Türkcə kitab yazan azərbaycanlı qız- - Müsahibə

turkce-kitab-yazan-azerbaycanli-qiz-
Oxunma sayı: 3928


- Bakü Aşkın Güzergahı”kitabının müəllifisiz. Kitabın satışı ilə bağlı gözləntiləriniz necə idi və nəticə necə oldu?

-Düzünü etiraf etsəm ilk kitabım olduğu və hələ  yetərincə tanınmadığım üçün satışın nəticələrini öyrənmək məqsədilə nəşriyyata getməkdə tərəddüd edirdim.Fikirləşirdim ki, yəqin 4-5 kitab satılar.Ancaq gözlənilməyən xoş nəticə məni, valideynlərimi və bütün sevdiklərimi şad etdi. 500tirajla çap olunan kitabın 400-ü bir il ərzində satılıb. Düzdür, yazar kitabdan əldə etdiyi gəlirlə yaşayışını təmin edə bilməz, çünki satılan hər kitabın çox az faizi yazıçının əlinə çatır. Fəqət, yazıçı yazdığı kitabdan, beyninin işığından maddi maraq gözləyirsə, deməli, o yazmağı sevdiyi üçün yox, gəlir mənbəyi  olsun deyə yazıb.Yazarlıq insanın öz ruhu ilə birgə çıxdığı uzun, çox uzun səyahətdir. Bəzən kağıza toxunan qələm kibritdən daha çox alışır, yandırır.Yazdıqca özümü, içimdəki məhrəmləri,zehnimin gizli otaqlarını kəşf etdim.

- Kitabı niyə türkcə yazmısız?

Bu sual həqiqətən  mənə gözlədiyimdən çox ünvanlandı bir il ərzində. Romanımla bağlı təriflə birgə tənqidlər yağışına da tutuldum..Belə ki , “niyə azərbaycanlı qız türk dilində yazıb?”sualı çox oxucunun beynində dolaşırdı. Səbəb çox sadədir. Türk dilinin rəngarəngliyini və dillər arası səyahəti sevirəm. Bu o demək deyil ki, mən öz dilimi sevmirəm. Əsla!Hətta mən ikinci romanımı azərbaycanca yazıb bitirmişəm. Hələ çapa verilməyib ancaq inanıram ki, bu kitabım da beyinlərdə müxtəlif  sualların formalaşmasına səbəb olacaq.Mənim üçün dil fərqi yoxdur. Əsas olan əsərdəki qəhrəmanların yaşadıqlarını oxucuya hiss etdirə bilməkdir. Sən hansı dildə özünü, düşüncələrini daha gözəl təsvir edirsənsə, o dildə yazmalısan. Romanı yazdığım bir il ərzində elə təsəvvür edirdim ki, yaratdığım qəhrəmanlar ətdən və sümükdən insanlardır. Mənlə eyni otaqda yaşayır, yeyir, içir, ağlayır ,gülürlər...Bəlkə elə buna görə də qrup yoldaşlarımdan birinin romanımda Tünzalənin anasının ruhuyla olan dialoqunu oxuyub ağladığının şahidi oldum.Oxucularımdan bir neçəsinin “ Çox istəyərdim romanınızdakı Oruc kimi həyat yoldaşım olsun.Amma onun həyat yoldaşı Laləyə nifrət edirəm.Əlimə keçsə boğardım”dediklərinin, hətta başqa bir oxucunun “romanda yazdığınız iki mərtəbəli, sahibinin iri eynəkli yaşlı adam olduğu kitab evi harada yerləşir? Oranı mütləq görmək istəyirəm”deyə sual dolu nəzərlərlə üzümə baxdıqlarının şahidi oldum. Halbuki, o kitab evi də, oranın yaşlı, eynəkli sahibi də sadəcə xəyal gücümün bəhrələri idi.

- Özünüzü postmodernist yazar hesab edirsiniz?

- Bəli,ona görə ki,postmodernizm  plüralizmdir, şəffaflıqdır,reallıqdır,obyektivlikdir. Keçmişdən tam qopmadan bu günü yaşamaqdır, yaşatmaqdır. Köhnəliyin yeni versiyada təqdimatıdır. Mən də çalışmışam ki ,öz qələmimdən obyektivliyi, plüralizmi,şəffaflığı əsirgəməyim. Bakü Aşkın Güzergahında təkcə eşq və ayrılıqlardan yox, həmçinin Bakımızın ictimai nəqliyyatlarında metrolarda, avtobuslarda ,parklarda, yaşayış binalarında tüğyan edən hadisələri gözəlliyi və çirkinliyi ilə,qoca şəhərin yeni dərdlərini qələmə almışam. Postmodernizm həmçinin özüylə bərabər interneti, elektron kitabları gətirdi. Romanın 41ci səhifəsində Gültenlə Kendinin dialoqu vasitəsilə internetin həyatımıza daxil olduqdan sonra əlimizdən aldığı gözəlliklərdən bəhs etmişəm. “Evimizde iki saattir elektrikler kesildi.İnternete bağlanamayıp yıllar sonra ilk kez ailemle aynı masada oturup zaman geçirdim.Meğer babam ihtiyarlayıp zayıflamış,annem yaşlanıp saçı kar beyazına dönmüş,yıllar onun tüm güzelliğini çalmış,ufak- tefek kız kardeşim genç kız olmuş,istemeğe geleceklermiş.Gerçekten internet hayatımıza girdi gireli sevgimizi, saygımızı çaldı elimizden. Bu kadar mı koptu aile bağları? Bu kadar mı yitirdik bir birimizi?Yakınken bu kadar mı uzak olduk?Aynı çatı altında hal hatır sormaz olduk?”

