“Xasiyyətimiz tutmadı” – Rəbiyyət Aslanova

xasiyyetimiz-tutmadi-rebiyyet-aslanova
Oxunma sayı: 1513

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova həyat yoldaşı olan Rusiyada yaşayan azərbaycanlı professor, beynəlxalq hüquqşünas İlham Rəhimov ilə boşanmalarının səbəbini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, komitə sədri AzNews.az-a açıqlamasında bildirib ki, ayrılmağın səbəbi xasiyyətlərində olan fərqliliklə bağlı olub: “Biz gənc deyilik. İstər İlham müəllimin, istərsə də mənim artıq oturuşmuş xasiyyətlərimiz var. Ümumiyyətlə, yaşlı insanların xasiyyətlərin uyğunlaşması çətin olur. Hər ikimiz yaşlı insanlarıq. Bu yaşı bəzi insanlar nədənsə bizə töhmət kimi qiymətləndirsə də, biz yaşımızı gizlətməmişik. Biz artıq cəmiyyətdə müəyyən mövqe tutmuş insanlarıq. Ona görə də xasiyyətimiz tutmayıb. Ayrılmaq – bu, iki ziyalı insanın verdiyi qərardır. Ayrılsaq da, bizim bir-birimizə hörmətimiz əbədi olaraq qalacaq. İlham müəllim ziyalı və gözəl insandır. Bizim aramızda qarşıdurma əsla ola bilməz. İlham Rəhimov ilə dostluğumuz mütləq davam edəcək”.

Mətbuatda yayılan yazıların müğənni Ruhinin sifarişi ilə olması ehtimalına da toxunan R.Aslanova buna qəti inanmadığını söyləyib. O deyib: “Yox, mən inanmıram ki, bu yazılar Ruhinin sifarişi ilə yayılsın. Mən belə şeyi ağlıma belə gətirmirəm və inanmıram ki, o qadın bu cür addımlar atsın.

Mənim haqqımda yazılanların əksəriyyəti boş-boş söhbətlərdir. Yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olsun. Məgər Azərbaycanda İlham Rəhimov və Rəbiyyət Aslanovun ayrılmaq məsələsindən başqa problem yoxdur? Başqalarının şəxsi işlərinə qarışmaq heç bir mənəviyyat qanunlarına sığmır. Mən artıq söz də tapa bilmirəm ki, bu adamlara deməyə. Görəsən, məndən nə istəyirlər? Başqalarının şəxsi işləri haqqında hər şeyi öyrənməyə çalışan insanlar özlərinin həyatlarındakı problemlərə çox qısqanclıqla yanaşırlar. Həmin insanlar öz həyatlarında olan bütün neqativ halları gizlətməyə çalışırlar. Bir daha deyirəm, İlham müəllim ilə mənim aramda hər hansı qarşıdurma olmayıb. Biz sadəcə olaraq ayrılmışıq. Ayrılmağımız barədə səslənən müxtəlif versiyalar da uydurmadan başqa bir şey deyil”.