İsmayıl Ömərov - Fəzail Ağamalı qarşıdurması böyüdü

ismayil-omerov-fezail-agamali-qarsidurmasi-boyudu
Oxunma sayı: 1041

İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovun Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı tərəfindən tənqid olunması ilə bağlı qalmaqal böyüyür. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı elektron poçtumuza bir sıra ictimai-siyasi şəxsin açıqlaması daxil olub. Həmin açıqlamaları təqdim edirik:

Millət vəkili Qənirə Paşayeva:
“Bu gün İTV Azərbaycanın televiziya məkanında ən yaxşılarından biri olmaqla, qısa zaman ərzində cəmiyyətin etimadını qazana bilib. Gənc televiziya kanalı olmasına baxmayaraq, qapılarını şou-proqramlara bağlamaqla, mədəniyyətimizi təbliğ etməklə, maarifləndirici, təhsil proqramları, cəmiyyətin müxtəlif kəsimlərini əhatə edən ictimai müzakirələri ilə insanların rəğbətini qazana bilib. İTV-ni tənqid etmək olar, amma ona qarşı haqsız, ədalətsiz iddialar irəli sürmək qəbuledilməzdir".

***

Ana Vətən partiyasından millət vəkili Zahid Oruc
İctimai Televiziya ilə bağlı tənqidi fikirə öz münasibətini bildirib: “İctimai Televiziya yarandığı dövrdən Azərbaycanda ictimai maraqların əks olunması, mədəni dəyərlərin daha artıq dərəcədə qabardırılması Azərbaycan insanın maarifləndirilməsi, kifayət qədər əxlaqlı və milli maraqlara dayanan prinsiplərin bərqərar olunması üçün böyük səy göstərib. Bunlar da insanlarımız tərəfindən yüksək qiymətləndirilir. İnformasiya məkanında özünəməxsus yer tutmaq asan məsələ deyil. Xüsusilə də nəzərə alsaq ki, ona qədər dövrdə efir məkanında müəyyən aparıcı qüvvələr mövcud idi. İctimai Televiziya o dövrdə yaranma zərurəti ilə parlamentdə də geniş diskusiyalara səbəb olmuşdu, həm də Beynəlxalq qurumlarla bu mövzuda xeyli danışıqlar, diskusiyalar aparılmışdı. Düşünürəm ki, ictimai mənafeələrin ora daşınması, vətəndaş düşüncəsinin əksini tapması, Azərbaycan həqiqətlərinin nəzərə alınması və necə deyərlər, milli impulsların orada özünü əksinin tapması nöqteyi nəzərindən formalaşmış komanda bu göstərməsi qətiyyətlə orada ortaya qoyuldu. Düşünürəm ki, bu mənada İctimai TV Azərbaycan insanının nəzər nöqtəsində özünəməxsus müsbət yeri qazandı. Dəfələrlə hər birimiz İctimai Televiziyanın həm verilişlərinin, ayrı-ayrı proqramlarının müsahibləri olmuşuq. Orada əsasən Azərbaycan həqiqətləri, Azərbaycan reallıqlarına bağlı məsələlər əksini tapıb. Ona görə də İctimai Televiziyanın mühüm və xüsusi yerini hər birimiz qeyd etməliyik.

Başqa tərəfdən də açıq söyləmək lazımdır ki, bu gün xəbər məkanı çox sürətlə dəyişir və informasiya sistemləri çox mütəhərrikdir, onun intensivliyi bütün başqa sahələrdən böyükdür. İnformasiya axınları içərisində dəst-xətti, üslubu saxlamaq, milli mövqeləri qorumaq, ölkəmizin həyatına kənar təsirləri müəyyən mənada neytrallaşmaqla bu fonda Azərbaycanın öz düşüncəsini ortaya qoyması nöqteyi-nəzərədən də İctimai Televiziyanın rolunu və fəaliyyətini biz qeyd etməliyik. Əlbəttə, bu mənada xüsusi olaraq bötüv Azərbaycan amilinin fərqli bir mədəni üslubda orada ifadəsinin tapması və bu əlaqələrin böyük bir körpüyə çevrilməsi, təfəkkürlərdə zamanında yaranmış boşluqları, qırılmış xəttləri bərpa etmək baxımından da bu İctimai Televiziyanın fəaliyyətinin əsas süjet xəttini, onun aparıcı mövqeyini təşkil edir.

