qadınla əlaqə saxlayıb, problemləri ilə maraqlanıb. A.Bəkirova anadangəlmə omba çıxığı ilə doğulduğunu və hərəkət məhdudiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, aşağı ətraflarında qanqrena yarandığından indiyə qədər 9 dəfə əməliyyat keçirib:

“Ayağım sonuncu dəfə qanqrenadan 2 il əvvəl kəsilib. 2 ay əvvəl yenə çirk yığılmışdı, həkim təmizlədi, şükür ki, sağaldı. Çox çətin şəraitdə yaşayıram. Camaat köməklik edib, biri paltaryuyan alıb verib, biri evimə su çəni qoyub, biri kondisioner bağışlayıb, biri kartıma pul yükləyib evimi təmir eləmişəm. Amma bələdiyyədən, kənd icra nümayəndəliyindən heç bir köməklik yoxdur. Göyçayın keçmiş icra başçısı Mübariz Ağayevin vaxtında mənə 1 otaqlı ev tikilmişdi. Qabağını şiferlə bağlamışam ki, yağış eyvana tökülməsin. Kreditə pul götürüb hasar çəkmişəm. Dəfələrlə dövlət orqanlarına müraciət etmişəm, deyirlər ki, bizdə yardım yoxdur”.

Şikayətçinin sözlərinə görə, əvvəllər anası işləyib ailəni dolandırsa da, hazırda yaşlandığından əmək qabiliyyətini itirib: "Hazırda Bakı şəhərində kirayədə yaşayan qardaşımın köməklik etməyə imkanı yoxdur. Hər işi sürünə-sürünə özüm edirəm. I qrup əlil kimi 270 manat pensiya alıram. Bütün tərəvəzləri əkirəm, onlar da yanır, əmələ gəlmir. Toyuq-cücə saxlayıram. Allah bilir ki, mən nə əziyyət çəkirəm. İstəyirəm ki, kommunal ödənişlərimə köməklik edilsin. Sınıq-salxaq əlil arabasındayam, normal araba verilməsini də istəyirəm...”

Şikayətlə bağlı kəndin icra nümayəndəsi Tehran Adıgözəlovla əlaqə saxladıq. O, Anna Bəkirovanın problemlərindən xəbərdar olduqlarını və imkan düşdükcə ona yardım olunduğunu bildirdi: “Biz bu ailəyə imkan daxilində həmişə köməklik etmişik. Annanın anasını idarədə xadimə işinə düzəltmişdik. Bizdə yardıma ehtiyacı olan 69 ailə var, birinci yerdə Annanın ailəsidir. Həmçinin, iş adamları tərəfindən də onlara çox köməklik olunub, hamam tikilib, televizor, paltaryuyan, kondisioner alınıb verilib. Bu gün də evlərinə baş çəkdim, işıq və qazpuluna köməklik olunmasını və internet çəkilməsini istədilər. Dedim ki, aidiyyəti orqanlarla danışarıq, ona da köməklik olunar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, A. Bəkirova protez və araba ilə təmin olunacaq: 

“Göyçay rayonu, Çərəkə kənd sakini Bəkirova Anna Abil qızına 2002-ci ildə hər iki ayağın yuxarı hissədən amputasiya olunması diaqnozu ilə müddətsiz I qrup əlillik dərəcəsi təyin olunub.  Anna Bəkirovaya birinci dərəcə əlilliyə görə müavinət və təqaüd formasında aylıq  280 manat, əlavə olaraq  ona qulluq edən şəxs üçün 50 manat aylıq təqaüd verilir. Anası Zümrüd Bəkirova da yaşa görə əmək pensiyası (260 manat) ilə təmin olunur. Anna Bəkirovanın təkərli oturacaqla təmin olunması üçün tibbi göstərişin təyin edilməsi işləri də aparılıb və sənədləri hazırlanır. Yaxın günlərdə o, təkərli oruracaqla təmin ediləcək. Eyni zamanda, Anna Bəkirovanın aşağı ətraf protezləri ilə təminatı da nəzərdə tutulub”.

Gülnar Əliyeva