Ziya Məmmədovun adı insanı heyrətləndirən gəmi oğurluğunda - dəhşətli faktlar

ziya-memmedovun-adi-insani-heyretlendiren-gemi-ogurlugunda-dehsetli-faktlar-
Oxunma sayı: 940

“Qafqazinfo” portalına Azərbaycan vətəndaşı Qəmbər Səfər oğlu Səfərov müraciət edib. O, başına gələn müsibətləri nağıl edərək mətbuatdan kömək istəyib. Biz də Qəmbər Səfərovun müraciətini, daha doğrusu başına gələnləri necə təsvir edirsə, o şəkildə də təqdim edirik.

O bildirir ki, 2003-cü il fevralın 20-də Rusiyanın Həştərxan şəhərində alğı-satqı müqaviləsi əsasında “Yunıy maryak” adlı yük gəmisi alır. 8 gündən sonra, fevralın 28-də təhvil-təslim haqqında akt tərtib olunandan sonra gəmiyə mülkiyyət hüququ təsdiqlənən Q.Səfərov ucuz aldığı nasaz gəminin təmirinə başlayır. Üç ay davam edən təmirdən sonra iyulun 19-da kiçik heyətlə Həştərxandan yola düşür və 24 iyul tarixində Bakıya çatır.

Gəmi Hövsan qəsəbəsində yerləşən kiçik limanda lövbər salır və Qəmbər Səfərov sənədləşmə işlərinə başlayır: gəminin qeydiyyata alınması üçün Dövlət Dəniz Administrasiyasına müraciət edir və hər şey də elə burdan başlanır.

“Yunıy maryak” gəmisi yoxa çıxır

Dövlət Dəniz Administrasiyasından bildirilir ki, bu tipli yük gəmisinin inhisarçılığı “Mərdəkan-Broyler” ASC-nin rəhbəri Aydın Əhmədovdadır və əvvəlcə ona müraciət etməlisən.

Q. Səfərov münasibətdə olduğu, vaxtilə gəmi almasına yardım etdiyi Aydın Əhmədovla bir neçə dəfə görüşməyə cəhd göstərsə də, görüş baş tutmur. Get-gəllər uzandığı üçün Q.Səfərov öz işləri ilə bağlı Rusiyaya yollanır və aradan bir müddət keçəndən sonra öyrənir ki, artıq "Yunıy maryak" adlı gəmi yoxdur. Sən demə, Hövsan ikinci "Bermud üçbucağı" imiş və burdan gəmilər yoxa çıxa bilirmiş. Sadəcə, "Bermud üçbucağı"nda gəmiləri "yoxa çıxardan" sirli qüvvələr, Hövsan limanında isə Aydın Əhmədovdur.

Belə ki, "Mərdəkan-Broyler" ASC-nin rəhbəri A.Əhmədov Q.Səfərovla "qanuni" alğı-satqı müqaviləsi əsasında gəmini alıb, Dövlət Dəniz Administrasiyasında öz adına qeydiyyatdan keçirib, hətta 25 iyul 2003-cü il tarixdə gəminin adını dəyişərək "Ramin" qoymağa da fürsət tapıbmış.

Ancaq özünəarxayınlıq və saymamazlıq səbəbindən o qədər ciddi qanun pozuntusuna yol verib ki, bunları görməmək mümkün deyil.

"Yunıy maryak"ı ələ keçirən Ziya Məmmədovdur?

Bir neçə dəfə Aydın Əhmədovun qəbuluna gedən Q. Səfərova "Mərdəkan-Broyler" rəhbəri bildirir ki, əgər gəmiyə iddiasını irəli sürsə, onu məhv edəcəklər. Çünki "bu gəmiyə çox yüksək rütbəli məmurun gözü düşüb və hazırda gəmi rəsmən ASC-nin balansında olsa da, ona işləyir".

Aydın Əhmədov "yüksək çinli məmurun" adını da çəkir: Nəqliyyat naziri Ziya Məmmədov.

