- Vəkil olaraq boşanma proseslərində çox olmusuz?
- Əvvəllər boşanma ilə bağlı proseslərə az-az rast gəlinsə də, son vaxtlar təəssüf ki evli cütlüklərin, xüsusən də gənclərin boşanmaq üçün müraciətləri adi hal alıb. Hazırda istənilən rayon məhkəməsinin həftəlik baxılan işlərin siyahısına nəzər saldıqda həftənin elə bir günü olmaz ki, hər bir hakimdə bir və ya bir neçə boşanma, aliment və ya bu tipli digər işlər olmasın.
- Təcrübənizə əsaslanaraq daha çox qadın yoxsa kişilər boşanmaq üçün müraciət edir?
- Əslində hər iki tərəfdən kifayət qədər çox müraciətlər olur, amma yenədə müqayisə edilsə, təbii ki, boşanmaq üçün müraciət edənlər arasında qadınlar üstünlük təşkil edir. Bunun əsas səbəbi isə məhz qadınların daha çox zorakılığa məruz qalmasıdır. Bundan başqa, Azərbaycanda milli mentalitet də buna yol vermir ki, kişi qadın qarşısında aciz qalaraq nigahlarının pozulması üçün məhkəməyə müraciət etsin. Əksər kişilər bunu özlərinə təhqir kimi qəbul edirlər. Kişilərin əksər hallarda məhkəməyə müraciəti boşanmadan sonra müxtəlif bəhanələrlə alimenti ya vermək istəməməsi, yaxud da çox cüzi məbləğdə vermək istəməsi ilə bağlı olur.
- Gənclər və ya cütlüklər daha çox hansı səbəbə görə boşandıqlarını bildirirlər?
- Əslində səbəb demək olar ki, böyük ölçüdə eynidir. Qadınlar ərindən şikayət edir ki, ərim mənə qarşı zor tətbiq edir, məni döyür, işkəncə verir, içkiyə-narkotikə qurşanıb və s... Maraqlı budur ki, get-gedə kişinin qadını aldatması, yəni xəyanət səbəbi ilə boşanma hallarına daha az təsadüf edilir. Ən çox boşanma isə əslində çox kiçik və elə də böyük əhəmiyyət kəsb etməyən mübahisələrdən qaynaqlanır, hansı ki belə boşanma səbəblərini Məhkəmədə qeyd etdikdə belə bu, hamı tərəfindən böyük təəccüblə qarşılanır.
- Ümumiyyətlə, sizcə gənclər ailə məcəlləsində onları maraqlandıran məlumatları bilirlərmi?
- Nəinki gənclər və ya yeni evlənmiş cütlüklər, hətta onların valideynlərin, əhatəsində olanların belə əksəriyyəti ailə məcəlləsindən tamamilə xəbərsizdirlər desək yanılmarıq. Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hazırda guya əhalini maarifləndirmək məqsədilə yaradılan və bu sahədə müxtəlif “layihələr” həyata keçirən təşkilatlar daha çox onlara müraciət edən ailələri barışdırmaqdansa, onların boşanmasına xidmət edirlər. Bunun məqsədyönümlü və ya təcrübəsizlikdən baş verdiyi barədə hər-hansı bir konkret fikir irəli sürmək çətindir. Görünən odur ki, əsasən belə qeyri-hökümət təşkilatları öz proyektləri ilə ailələri boşanmaqdan çəkindirmək əvəzinə onların ayrılmaqlarına bir növ yardımçı olurlar.
- Olubmu hansısa müvəkkilinizi boşanma iddiasından geri çəkməyə məcbur etmisiz və ya bu barədə danışmısız?
- Əslində boşanma ilə bağlı mənə müraciət edənlərin hər biri ilə ilk öncə udun uzadı söhbət edib, onları öz fikirlərindən daşınmağa çalışmışam. Son zərurət olmadıqda, ən yaxşı halda onların işinin aparılmasını öz üzərimə götürməkdən imtina etmişəm. Məlum olduğu kimi, ailə təkcə ər arvaddan ibarət deyil. Burada ən böyük sarsıntını bizim – uşaqdır, hələ heç nəyi başa düşmür dərk etmir – dediyimiz o körpələr əslində elə həmin andaca o sarsıntını keçirirlər. Nəzərə alaraq ki, indiki boşanmaların əksəriyyəti kiçik mübahisələr və bağışlana biləcək səhvlər üzərində qurulur, belə halda ən doğru yol cütlükləri barışdırmaq, onları mümkün qədər boşanmaqdan çəkindirmək olardı. Mən öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, çox zaman artıq boşanma qərarını vermiş cütlüklərlə maarifləndirici söhbətlər apardıqda onları öz fikirlərindən yayındırmaq mümkündür. Bunu çox zaman vəkillər etmirlər, çünki onların əksəriyyəti hər bir müraciət edən şəxsə artıq yalnız müştəri gözü ilə baxırlar.
