Xəbər verdiyimiz kimi, Braziliyada 62 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, bu, Kaskavel şəhərindən Quarulhos şəhərinə uçan ATR-72 adlı sərnişin təyyarəsi olub.
Dünya tarixində bu və ya digər səbəbdən baş verən təyyarə qəzaları saysız-hesabsızdır. Onların arasından ən çox insan tələfatı ilə nəticələnənlərdən bir neçəsini təqdim edirik:
27 mart 1977-ci il Tenerife qəzası
Kanar adalarının Tenerife adasındakı dumanlı uçuş-enmə zolağında iki ədəd 747 təyyarəsinin toqquşması nəticəsində 583 nəfərin ölümü ilə nəticələnən bu qəza indiyədək ən çox insan itkisinə səbəb olan qəza kimi tanınır.
Bu qəza iki uçuş heyəti arasındakı yanlış əlaqədən sonra baş verib.
Belə ki, “KLM” təyyarəsi dumanda görünməyən “Pan Am” təyyarəsi eyni eniş-enmə zolağının yarısında hərəkət edərkən havaya qalxmağa başlayıb. Beləliklə təyyarələr toqquşub.
Tenerife hadisəsindən sonra rəsmilər beynəlxalq hava yolları qaydalarına köklü dəyişikliklər edərək, bütün uçuş ekipajlarının dünyada standartlaşdırılmış ingilis ifadələrindən istifadə etmələrini tələb etdilər.
12 avqust 1985-ci ildə Yaponiya Hava Yollarının 123 saylı uçuş
Qəza hər hansı bir təyyarə qəzası üçün ən yüksək ölüm sayına malikdir. “Boeng747”də 520 nəfər ölümü ilə yekunlaşıb.
Maraqlısı isə budur ki, pilotlar dağa çırpılmadan əvvəl təyyarəni texniki nasaz vəziyyətdə 32 dəqiqə uçuşda saxlaya biliblər.
8 sentyabr 1994-cü il USAir 427 uçuş
Bu, ABŞ tarixindəki ən uzunmüddətli hava qəzası araşdırmalarından biri kimi də bilinir.
Çikaqodan səmaya qalxan təyyarənin kapitanı bir neçə dəqiqə sonra fövqəladə vəziyyət elan edir.
10 dəqiqə sonra isə “Boeing 737” Böyük Pittsburq Beynəlxalq Hava Limanında təyinat yerindən 10 mil şimalda meşəlik əraziyə düşür.
Gəmidəki 132 nəfərin hamısının ölümü ilə nəticələnən bu qəzanın baş vermə səbəbi illərlə araşdırılıb.
Qəzadan beş il sonra yayımlanan yekun hesabatda təyyarənin sükanının, quyruq üzgəcinə naməlum səbəblərdən tıxandığı bildirilib.
12 dekabr 1985-ci il Arrow Air 1285” saylı “Douglas DC-8”
ABŞ hərbçilərini Milad bayramı üçün çarter reysi ilə evə aparan “Arrow Air 1285” saylı “Douglas DC-8” təyyarəsi Nyufaundlenddə qəza edir.
Təyyarələrdə olan 256 nəfərin hamısı ölür.
Qəzanın səbəbini araşdıran Kanada Aviasiya Təhlükəsizliyi Şurası iki fərqli hesabat verir: Əksər hesabatlarda qəzaya səbəb kimi təyyarənin qanadlarındakı buz göstərildi; digər ehtimal olunan səbəb isə partlayış olması idi.
Bu, Kanada tarixində ən çox insan itkisi ilə nəticələnən aviasiya hadisəsi olub.
11 may 1996-cı il “ValuJet” Hava Yolları Uçuş
Təyyarədə olan 110 nəfərin hamısının ölümünə səbəb olan bu faciə aviasiya siyasətində əhəmiyyətli dəyişikliklərə, aviaşirkətin texniki xidmət podratçılarına qarşı 24 maddəlik cinayət ittihamının irəli sürülməsinə və nəticədə daşıyıcının süqutuna səbəb olub.
Qəza DC-9 təyyarəsi Mayami Beynəlxalq Hava Limanından Atlantaya gedərkən havaya qalxdıqdan qısa müddət sonra Floridada yerləşən Everqleyd bataqlığında baş verib.
Yük anbarında nəzarətsiz yanğın baş verib və təyyarənin elektrik sistemi sıradan çıxıb.
Araşırmalar zamanı məlum olub ki, uçucu oksigen yaradan bidonlar səhv olaraq boş olaraq etiketlənib və texniki işçilər tərəfindən təyyarənin yük anbarında qeyri-qanuni şəkildə yığılıb. Qəza həmin bidonların partlaması nəticəsində baş verib.
Onu da deyək ki, aparılan araşdırmalara görə, 1945-ci ildən 2021-ci ilə qədər mülki təyyarə qəzalarının ən çox baş verdiyi ilk 10 ölkə ABŞ, Rusiya, Kanada, Braziliya, Kolumbiya, Böyük Britaniya, Fransa, İndoneziya, Meksika və Hindistandır.
Hazırladı: Telli Minbir