Quba üsyanı – XIX əsrdə Quba əyalətində çar üsul-idarəsinə və yerli feodalların zülmünə qarşı üç dəfə baş vermiş güclü xalq üsyanı.
• Birinci Quba üsyanı Rusiya-İran arasında bağlanmış Gülüstan müqaviləsindən (12 oktyabr 1813-cü il) 13 il sonra, 1826-cı ilin iyul-avqust aylarına təsadüf etmişdir.
• İkinci Quba üsyanı Türkmənçay müqaviləsinin (10 fevral 1828-ci il) onuncu ildönümü ərəfəsində, 1837-ci ilin mart-aprel aylarında başlanmış və fasilələrlə 6-7 ay davam etmişdir.
• Üçüncü Quba üsyanı ikincidən 40 il sonra, 1877-ci ilin ortalarından payıza qədər sürmüşdür.
İkinci Quba üsyanı miqyas və mahiyyətinə görə özündən əvvəlki və sonrakı üsyanlardan müəyyən mənada fərqlənmiş, çar rejimini Azərbaycana və azərbaycanlılara münasibətdə yanıldıqlarını etiraf etməyə və bir sıra ciddi islahatlar aparmağa məcbur etmişdir. İkinci Quba üsyanı 12 mindən çox əhalini və Quba, Dərbənd, Dağıstan kəndlərinin əksəriyyətini əhatə etmişdi. Bu vaxt Qafqazda Şeyx Şamil hərəkatının qızğın çağları idi.
Çar imperiyanın işğalçı siyasətinə qarşı üsyanlar
1826-cı ildə Qubada, 1830-cu ildə Çar-Balakən ərazisində, 1831-ci ildə Lənkəranda baş vermiş və hər biri yadelli işğalçılara qarşı xalq etirazının təzahürü kimi meydana çıxmış bu üsyanlara bir qayda olaraq yerli bəy və xanlar rəhbərlik etmişlər. XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən silahlı toqquşmalar üsyançıların sosial tərkibinə görə kəndli hərəkatı adlandırılsa da, üsyanın başvermə səbəbləri, qarşıya qoyulan məqsəd, üsyançıların qarşılaşdığı və mübarizə apardığı hərbi qüvvələr belə deməyə tam əsas verir ki, Quba üsyanı imperiyanın işğalçı siyasətinə qarşı xalqın azadlıq mübarizəsi idi. Xatırlatmaq yerinə düşər ki, bu mübarizənin təşkilatçıları Şeyx Şamilin başçılıq etdiyi azadlıq hərəkatından, həm də Qafqaza sürgün olunmuş dekabrist ədiblərin azadlıq ideyalarından güc-qüvvət alırdılar. Onlardan biri, dekabrist yazıçılar nəslinin qüdrətli nümayəndəsi A.S.Puşkin, M.F.Axundov və A.A.Bakıxanovun dostu, dövrünün tanınmış ədəbi tənqidçisi, şair və nasiri Aleksandr Aleksandroviç Bestujev-Marlinski (1797-1837) idi. 1825-ci ilin 14 dekabr burulğanı nəticəsində çar zindanına atılan A.Bestujev Qafqaza köçürülmüşdü. "Sibirdə və xüsusən Qafqazda müntəzəm olaraq etnoqrafiya və folklorla maraqlanan dekabrist yazıçı taleyin hökmü ilə gəlib düşdüyü diyarla yerli camaatla doğmalaşır, bütün Dərbənddə İsgəndər bəy adı ilə şöhrətlənir.
1834-cü ildə yazıçının Dərbənddən yola düşməsinin şahidi olmuş Y.İ.Kostenetski yazırdı ki, "Az qala bütün şəhər camaatı 20 verstlik məsafə boyu, düz Samur çayınacan onu yola salırdı, bütün kütlə özünün əzizıxələfi İsgəndər bəyə hüsn-rəğbətini hər vasitə ilə ifadə etməyə çalışırdı".
"Qafqaza dinclik verin və Yer üzünün cənnətini Fərat sahillərində axtarmayın: "O, burdadır!" deyən A.Bestujev-Marlinskinin Azərbaycan həyatına həsr olunmuş povestləri, oçerkləri, yol qeydləri, memuar xarakterli əsərləri onu göstərir ki, onun yerli əhaliyə təsiri güclü olmuşdur. Ədib "Qafqaz povestləri" silsiləsinə daxil olan "Ammalat bəy", "Molla Nur" əsərlərində, "Xəzərlə ayrılıq", "Quba yolu", "Qonaqkəndi keçməklə Dağıstandan Şirvana dağ yolu", "Köhnə Şamaxı yolunda sonuncu stansiya", "Topçu stansiyasından Qutqaşenə keçid", "Almalı stansiyasından Muğanlı postuna qədərki yol" oçerklərində üsyankar şəxsiyyətlərin, xalq qəhrəmanlarının yaddaqalan obrazlarını yaratmışdı.
