Xanım rəis işdən çıxarıldı

xanim-reis-isden-cixarildi
Oxunma sayı: 7109

Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmova işdən çıxarılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, sentyabr ayının 14-də Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətinə dair daxil olmuş şikayətlərlə əlaqədar Kollegiya iclası keçirilib.

Qeyd edilib ki, Nazirliyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar daxil olub. Həmçinin baytarlıq xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində nöqsanlara yol verilib.

Müddəti başa çatdığı nəzərə alınaraq kollegiyanın qərarına əsasən Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

İdarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.

İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib, həmin Laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub.

Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.