Eurovision məsələsi isə mənə elə gəlir ki, bu televiziyanın Beynəlxalq brendi sayıla bilər. Bu mənada Azərbaycanın birinci xanımı ölkədə çox böyük mədəni, humanitar aksiyaların missiyanın müəllifi olan Mehriban Əliyevanın rəhbərliyi ilə birgə bu prosesin irəliyə aparılmasında və Azərbaycanın Beynəlxalq mədəni, incəsənət mühütündə tanınmasında və çox fəal bir mövqelərə tutmasında bu Televiziyanın da birmənalı rolunu hər kəs qeyd etməlidir. Azərbaycanın burada öz qələbəsini yaşaması, Beynəlxalq aləmə bu səviyyəyə çıxması da birmənalı şəkildə bir komanda kimi həm də İctimai Televiziyanın zəhməti hesabına başa gəlib. Bu mənada mən onların fəaliyyətini müsbət qiymətləndirirəm və gələcək dönəmdə də İctimai Televiziyanın bu əsnada və axarda davam edəcəyinə də əminəm".

***

Millət vəkili Fəzail İbrahimli:
"İctimai Televiziya ilə bağlı Milli Məclisin son müzakirəsində müəyyən fikirlər səsləndirildi. Lakin orda mən fikirlərimi deyə bilmədim çünki, növbə çatmadı. Amma deyəcəyim məqamları sizinlə bölüşmək istərdim. Əvvəla, Azərbaycanda səhv etmirəmsə 9 televiziya kanalı var. Hər bir kanalın özünəməxsusluğu, hər bir kanalın seyirciləri var. Söhbət İctimai Televiziyadan gedirsə, İTV üçün səciyyəvi olan bəzi məqamları açıqlamaq istərdim.

Birincisi, İctiami Televiziya Azərbaycanın ictimai-siyasi, mədəni və mənəvi həyatında kifayət qədər önəmli rol oynayır. Yaşının azlığına, digər telekanallara nisbətən gənc olmasına baxmayaraq, bu telekanal artıq gəncliyində bir ağsaqqal statusuna sahib olmaq imkanı əldə edib.

İkincisi, bu gün Azərbaycan atəşkəs rejmində yaşasa da ideoloji müharibə davam edir. Bu ideoloji müharibədə hər bir kəsin, hər bir fərdin və o cümlədən də KİV-lərin hər birinin məxsusi rolu və çəkisi olmalıdır. Bu ideoloji müharibədə İctimai Televiziyanın çəkisi xüsusi ağırdır. Nə üçün? Xəbərlər proqramından əvvəl hər gün bir neçə dəfə Qarabağın taleyi ilə bağlı olan rolikin efirə verilməsi, 3 dildə səslənməsi artıq nəinki Azərbaycan insanını bu 3 dili başa düşən və telekanalın yayıldığı məkanlarda hər bir kəsə Azərbaycanın haqq səsinin çatdırması bilavasitə ifadə olunur. Azərbaycana qarşı ədalətsiz mövqedə duran dünya təşkilatlarının mövqeyi ortalığa qoyulur, BMT-nin məlum qərarlarının yerinə yetirilməməsi səbəbi və dünyada ikili standartların olduğu məhz kiçik bir televiziya çarxıyla müəyyən olunur. Bax bu ideoloji müharibədə mən deyərdim ki, çox vacib amillərdən biridir.
Üçüncüsü, İTV Azərbaycan mədəniyyətinin inkişafında önəmli rol oynayır. Televiziya verilişlərinin hər birində kifayət qədər tarixilik, müasirlik öz əksini tapıb. Biz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik və bu həmrəyliyin nə qədər vacib olduğunu biz gündəmə gətiririk. İctimai Televiziya verilişlərinin ən önəmli cəhətlərindən biri isə odur ki, bu telekanal hər həftə “Qərib Axşamlar” proqramı ilə dünya Azərbaycanlılarının həmrəyliyini reallaşdırır. Yəni, təkcə bir proqram dünya Azərbaycanlılarının həmrəyliyinin yaranmasında önəmli bir yer tutur. Digər tərəfdən tarixilik nöqteyi-nəzərindən Azərbaycan tarixinin bütün məqamlarına toxunan verilişlər hazırlanır. Bu verilişlər təbii, bədii, publisistik deyil həmdə tarixçilər tərəfindən kifayət qədər əsaslandırılmış və arxiv materiallarına söykənmiş formada ifadə olunur. Ona görə də İctimai televiziya haqqında mənə elə gəlir ki, hər bir fərdin özünə məxsus fikri ola bilər, hər bir kəs fikir söyləyə bilər. Ancaq bu fikrin ədalətli olması onun həqiqətə söykənməsində özünü göstərir. Həqiqət də İctimai Televiziyanın yanındadır".

