Teymur Rəcəbov milli ilə Olimpiadada iştirakdan imtina etdi

teymur-recebov-milli-ile-olimpiadada-istirakdan-imtina-etdi
Oxunma sayı: 3863

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirak etməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Teymur Rəcəbovun komanda yoldaşı Vasif Durarbəyli öz feysbuk hesabında yazıb.

O, qeyd edib ki, Teymurla problem olmasın deyə uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınıb: “Birdən bəs Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik.

Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır”.

Şahmatçı qeyd edib ki, Rəcəbovun bu mövqeyə yetməsi üçün dövlət milyonlar xərcləyib: “Təbii ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət, ən azından şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti ,yığmada isə ümumi xeyir üçün iştirak edir. Kimi Məmməd Arazın “Vətən mən oğul desə nə dərdim, mamır olub qayasında bitərdim.” kəlamını əyani həyatımızda nümayiş etdirir, kimi də Rəcəbov kimi milyonlarla yatırım alır amma sonsuz mənəvi məsuliyyətinin olduğunu görünür dərk etmir. 2019- da son anda yorğunluq bəhanə edib komandanı yarı yolda qoymaq, 2021-də 8 oyun mübarizəsiz heç- heçələr, indiki imtina və hələ bildiyim amma bölüşmədiyim  bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir.

Qısası, məncə Rəcəbov iki əli qanda olsa belə özünü bu olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram.

Yeniləmə: Sağlamlıq məsələsini vurğulayanlar üçün yazım, bilsinlər : imtina söhbəti çox uzun zaman idi vardı. Son anda ortaya çıxmayıb”.