Quba üsyanının başvermə səbəbləri haqqında müasirləri siyasi baxış və mövqelərinə görə müxtəlif rəy söyləmiş və bir qayda olaraq üsyanın milli azadlıq çalarını gizlətməyə, onu adi narazılıq, bir qrup "dələduz və çapqınçının hikkəsi" kimi yozmağa çalışanlar daha çox olmuşdur. Üsyanın başvermə səbəbini müəyyən etmək üçün Qafqaza ezam edilən qraf Vasilçikov öz məlumatında bunun əsas səbəbinin "bəzi fitnəkar və ziyankar şəxslərin" süvari tələbi adı altında xalqı qəsdən həyəcana gətirmək olduğunu bildirmişdi. Rusiya imperiyasının Zaqafqaziyada fəaliyyət göstərən yüksək rütbəli məmuru baron P.V.Qan isə imperator I Nikolaya yazdığı məktubunda deyirdi: "Hazırda Quba əyalətində davam edən həyəcan, heç də əhalinin hərbi xidmətə və hökumətə münasibəti ilə əlaqədar deyildir, çünki Quba süvariləri başqaları ilə birlikdə türklər və dağıstanlılar əleyhinə olan yürüşlərdə iştirak etmiş, 1831-ci ildə Talış xanlığının ləğv edilməsində də onlardan istifadə olunmuşdur. Səbəb başqa tədbir və şəraitdədir.... Hökmdar! Qubadakı həyəcan xalq üçün ağır olan hərbi idarəetmədən doğmuşdur!".
Əslində XIX əsrin 30-cu illərində Azərbaycanda yerli feodallara və müstəmləkəçi ağalara qarşı baş qaldıran çıxışlar, o cümlədən Quba üsyanı xalqın ikiqat zülm altında olduğunu göstərirdi.
Çar məmurlarının özbaşınalığı
1837-ci il üsyanı ərəfəsində Quba əyaləti 10 mahaldan, 1 dairədən, 6 azad icmadan ibarət idi. Əyalətə rus komendantı ağalıq edirdi. Bu məsələni rus məmurlarının özləri də gizlətmirdilər. Qafqaz korpusunun komandanı qraf Paskeviç hələ 24 aprel 1830-cu il tarixli raportunda yazırdı ki, "Müsəlman əyalətlərində həqiqi hakimiyyət komendantlara məxsusdur".
Quba üsyanının başlama və yatırılma səbəblərini ayırd etmək üçün Zaqafqaziyaya göndərilən fligel-adyutant İ.Vasilçikovun baron P.V.Qana məlumatında deyilirdi ki, "Hazırda komendantlar bütün hakimiyyəti öz əllərində cəmləşdirmişlər. Mükəlləfiyyətlər onlar tərəfindən qoyulur, şəhərdə və əyalətdəki polis hissələri onlara tabedir, istintaq onların əmri ilə həyata keçirilir və həll edilir. Vergiləri də onlar müəyyənləşdirirlər. Komendantlar rəhbərlik etmək işi üzrə heç bir qayda-qanuna tabe deyillər. Onlar eynən keçmiş xanlar kimi öz bildikləri hərəkəti edir, daim sərbəst iş görürlər".
Komendantlar özlərinin talançılıq fəaliyyətlərində heç də tək deyildilər, onlara çara sadiq yerli bəylər, ruhanilər də bu işdə "kömək" edirdilər. Hətta komendantın yanında xidmət edən və "peşkəş" adı ilə rüşvət alan tərcüməçilər də komendantların bir növ vasitəçiləri-dəllalları idilər. Ayrı-ayrı mahal rəislərinin-naiblərin də bu işdə əlləri vardı. 1837-ci ildə 450 üzvü olan Quba əyaləti inzibati aparatının başında Azərbaycanda çar hökumətinin "ən pis nümayəndəsi" sayılan polkovnik Gimbut dururdu. Komendant Gimbut təkcə Quba əyalətinin mahallarını deyil, o zaman Dağıstanın Qubaya aid olan Rutul, Altapara, Doqquzpara və Axtıpara mahallarında yaşayan əhalini də amansızlıqla soyurdu.