***

“İctimai Televiziya haqqında Milli Məclisdə səsləndirilən tənqidi fikirlər əsassız və qərəzlidir». Bunu millət vəkili Qüdrət Həsənquliyev bildirib. Parlamentdə «İctimai televiziya və radio yayımı haqqında» Qanuna dəyişikliklər barədə qanun layihəsinin müzakirəsi üçün çıxışa yazıldığını, lakin müzakirələr saxlandığı üçün çıxış edə bilmədiyini deyən millət vəkili deyib ki, İctimai Televiziya ölkənin inkişaf səviyyəsinə uyğun olaraq daim ictimai həyatın müxtəlif sahələrinə dair obyektiv və operativ informasiyalar yayır, maarifləndirici verilişlər təqdim edir: «Mən şəxsən parlamentdəki həmkarlarımla ən müxtəlif, aktual məsələlərə dair İctimai televiziyada aparılan müzakirələrdə iştirak edirəm. Bu telekanal fərqli fikirlərə efir vaxtı ayırır. Əlbəttə, cəmiyyət inkişaf etdikcə, televiziyaların qarşısında tələblər də artır və bu baxımdan da İctimai Televiziya günün tələblərinə uyğun öz fəaliyyətini uğurla davam etdirir. Bir sözlə, İctimai Televiziya cəmiyyəti lazımi informasiyalarla təmin edir, qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirir».

***

Millət vəkili Fərəc Quliyev:
"Milli Məclisdə İTV-nin ünvanına səsləndirilən tənqidlər həqiqətə uyğun deyil və bununla heç cür razılaşmaq olmaz. Milli Məclisdə İTV-nin ünvanına səsləndirilən tənqidlər həqiqətə uyğun deyil və bununla heç cür razılaşmaq olmaz. Ölkədə ən aktual məsələlərin müzakirəsii məhz İTV-də aparılır və bu kanalın təqdim etdiyi verilişlər ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edir. Mən həm bir millət vəkili, həm də ictimaiyyət nümayəndəsi kimi hesab edirəm ki, İctimai Televiziya Azərbaycan teleməkanında ən sanballı və demokratik bir institutdur. Milli Məclisdə İTV-nin ünvanına səsləndirilən tənqidlər həqiqətə uyğun deyil və bununla heç cür razılaşmaq olmaz. Bu televiziya digər telekanallardan fərqli olaraq daim milli dövlətçilik xəttinə üstünlük verir, ölkənin əsas problemləri haqqında obyektiv təhlillər, verilişlər təqdim edir. İctimai televiziya cəmiyyətin ən müxtəlif siyasi kəsimlərinə, onların fikirlərinə meydan verir, fikir plürializminin təmin edilməsində əhəmiyyətli dərəcədə rol oynayır. Bu telekanal həm də Azərbaycan həqiqətlərinni dünyada təbliğində mühüm xidmətlər göstərir. Ölkədə vətənpərvərlik ruhunun aşılanmasına, Dağlıq Qarabağ dərdinin daim gündəmdə saxlanmasına, problemin həllinə müxtəlif yanaşmaları ortaya qoyulmasını diqqətdə saxlayır. Hesab edirəm ki, İctimai Televiziyanın rəhbərliyi və onun kollektivi gerçəkdən öz dövlətini, xalqını sevən insanlardır və onların işini ancaq yüksək qiymətləndirmək olar".

***

Müstəqil jurnalist Azər Həsrət:
"İTV hər zaman Azərbaycanın və ölkədən kənarda yaşayanların və ümumiyyətlə ölkəmizlə maraqlananların diqqət mərkəzində olub. Bu baxımdan da İTV ilə bağlı fərqli fikirlər səslənməkdədir. Bu təbiidir. Bəziləri bəyənir, bəziləri tənqid edir. Amma mənim şəxsi rəyim bundan ibarətdir ki, İctimai Televiziya Azərbaycanda və Azərbaycandan kənarda yetərincə nüfuz qazanıb və beynəlxalq səviyyədə kifayət qədər özünə yer edə bilib. Bunun bariz nümünəsindən biri də Avroviziya mahnı yarışmasında İTV-nin çox fəal iştirakı, yarışmanın Azərbaycanda keçirilməsini təşkil etməsi oldu. Yəni ümumilikdə mənim rəyim bundan ibarətdir ki, İTV Azərbaycanın televiziya məkanına ən sonuncu daxil olsa da, faktiki olaraq bu gün birinci yerdədir. Bu da təbii birinci yerdir. Yəni süni şəkildə özünü birinci yerə çıxarmayıb. Təbii olaraq tamaşaçı sevgisi qazanıb. Ümumilikdə, ictimaiyyətə, fərqli fikirlərə geniş yer verməsi, Azərbaycanın mədəniyyətini, milli dəyərlərini durmadan, yorulmadam təbliğ etməsi İTV-nin sevimli bir kanala çevrilməsinə səbəb olub. Təbii onu tənqid edən bəzi adamlar da çox zaman öz siyasi məqsədlərindən bu tənqidləri edirlər".

