Yoluxma artır, sərhədlərlə bağlı riskə getməyə dəyər?

yoluxma-artir-serhedlerle-bagli-riske-getmeye-deyer
Oxunma sayı: 10944

Bir müddətdir Azərbaycanda koronavirusla bağlı vəziyyət nisbətən yüngülləşsə də, ötən gün açıqlanan statistikada yoluxma sayı 70-ə yaxınlaşdı. Yayın əvvəllərində aktiv xəstə sayı 50-dən aşağı düşmüşdüsə, hazırda bu say 300-ə yaxınlaşır.

“Qafqazinfo” xəbər verir ki, 2019-cu ilin sonlarında dünyada yayılmağa başlayan pandemiya 2020-ci ilin martında da Azərbaycanda ilk rəsmi məhdudiyyətlərin tətbiq olunması ilə nəticələnmişdi. Qonşu ölkələrlə sərhədlər bağlanılmış, təhsil və iş yerlərində, ictimai iaşə obyektlərində fəaliyyət məhdudlaşdırılmış, maska tələbi qüvvəyə minmiş və s. qadağalar tətbiq olunmuşdu. Başqa sözlə desək, məsələnin ciddiyyətinin fərqinə erkən varılmış və Operativ Qərargahın verdiyi qərarlar sayəsində COVID 19 dalğası bir çox dünya, o cümlədən qonşu ölkələrə nisbətən Azərbaycanda daha yüngül keçmişdi.

Əbəs yerə deyil ki, ölkəmiz yoluxma sayına görə hazırda 77-ci ölkədir. Aktiv xəstə sayına gəlincə isə dünyanın bütün qabaqcıl ölkələrindən daha az xəstə olduğunu görmək mümkündür (230 ölkə arasında 173-cü yer).

Bildiyimiz kimi məhdudiyyətlərin effekti sayəsində zamanla yoluxma sayı azalmağa başladı və bu da müəyyən karantin yumşalmalarına gedilməsi üçün əsas verdi. Bu gün artıq ölkədə əksər məhdudiyyyətlər aradan qaldırılsa da, quru sərhədləri 2020-ci ilin martından etibarən bağlı qalmaqdadır. Bu da son günlərdə sosial şəbəkələrdə əsas müzakirə mövzularından birinə çevrilib. Ələlxüsus da, insanlar yayda istirahətə yollanmaq üçün hava yoluna nisbətən ucuz başa gələn quru yolun niyə bağlı saxlanıldığını müzakirə edirlər.

Narazılıq başadüşülən olsa da, son günlərdə qonşu ölkələrdəki koronavirus statistikaları heç də riskə gediləcək bir durumun olmadığını deməyə əsas verir. Məsələn, Gürcüstanda son 1 həftədə yoluxma sayı 2570 olub. Təxminən, gündə 367 yeni yoluxma deməkdir. Əhalisi Azərbaycandan 3 qat az olan bir ölkə üçün kifayət qədər böyük rəqəmdir. Türkiyədə isə həftəlik yoluxma 57 113 olub. Yəni günə azı 8100 nəfər. Şimal və cənub qonşularımızda da vəziyyət ürəkaçan deyil. Son sutkada Rusiyada 3359, İranda 3259 yeni yoluxma qeydə alınıb.

Nəzərə alsaq ki, virusun ən sürətli yayılma üsulu insanların yaxın məsafədə təmas etməsidir və sərhədlər açılsa qonşu ölkələrə gediş-gəliş xeyli intensivləşəcək. Bu da Azərbaycanda yeni dalğa, yeni məhdudiyyətlər demək olacaq. Yəqin ki, bir il öncə evlərimizə qapanıb qaldığımız o günləri heç kim yenidən yaşamaq istəməz.

Üstəlik, artıq meymunçiçəyi riski də qapıdadır. Bu virusa Türkiyə və Gürcüstanda ilk yoluxmalar qeydə alınıb. Dünyada meymunçiçəyindən ölümlər də baş verir. Xoşbəxtlikdən hələ ölkəmizdə bu virusa yoluxma yoxdur, lakin sərhədlərin açılacağı təqdirdə Azərbaycanda da bu virusun qeydə alınma riski qat-qat yüksələcək.

Bayıra yalnız bir neçə saatlıq SMS icazələrlə çıxdığımız, həftəsonları ümumiyyətlə evlərə qapandığımız, açıq havada belə maska ilə gəzdiyimiz günlərə qayıtmaq istəmiriksə, riski minimuma endirməli və sərhədlərin açılmasını bir qədər də təxirə sala bilərik. Hazırda bir çox qonşu ölkədən daha tez və daha çox qadağaların ləğvinə nail olmuşuqsa, bu, yerində qəbul edilən qapanma və sərt karantin tədbirlərinin nəticəsi ilə bağlıdır.