Qafqazda dini və milli ayrı-seçkilik siyasəti
Çar üsul-idarəsinin Qafqazda dini və milli ayrı-seçkilik siyasəti də dözülməz idi. Çar məmurları müsəlman əhalisinə düşmən gözü ilə baxır, onları hər vasitə ilə sıxışdırıb taqətdən salır, maddi və mənəvi cəhətdən miskinləşdirir, torpaq, mülk, əmlak və digər var-yoxunu müxtəlif üsullarla əllərindən alır, müflisləşdirir, zorla doğma yurd-yuvalarından qovur və orada xristian etiqadlı vətəndaşları, xüsusən erməniləri məskunlaşdırmağa çalışırdılar. Müfəttiş senatorlar Kutaysov və Meçnikov Azərbaycanda komendant üsul-idarəsini xarakterizə edərək ədliyyə nazirinə xəbər verirdilər ki, "... müsəlman əyalətlərinin idarə olunmasını nəzərdən keçirdikdə, rəislərin azğınlığı və əhalinin çəkdiyi əziyyətdən insan dəhşətə gəlir. Burada artıq insani ləyaqət tapdalanmışdır, hər cür ədalət unudulmuşdur, qanun yalnız əsarət aləti olmuşdur, dairə rəisləri, komendantlar, pristavlar və digər vəzifəli şəxslərin fəaliyyətində əsas amil acgözlük və dözülməz özbaşınalıqdan ibarətdir".
Dağ rayonlarında daha çox hiss olunan aztorpaqlılıq və aran rayonlarında suvarılan torpaqların azlığı şəraitində bilavasitə kəndli üzərinə qoyulan vergi əsarətinin güclənməsi xüsusilə dözülməz şəkil alırdı. 30-cu illərdə çarizmin etibarsız saydığı duxoborlar, malakanlar və digər sektantların Rusiyanın daxili quberniyalarından və Ukraynadan Azərbaycana köçürülməsi siyasəti həyata keçirilirdi. Bu vaxtdan etibarən Şamaxı və Yelizavetpol (Gəncə) qəzalarında sektantların yaşayış məntəqələri meydana çıxmağa başladı. 1833-1843-cü illər ərzində köçürülənlər tərəfindən Azərbaycanda 15-20 kəndin, o cümlədən Altıağac, Çuxuryurd, Mərəzə, Qubada Vladimirovka, Alekseyevka və başqa kəndlərin əsası qoyuldu. XIX əsrin 40-cı illərinin ortalarında Astraxanka, Andreyevka, Slavyanka kimi yeni yaşayış məntəqələri meydana çıxdı. 1819-cu ildə Vürtemberqdən köçüb gəlmiş almanlar Yelizavetpol qəzasında Yelenendorf, daha sonra isə Annenfeld kəndlərinin əsasını qoydular.
İkinci Quba üsyanı
İkinci Quba üsyanı iki mərhələdə davam etmişdir. Yazda başlayan üsyanın tələbləri qismən yerinə yetirildikdən sonra əhali sakitləşib evlərinə dağılışmışdı. Üsyançıların tələb etdiyi kimi, Qubanın komendantı Gimbut, Müşkür mahalının naibi Məmmədxan bəy və Buduq mahalının naibi Cəfərqulu ağa Bakıxanov işdən götürülmüşdür. Lakin çox güman ki, Şeyx Şamilin Hacı Məmməd və başqa el ağsaqqallarına göndərmiş olduğu məktubların təsiri ilə üsyan yenidən daha şiddətlə alovlanmışdır. Hacı Məmməd istintaqa məlumat verərkən bildirmişdir ki, Tahircaldan olan Rza xan mənə bir məktub verərək dedi ki, məktub Şamilə yaxın adam olan əmir Əli adlı bir mürid tərəfindən gətirilmişdir. Məktubda Şamilin möhürü vardı. Məktub mənim, İlyas bəyin, muruqlu Həsən bəyin, Xurduşun və başqa ağsaqqalların adına ünvanlanmışdı. Hacı Məmmədin təsdiqinə görə, Şeyx Şamil mart-aprel aylarında qiyama qalxan və sonra dağılışan qubalıları tənqid etmiş, onları silahlı üsyana çağırmışdı.