***

Prezident yanında QHT Şuranın üzvü Sahib Məmmədov:
"Hesab edirəm ki, İTV cəmiyyətin bütün təbəqələrini təmsil edən və bütün təbəqələrə məxsus olan bir televiziyadır. İctimai-siyasi mövqeyindən asılı olmayaraq bütün tərəflər ona "mənim televiziyam" deyə bilər. Eyni zamanda, Azərbaycanda yayan bütün xalqlar deyə bilər ki, bu "bizim televiziyadır". Çünki bütün o xalqların, etnik qruların mədəniyyətini təbliğ edir. Daim həmin xalqlar və onların folkloru ilə bağlı verilişlər verir. Mənim diqqətimi cəlb edən əsas məqam budur ki, İTV-nin proqramları özünəməxsusdur, özünün müəlllifliyi ilə yaratdığı proqramlardır. Eyni zamanda bu televiziya mədəniyyətimizin təliğində fərqli mövqe ortaya qoyan bir yayım orqanıdır. Bu əsas məsələdir. İTV-nin Azərbaycan dili, mədəniyyəti, incəsənətinin təbliği sahəsində rolu çox böyükdür. Nəhayət, yeganə Azərbaycan televiziyasıdır ki, bunu Avropada hamı tanıyır. Bu təkcə onunla bağlı deyil ki, İTV Eurovision müsabiqəsinin təşkilatçısıydı. Bu onunla bağlı deyil. Buna qədər də Avropa Yayımları Birliyinin layiqli üzvü idi. Bilirəm ki, Avropa Yayımları Birliyinin tələbləri çox ciddidir və İctimai Televiziya hansısa bir göstərici üzrə tələblərə uyğun olmasaydı, heç orda təmsil ounmazdı. Təsadüfi deyil ki, bu yaxınlarda Starsburqda keçirilən toplantıda Azərbaycanın İctimai televiziyası haqqında çox yüksək fikirlər səsləndi. Mən o fikirləri bölüşürəm və hesab edirəm ki, bütün təbəqələrə tribuna vermək nöqteyi-nəzərindən, bütün hadisələri tərəfsiz şərh etməyi baxımından bu telekanal əvəzsizdir. Mən onun işini Azərbaycan vətəndaş cəmiyyətinin üzvü kimi, bir fəal vətəndaş kimi həmişə təşfiq edirəm".

***

Millət vəkili Aqil Abbas:
“Fəzail Ağamalı İctimai Televiziyaya qarşı mövqeyində haqsız idi. Görünür Fəzail müəllim İctimai Televiziyaya baxmır. Çünki o deyir ki, İctimai Televiziya parlamentin fəaliyytəini işıqlandırmır, cəmi bir dəqiqə vaxt ayırır. Amma Fəzail müəllim diqqət etsə, İctimai Televiziya parlamentdə nə məsələ müzakirə edilirsə, onu mütləq işıqlandırır. Elə onun çıxışından bir gün əvvəl "Aktual" verilişində mən və həmkarım Rasim Musabəyov qonaq idik, orada ictimai-siyasi məsələləri müzakirə edirdik. Yəni Fəzail müəllimin dediklərilə qətiyyən razı deyiləm. O niyə elə danışdı, onu da bilmərəm. İctimai Televiziya bu dəqiqə Azərbaycanın ən aparıcı kanalıdır. Xalqın sevdiyi, baxdığı maarifçilik, vətənpərvərlik, mədəniyyət verilişləri və filimlər bu telekanalda yayımlanır. İctimai Televiziyanın statusu başqa telekanallardan fərqlidir və belə də olmalıdır. O, Azərbaycan xalqının televiziyasıdır. Bu televiziya vasitəsilə dünyaya da çıxa bilirik, ona görə mənim üçün çox qəribə oldu, niyə görə Fəzail müəllim məsələləri bu formada qoydu? Azərbaycan parlamentinin fəaliyyətini ən çox işıqlandıran kanal İctimai Televiziyadır".