25 metr uzunluğu, 5,2 metr eni, 87 ton su tutumu, 4,12 kubluq (300 at gücü) tək motorlu, o qədər də yüksək standartlara malik olmayan kiçik gəmiyə Ziya Məmmədovun göz dikməsi haqqında şübhələr Q.Səfərovu geri çəkilməyə vadar etsə də, istədiyi halallığı ala bilməməsi nəhayət məhkəməyə müraciətlə nəticələnir.

Səbail rayon məhkəməsi isə dəhşətli saxtakarlıqları üzə çıxarır.

Qanunsuzluq epogeyi

Məhkəmə zamanı bəlli olur ki, Dövlət Dəniz Administrasiyasından gəminin sənədlərinin surətini əldə edən "Mərdəkan-Broyler" ASC saxta alğı-satqı müqaviləsi, saxta aktlar tərtib edib və bu saxtakarlığı o qədər biabırçı səviyyədə həyata keçirib ki, hakimlər özləri belə təəccübləniblər.

Məsələn, Qəmbər Səfərovla "Mərdəkan-Broyler" ASC arasında bağlanan saxta alğı-satqı müqaviləsinin tarixi 09 yanvar 2003-cü il olaraq göstərilib.

2003-cü ilin - 20 fevralında Həştərxanda alınan, 28 fevralında təhvil-təslim aktı ilə əldə edilən və iyulun 24-də Bakı buxtasına daxil olmasıyla bağlı "Yük gömrük bəyannaməsi" olan "Yunıy maryak"ı Q.Səfərov yanvarın 9-da "Mərdəkan Broyler"ə necə sata bilərdi? Belə çıxır ki, Q.Səfərov gəminin sənədlərini əldə etdiyi tarixdən (28 fevral) ay yarım əvvəl "həmin sənədlər əsasında" "Yunıy maryak"ı Aydın Əhmədova satıb?

İkincisi, Qəmbər Səfərovla Aydın Əhmədov arasındakı "alğı-satqı" müqaviləsinin tarixi 09 yanvar 2003-cü il, məkan isə Bakı şəhəri göstərilir, ancaq müqavilə rus dilində tərtib olunur və notarial qaydada deyil, yalnız "Mərdəkan-broyler"in möhürü ilə təsdiqlənir. İki Azərbaycan vətəndaşı arasında bağlanan alğı-satqı müqaviləsi niyə rus dilində tərtib olunmalıdır?

Üçüncüsü, müqavilədə tərəflər arasında qiymət razılaşması 180 min rus rublu olaraq göstərilir. Bakıda, bir Azərbaycan vətəndaşı - fiziki şəxslə digəri, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs arasında alğı-satqı müqaviləsində qiymət niyə rus rublu ilə müəyyənləşməlidir?

Dördüncü, həmin alğı-satqı müqaviləsinin 7.1-ci maddəsində göstərilir ki, "tərəflər arasında mübahisə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq" Rusiya Federasiyasının məhkəməsində həll olunmalıdır.

Azərbaycan vətəndaşları arasında alğı-satqı müqaviləsindəki narazılıq niyə Rusiya Federasiyasının qanunvericiliyi ilə tənzimlənməlidir?

Qurbanovu cinayətə nə sövq edib?

"Mərdəkan-Broyler"in məhkəməyə təqdim etdiyi saxta "alğı-satqı" müqaviləsindəki hüquqi pozuntuların səbəbi odur ki, əslində, bu müqavilə Q.Səfərovla "Yunıy maryak" gəmisinin rəhbəri arasında bağlanmış 20 fevral 2003-cü il tarixli müqavilənin kserosurətidir. "Mərdəkan-Broyler" yeni müqavilə yazmaq iqtidarından olmadığından və Q.Səfərovun imzasını "daha səliqəli" saxtalaşdırmaq üçün hazır müqavilədəki tarixləri dəyişməklə rüsvayçı saxtakarlığa imza atıb.

