“Zərdabi orada restoranın qapıçısı kimi görünür” - Anar

zerdabi-orada-restoranin-qapicisi-kimi-gorunur
Oxunma sayı: 626

Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsi təklif edilib.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxış edib.

“İçərişəhərdə Milli Ensiklopediyanın keçmiş binası yerləşir. İndi o binanın bir mərtəbəsini restoran ediblər. Sözüm yoxdur. Orada Milli Ensiklopediya olanda qarşısında haqlı olaraq Həsən bəy Zərdabinin heykəli qoyulmuşdu. Çünki o, mətbuatımızın banisidir. İndi Həsən bəy Zərdabi orada restoranın qapıçısı kimi görünür. Restorana girənlər baxırlar ki, “bu kimdir?”

Təklif edirəm ki, həmin heykəl Şəhriyar adına klubla üzbəüzə - Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülsün. Azərbaycanda heykəl köçürmək ənənəsi var. Vahidin heykəli Filarmoniya bağında idi, İçərişəhər köçürdülər. Prezidentin göstərişi ilə Üzeyir bəyin, Natavanın, Bülbülün heykəli hətta Bakıdan Şuşaya köçürüldü. Eyni addım Həsən bəy Zərdabinin heykəli üçün də tətbiq olunarsa, bu həm ona olan hörmətimizin ifadəsi olar, həm də ədalətli yanaşma olar ki, mədəniyyət və maarifin simvolu olan bu böyük şəxs restoranın qapısında oturmaz”, - AYB sədri qeyd edib.

Nuranə Daxilqızı