Yoluxma sayı artır, qapanmalar olacaq?

yoluxma-sayi-artir-qapanmalar-olacaq
Oxunma sayı: 8407

Son günlərdə Azərbaycanda koronavirusa yoluxma və bununla bağlı ölüm hallarının sayı artıb. İki həftə bundan əvvəl ölkədə gündəlik yoluxma 272 idisə, bu gün artıq rəqəmlər minin üzərindədir. Eyni zamanda, ölüm sayı da gündəlik olaraq artır. Təkcə bu gün açıqlanan statistikaya əsasən, doqquz nəfər virusdan dünyasını dəyişib. 

Bu ilin yanvarından etibarən ölkədə vaksinasiya prosesinə başlanılıb, bu da Azərbaycanda koronavirusa qarşı görülən tədbirlərin effektivliyini artırıb. Son rəqəmlərə əsasən, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 418 754, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə  2 257 999 nəfər təşkil edir.

Bütün bunlara rəğmən ölkədə karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun  açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub. Qarşıdan payız aylarının gəldiyi, bu fəsildə infeksion xəstəliklərinin daha çox yayılacağı nəzərə alınarsa yoluxmanın daha da genişlənəcəyi istisna edilmir. Belə olan halda ölkədə məhdudiyyətlərin yenidən tətbiq edilib-edilməyəcəyi məsələsi gündəmə gəlir.  

“Qafqazinfo” bununla bağlı Milli Məclisin deputatı Hikmət Məmmədovla əlaqə saxlayıb. Onun sözlərinə görə, karantin rejiminin tələbləri yumşaldıqca vətəndaşlar bir qədər özünü sərbəst hiss etməyə başlayır: “Bunun üçün lazımi gigiyenik tələblərə riayət etməyi bir qədər arxa plana keçirdik. Bununla paralel olaraq, həm də karantin rejiminin tələb etdiyi məsafəni qorumağı bir qədər unutduq. Eyni zamanda, kütləvi tədbirlərdə həvəslə iştirak etməklə yoluxma üçün bir növ şərait formalaşdırmış olduq. Bu səbəbdən də cəmi iki həftə əvvəl bir neçə yüz olan yoluxma hadisəsi bu gün minin üzərindədir. Bu, artıq həyəcan siqnalı çalmaq üçün əsas yaradır.  

Çünki qonşu ölkələrə diqqət etsək görəcəyik ki, ətraf ölkələrdə də çox sürətlə koronavirusa yoluxanların sayı artmaqdadır. Ona görə də bu xəbərlər əslində bizi səfərbər etməlidir ki, daha çox özümüzü və ətrafdakıları qoruyaq. Ancaq təəssüf ki, arzuolunan əsaslılığı bəzən göstərə bilmirik. 

Artıq il yarımdır ki, davam edəm COVİD-19 pandemiyasının müəyyən təcrübələri var. Bu təcrübələr ondan ibarətdir ki, ilk növbədə, özümüz tibbi tələblərə diqqət etməliyik. Fərd olaraq özümüz özümüzü və ətrafdakıları qorumalıyıq. Eyni zamanda, hazırda il yarım bundan əvvəlki qədər çarəsiz deyilik. Kütləvi şəkildə peyvəndlənməyə doğru addımlar atmalıyıq. Ancaq bunlar baş verməzsə, bizim davranışlarımız nəticə etibarilə karantin rejiminin tələblərinin sərtləşdirilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, vəziyyət nə qədər ki, o həddə deyil daha həssas olmalıyıq. Əks təqdirdə, məcburən Operativ Qərargah tələbləri sərtləşdirə bilər”.

Deputat Rəşad Mahmudov da “Qafqazinfo” ya bildirib ki, artan rəqəmlər qarşısında vətəndaş məsuliyyəti və həmrəyliyini ortaya qoymaq borcumuzdur:

“Bu, həm də insani vəzifəmizdir. Onsuz da dünyadakı milli səhiyyə sistemləri və hökumətlər əlindən gələni edir. Amma unutmayaq ki, hər yeni epidemioloji dalğada cəmiyyətin hadisəyə münasibəti əsas həlledici məqamlardan biridir”.

Qeyd edək ki, artıq qonşu Gürcüstan hökuməti koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətləri sərtləşdirmək qərarına gəlib. Belə ki, sabahdan etibarən açıq məkanlarda maskadan istifadə məcburi olacaq. Bununla yanaşı, Gürcüstanda toyların və digər kütləvi mərasimlərin keçirilməsinə nəzarət də gücləndirilir. Bildirilir ki, hər hansı obyekt tərəfindən bu qaydalar birinci dəfə pozulduqda həmin məkan 10 min lari (təqribən 3250 dollar) cərimə olunacaq. Eyni məkan qaydanı ikinci dəfə pozduqda isə obyekt bağlanacaq.

Günel Türksoy