Dəhşətli məqam isə odur ki, bu cür saxtakarlıqla tərtib edilən sənədlər, gəminin əsas sənədləri, alınma və Bakıya gəlmə tarixləri ilə uyğunsuzluq təşkil etdiyi halda Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov həmin qanunsuzluqları qanuniləşdirib və gəmiyə şəhadətnamə verib.

Qudrət Qurbanov bu boyda saxtakarlığa niyə gedib? Doğrudanmı gəmiyə Ziya Məmmədovun gözü düşdüyü üçün bunlar edilib, yoxsa Qüdrət Qurbanovun başqa umacağı olub?

Bu suala məhkəmə aydınlıq gətirməyib.

Məhkəmə ədaləti bərpa edir, amma...

Səbayıl rayon məhkəməsi sənəd saxtakarlıqları faktını aşkar etdikdən sonra Dövlət Dəniz Administrasiyasının "Yunıy maryak" ("Ramin") gəmisinə verdiyi saxta şəhadətnaməni ləğv edib, gəminin əsl sahibinə qaytarılması haqqında qərar çıxarıb. Lakin qərar icra olunmayıb.

Bir müddətdən sonra növbəti məhkəmə ilə qərar icraya yönəldilsə də, icra məmurları gəmini geri almaq imkanına malik olmadıqlarını, bu işin arxasında "naməlum gücün" dayandığını etiraf ediblər.

Hazırda "Yunıy maryak" ("Ramin") adlı gəmi Xəzər sularında üzməkdədir: onun heç bir sənədi yoxdur, şəhadətnaməsi məhkəmə tərəfindən ləğv edilib, ancaq bu sənədsiz-sübutsuz, bayraqsız gəmini saxlayan, onunla maraqlanan yoxdur.

Çünki gəmiyə iddia edən "yüksək çinli məmurdan" hamı qorxur...

Məmur isə özbaşnalığını davam etdirməkdədir.

Prezidentə, Mehriban Əliyevaya müraciətlər

Bütün sənədləri, məhkəmə qərarlarını redaksiyamıza təqdim edən Qəmbər Səfərov artıq illərdir halal malına sahiblənə bilmədiyindən şikayətçidir: "Bu özbaşınalıq və qanunsuzluqdan Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya, bütün hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm və edirəm. Ancaq heç bir nəticəsi yoxdur. Milyardların sahibi olan hansısa məmur mənim o qədər də baha sayılmayan gəmimi mənimsəyib, halallığımı belə vermir".

Q.Səfərov məhkəmə qərarına əhəmiyyət verilməməsini, bundan sonra artıq heç bir hüquqi addımın qalmamasını da diqqətə çatdırdı: "Mən bütün hüquqi müstəvidə haqqımı müdafiə etmişəm və məhkəmə də ədaləti bərpa edib. Ancaq məhkəmənin qərarından sonra da qanuni hüququm təmin olunmursa, mən nə etməliyəm? Özümü yandırmalıyam?"

Q. Səfərov əvvəlki vaxtdan fərqli olaraq, hazırda çətin durumda yaşadığını da söylədi: "Səhhətimdə yaranan ciddi problemlə bağlı artıq uzun müddətdir ki, Rusiyadakı iş əlaqələrimi dayandırmışam, heç yerdə işləmirəm və çox imkansızam. Belə bir imkansız vəziyyətə düşən adamın son ümid yerini əlindən almaq Allaha da xoş getməz. Mən də geri çəkilən deyiləm, Prezident İlham Əliyevdən bu qanunsuzluqları durdurmasını, saxta sənədlərlə şəhadətnamə verən və bu qədər illər ərzində cinayətə hüquqi don geydirən, cinayətə şərik olan vəzifəliləri susdurmasını KİV vasitəsilə bir daha xahiş edirəm".

Mövzunu diqqətdə saxlayacağıq.

Aşağıda sözügedən sənədlərin fotoşəkilləri ilə tanış ola bilərsiniz.