-Sizin üçün postmodernizm nədir?

- Postmodernizm çoxşaxəlilikdir.Heç bir sərhəd yoxdur onda. Postmodernizm bütün sahələrdə mövcuddur. Fəlsəfədə, mədəniyyətdə,memarlıqda, incəsənətdə və ən çox da ədəbiyyatda.Bir növ “İsveç masa”sına bənzəyir. Kimə nə gərəkirsə onu da götürür.Modernizm yeni başlayan, müasir deməkdirsə,postmodernizm müasirlikdən sonrası mənasını daşıyır. Postmodernizm ironiyadır,qaydaların pozulması,parçalanmasıdır. Bu cərəyan totalitar rejimi deyil,açıq demokratiya düşüncəsini dəstəkləyir. Ancaq təəssüf ki milli ənənələr,dini təməlçilər müsəlman  cəmiyyətinin postmodernizmə keçməsini gecikdirir. Azərbaycanda bu sahədə Ramiz Rövşən, Elçin, Anar, Kamal Abdulla, Nərmin Kamalın yazıları, şeirləri mövcuddur. Postmodernizm müasirlikdən sonrası mənasını verir deyə, bu o demək deyil ki,bu sadəcə yeni yazarlara şamil olunur. Xeyr!Tam əksinə, Cəlil Məmmədquluzadə, M.Ə.Sabirin şeirlərinə, pyeslərinə nəzər salsaq görərik ki,ironiya,istehzalı gülüşün ən gözəl nümunələrini onlar yaradıblar. Bu sahənin təməl daşlarını onlar qurub.

- Deyirlər ki adətən yazarlar qısqanc olur bir - birinə qarşı. Hamı yazır, heç kim oxumur. Siz də mi eləsiz?

- Deməzdim ki,hamı yazır, heç kim oxumur. Hər kitabın mütləq öz oxucusu var.Məsələn mən kitabımın çapdan çıxdığı ilk aylarda fikirləşirdim ki,yəqin hələ az oxucu kütləm var.Bir gün qrupyoldaşım qız deyəndə ki,bax “Kitabsevərlər”səhifəsində sənin kitabını müzakirə edirlər,bir nəfəsə şərhləri oxudum və o an sevincimin həddi hüdüdu yox idi.Son illərdə artan kitab aksiyaları, endirimli kitab yarmarkaları gənclərin asudə vaxtının kitab oxumaqla, mütaliəylə keçirmələrinə səbəb olub.Yaşlı nəslin nümayəndələrindən “Heç kim kitab oxumur. İndi kitab oxuyan vaaaar?”cümlələrini eşidəndə həqiqətən əsəbiləşirəm və bu düşüncədə olan bütün yaşlı insanların zehnində kök salmış bu cümlənin üzərindən qara,iri xətt çəkmək istəyirəm.Təkcə hər həftə keçirilən kitab yarmarkalarına getmək kifayətdir ki, oxucu kütləsinin necə artdığının şahidi olasan..

- Kimlərin yazılarını, kitablarını oxuyursuz?

- Əsasən dünya ədəbiyyatı oxuyuram. Bəzən internetdən sifariş edirəm,bəzən də kitab mağazasında kitab qoxusunu içimə çəkərək qərar verirəm alacağım kitaba.Xarici yazarlardan Jorge Amado, Nikos Kazancakis,İsabel Allende,Jose Saramago,Hilary Mantel,Stephen King, Paulo Coelho, Lindsey Kelk, Jeffrey Archer, Markesi və digərlərinin dəsti xəttini sevirəm.Türk ədəbiyyatından Elif Şafaqın bütün romanlarını, köşe yazılarını oxumuşam. O cümlədən Doğan Cüceloğlu,Yaşar Kemal, Orhan Kemal, Halid Ziya Uşaklıgil, hazırda Star tv de yayımlanan Kurt Seyt ve Shuranın,Kurt Seyt ve Murkanın yazarı Nermin Bezmen,Ömer Seyfettin,blog yazarı Puccanın və illərin mürəkkəb yalamış, hərflərə sevdalanmış, sözlərə aşiq olmuş gənc və yaşlı nəslin nümayəndələrinin əsərlərini zövqlə oxuyuram.Oxumaq və yazmaq mənim bütün yorğunluğumu alır..Necə ki körpə uşaq üçün ana südünün vacibliyi danılmazdır, gənclərin beyin fəaliyyətinin,şüurunun daim inkişafda olmağı üçün də mütaliə labüddür.

-Azərbaycanda gənc yazarlara olan dəstəkdən razısınızmı?

- Digər yazarların adından danışa bilmərəm,  amma öz adıma deyim ki,mən bir gənc yazar kimi hələ heç bir dəstək görməmişəm.

 - Gənc yazar kimi oxuculara nə demək istəyərdiz?

- Kitablar bizim ədəbi ziyafətimizin şah yeməkləridir. Çalışaq ki, onlar hər zaman süfrəmizdə olsun.

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.