- Ailə Məcəlləsində cütlüklərə nə zaman boşanma qadağa olunur və uşaqların məhkəmə mübahisəsində rolu?
- Ailə Məcəlləsinin 15-ci maddəsində birbaşa ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdıran hallar göstərilir. Belə ki, həmin maddəyə görə, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nigaha xitam verilməsi barədə idia qaldıra bilməz. Bundan başqa, Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibat araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər.
- Əgər bir tərəf razı deyilsə, digər tərəf boşanmada qəti qərarlıdırsa, qanun bu barədə nə deyir?
- Məlum olduğu kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2. maddəsinə görə, ər-arvaddan biri nigahın pozulmasına razılaşmadıqda, nigahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1. maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü müəyyən edildikdə, nigah məhkəmə qaydasında pozulur. Bundan başqa, Ailə Məcəlləsinin 13.3. maddəsinə görə, nigaha daxil olan şəxslərdən biri özündə dəri zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nigahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda, AR Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Ailə Məcəlləsində boşanmanı qadağan edən hallar istisna olmaqla, istənilən halda əgər tərəflərdən biri boşanmada qəti qərarlıdırsa, məhkəməyə müraciət edə bilər. Belə halda qarşı tərəf iddiaya etiraz edə, Məhkəmədən barışıq üçün vaxt istəyə bilər. Bu zaman işə baxan hakim tərəflərə 3, 6 və bəzən də 9 ay vaxt verir ki, bəlkə boşanmaq üçün müraciət edən tərəf öz fikrindən vaz keçə, iddianı geri götürər. Əgər qeyd olunan müddətlər ərzində də tərəflər arasında hər-hansı bir razılıq-barışıq olmazsa, hakim öz qətnaməsi ilə tərəflər arasında olan nigahı etibarsız hesab edə bilər.
- Xatırladığınız qəribə və maraqlı məhkəmə işini bizimlə bölüşərdiz
- Ümumiyyətlə, bütün məhkəmə prosesləri maraqlı olur. Boşanma ilə bağlı çox qəribə görünən məhkəmə işi ilə təxminən 4 il bundan əvvəl rastlaşmışdım. Belə ki, 76 yaşlı kişi məhkəməyə müraciət edərək 56 illik həyat yoldaşından boşanmaq istədiyini, birgə nigahlarının pozulmasını məhkəmədən xahiş edirdi. Ən qəribəsi isə bu idi ki, boşanma səbəbi kimi yalnız xasiyyətlərinin uyğun gəlmədiyini göstərirdi, halbuki qeyd etdiyim kimi, onlar 56 il evli olmuşdular və onların bu evliliyindən 2 qız və 2 oğlan olmaqla 4 övladı, 11 nəvələri var idi. Sonunda bir daha əsasən gənc ailələrə üzümü tutub deyirəm ki, hər bir kiçik mübahisələri, bu baş verdikdə vaxtında sovuşdurmağa çalışın ki, sonunda belə hallar boşanmağa gətirib çıxarmasın. Bu arada onu da qeyd etmək istəyirəm ki, boşanma hallarının minimuma endirilməsində əsas rol cütlüklərin valideynlərinin və onların müraciət etdiyi Vəkillərin üzərinə düşür. Hər bir vəkil, bu sahədə işləyən təşkilat onlara boşanmaq üçün müraciət edənlərə böyük ölçüdə yalnız müştəri gözü ilə baxmamalı, bu boşanma hadisələrinin arxasında ailələrin məhv olmasını, neçə-neçə körpənin ata və ya ana himayəsindən, qayğısından məhrum olmasını nəzərə almalıdırlar. Əminəm ki, belə olan təqdirdə boşanmaq istəyən cütlüklərin əksəriyyətini öz fikirlərindən yayındırmaq olar ki, bununla da boşananların sayını əhəmiyyətli şəkildə azaltmaq olar.
Yazı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəklədiyi "Qızılbaş" GMİB-nin "Gənclər arasında ailə hüquqlarının təbliği" layihəsi ilə bağlı yayımlanır.