Stoltenberq ABŞ-ı Rusiya və Çinə qarşı birləşməyə çağırdı

stoltenberq-abs-i-rusiya-ve-cine-qarsi-birlesmeye-cagirdi
Oxunma sayı: 1152

“Çin və Rusiya öz maraqları naminə əməkdaşlığın qaydalarını yenidən yazmağa çalışır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

O, ABŞ Prezidenti Co Bayden və digər NATO ölkələri liderlərini bu il Brüsseldə zirvə toplantısında qarşılamağı və “yeni bir Trans-Atlantik gündəm” müəyyənləşdirməyi səbirsizliklə gözlədiyini deyib.

“Son illərdə Avropa ilə ABŞ arasında bəzi fərqliliklər müşahidə edilir. İndi daha güclü bir ittifaq qurmaq, inamı yenidən təsis etmək və birgəliyimizi gücləndirmək üçün önümüzdə tarixi bir fürsət var. Avropa ilə Şimali Amerikanın önündə böyük sınaqlar var.

Çinin yüksəlişi, sürətlə inkişaf edən kiberhücumlar, dağıdıcı texnologiyalar, iqlim dəyişikliyi, Rusiyanın sabitliyə təhdid təşkil edən davranışları və terror təhlükəsi bu qəbildəndir”, - Stoltenberq vurğulayıb.

“Heç bir ölkə, heç bir qitə bunlarla tək mübarizə apara bilməz”, - o əlavə edib.

Baş katib NATO müttəfiqlərinin bir-biri ilə məsləhətləşmələr aparmasının zəruriliyini vurğulayaraq, zəif nöqtələrə qarşı birgə dəyərləndirmə ehtiyacına diqqət çəkib:

“Çin və Rusiya öz maraqları naminə əməkdaşlığın qaydalarını yenidən yazmağa çalışır. Çinin yüksəlişi təhlükəsizlik, rifah və həyat tərzimizə gətirəcəyi nəticələr baxımından Trans-Atlantik ictimaiyyətimiz üçün çox vacib məsələdir.

Buna görə də NATO Avstraliya və Yaponiya kimi yaxın tərəfdaşları ilə əlaqələrini dərinləşdirməli və dünya miqyasında yeni əməkdaşlıqlar qurmalıdır”.