İkinci Quba üsyanının iki rəhbəri olmuşdur: Yarəli və Hacı Məmməd. Yarəli əzilən xalqı, aşağı təbəqəni təmsil edirdi və onun üçün çar məmuru ilə ona nökərçilik edən yerli feodal bir medalın iki üzü kimi eyni adam idi. Yarəli bunların hər ikisinə nifrət edən, onların zülm və zorakılığından cana doymuş sadə xalqı təmsil edirdi. O, hər iki tərəfdən istismar olunan Azərbaycan kəndlisinin nümayəndəsi idi. Onun üçün çar kazakı ilə yerli pristav, kəndxuda, naib və ya gəlmə rus ağalarının heç bir fərqi yox idi. Odur ki, o, xalqın azadlıq mübarizəsində özünü daha ardıcıl, daha sərt və daha qətiyyətli aparırdı. Yarəli Quba şəhərinin ələ keçirilməsində israrlı idi. O, bu yolda hətta Qubanın yeni komendantı İşenkonun tapşırığını yerinə yetirən praporşik Əlipaşa ağa Bakıxanova belə aman vermir. Onun başçılıq etdiyi üsyançılar kəndxuda Şeyda bəyin evinə hücum edərək Əlipaşa ağanı öldürürlər.
Bu hadisədən sonra Hil kəndinə yollanan üsyançılar Yarəlinin başçılığı ilə həmin kənddə olan xeyli kazakı əsir alır. Lakin Hacı Məmmədin tələbi ilə həmin kazak döyüşçüləri azad edilirlər. Bundan sonra Yarəli yenə də fəal hərəkət edərək Xudat üzərinə hücuma keçir, orada xeyli rus əsgər və zabitini əsir götürür. Amma onlar da tezliklə azadlığa buraxılır.
Bu, bir daha onu göstərir ki, üsyançıların vahid rəhbəri və razılaşdırılmış ümumi hərəkət planı olmayıb.
Üsyanın liberal mənsəbpərəst qanadına rəhbərlik edən Xuluq kəndinin kəndxudası, 35 yaşlı Hacı Məmməd özünü "xan" elan etməklə yenidən xanlıq quruluşunu bərpa etmək kimi xam xəyallara düşür və dərhal yeni vəzifəsinin icrasına başlayaraq üç mahala naib təyin edir. Quba əyalətini bürümüş olan üsyan getdikcə genişlənir, nəticədə komendant hakimiyyəti yalnız Quba şəhərində, Buduq və Bərmək mahallarında qalır. Hacı Məmməd xanın yanına hər tərəfdən üsyana qoşulan yeni-yeni dəstələr axışmağa başlayır. Tezliklə üsyançılara Dağıstandan gələn yüz nəfərlik bir dəstə də qoşulur və çar hökumətindən narazı olan böyük kəndli ordusu Qudyal çayı sahilində yerləşən Ağbil kəndinə tərəf yönəlir. Hələ yolda ikən üsyan başçıları Şeyx Şamilə məktub göndərir, "müridlər başçısı olan Şeyxə" tezliklə Qubanı ələ keçirəcəklərini bildirirlər.
Həmin günlərdə Ağbil kəndinə o qədər adam gəlib toplaşır ki, silahlı üsyançıların sayı yeddi min nəfəri ötür. Onlar Quba şəhərindən 4 verst aralıda yerləşən Pişikbağa gəlirlər. Tezliklə bütün Quba əyalətindən Pişikbağa gələn adamların sayı 12 min nəfərə çatır. Onların arasında cənubi Dağıstandan gələn qazıqumluqlular və tabasaranlılar da vardı. Bu da üsyanın geniş vüsət aldığından xəbər verirdi.
Hücumu həyata keçirmək məqsədi ilə "hərbi şura" yaradılır. Həmin şuranın tərkibində Quba şəhərindən Xanməmməd və Səlim adlı şəxslər də olmuşdur. Şuranın qərarı ilə üsyançılar şəhəri mühasirəyə alır və Quba əhalisinə gizli məktub göndərirlər. Onlardan "ümumi iş naminə" kömək göstərmələri xahiş olunur.
Sentyabr ayının 4-də 12 min üsyançı hər biri 4 min adamdan ibarət 3 dəstəyə bölünür. Birinci dəstə şərqdən, ikinci qərbdən, üçüncü isə şimal səmtindən şəhərə hücüma keçməli idi. Üçüncü dəstəyə Yarəli, Xanməmməd və Səlim başçılıq edirdilər. Hacı Məmməd xan şəhərdən bir verst aralı olan Nügədi kəndi yaxınlığındakı dağda mövqe tutmuşdu.
Sentyabrın 4-dən 5-nə keçən gecə güclü atışma başlayır. Tezliklə şəhərə girən Yarəlinin qoşunu ilə rus əsgərləri arasında şəhər meydanında əlbəyaxa döyüş başlayır. Şəhərin bütün yerli əhalisi üsyançılara kömək edir. Lakin üsyançılar şəhərdə çox qala bilmir, çünki qalaya şərqdən və qərbdən hücum edən dəstələr ləngiyir. Bundan başqa, rus qarnizonunun istifadəsində olan toplar top görməyən kəndliləri vahiməyə salır.
Sentyabrın 6-da Qubadan çıxan üsyançılar Qırmızı qəsəbəni ələ keçirir və Qubanın mühasirəsini davam etdirirlər.
Üsyanın yatırılması
Çar məmurları şəhəri qoruyan rus qarnizonunu xilas etməkdən ötrü bir sıra tədbirlər gördülər. Şamilə qarşı Dağıstanda hərbi əməliyyat keçirən general Feze baron Rozenin əmri ilə üç mindən çox əsgəri Samur çayını keçir. Zaqataladan hərbi hissələrin əsgərləri üsyançılara qarşı yola salınır. Car-Balakən əyalətinin hərbi rəisi gürcü knyazı Sevarsemidze tezliklə Nuxadan keçərək Şamaxıya çatır. Ona İlisulu Daniyel Sultanın başçılığı ilə yerli 250 milisi olan bəylər kömək edir. Qeyri-bərabər döyüşdə məğlub edilən üsyançı dəstələri dağılaşaraq öz yerlərinə qayıtmağa məcbur olur. Tezliklə Hacı Məmməd oğlu Novruz ilə birlikdə həbs edilərək çar hökumətinə təhvil verilir. Xandan başqa 40-dan çox üsyan başçısı həbs olunur. Amma igid Yarəli dağlara qaçaraq sonralar yenə mübarizəsini davam etdirir.
Üsyan yatırıldıqdan dərhal sonra Bakı qalasında xüsusi hərbi məhkəmə təşkil edilib, üsyanın 43 başçısına qarşı cinayət işi qaldırıldı. Başda 35 yaşlı Hacı Məmməd olmaqla 37 nəfər hərbi məhkəmədə dindirildi, 6 nəfərə qarşı isə fərarilik etdiklərinə görə axtarış elan olundu. Mayor İsa bəy hərbi rütbəsindən məhrum edilməklə Sibirə sürgünə göndərildi. Dörd üsyançı Sibir batalyonunda, beş üsyançı isə 1-ci piyada korpusunda hərbi xidmətə cəlb olundu. Üsyanın rəhbəri Hacı Məmmədə qarşı ölüm hökmü çıxarıldı. Çar Hacı Məmmədin oğlu Novruzun Kaluqa şəhərinə sürgün edilməsi əmrini verdi. Lakin Novruz təyin olunan sürgün 1837-ci il Quba üsyanı məğlubiyyətə düçar olsa da, yerli hakimiyyət orqanlarının nümayəndələrini, hətta çar I Nikolayın özünü də bərk təşvişə saldı. İkinci Quba üsyanına qədər azadlıq və müstəqillik aşiqləri çar məmurlarının və yerli mülkədarların zülm və zorakılığından qaçıb dağlara, dərələrə sığınır, meşələrdə gizlənir, lap sonda mübarizələrini qaçaq kimi davam etdirirdilər. Bu, fərdi mübarizə idi və hökuməti o qədər də narahat etmirdi. Lakin yerli əhalinin belə birgə yekdil çıxışı çar üsul idarəsi məmurlarına yaxşıca dərs verdi. Çar I Nikolay üsyançıları cəzalandırmaq, qorxutmaq əmri versə də, Azərbaycan xalqını, "müsəlmanları" məhv etməyin və onların yerində erməni keşişlərinin arzuladığı "xristian dövləti" yaratmağın qeyri-mümkün olduğu qənaətinə gəlmişdi. yerinə gedə bilmədi, iki ay sonra qızdırmadan vəfat etdi. Üsyanın ən tanınmış rəhbərlərindən biri olan Yarəli 1838-1840-cı illərdə Quba əyalətinin yuxarı mahallarında, Cənubi Dağıstanda və Şəkidə mübarizəsini axıra qədər davam etdirdi.
Quba üsyanının 12 min iştirakçısı qüdrətli imperiya ilə qeyri-bərabər döyüşdə çoxlu şəhid verdi, amma əvəzində çara və onun əlaltılarına başa saldı ki, bu ölkədə güclü və qeyrətli xalq yaşayır. Onu sındırmaq olmaz! Quba üsyanı Azərbaycan xalqına qarşı çarizmi qəzəbləndirsə də, həm də onu yumşaltdı, düşünməyə və bu xalqa yeni nəzərlə baxmağa vadar etdi.
Vikipedia