Dollardan imtina etsələr nə dəyişəcək?

dollardan-imtina-etseler-ne-deyisecek
Oxunma sayı: 4137

İqtisadçı ekspert Məhəmməd Talıblı hazırda bir sıra ölkələrin dollardan imtina etməsi üçün apardığı mübarizədən yazıb.  “Qafqazinfo” xəbər verir ki, o, ABŞ dollarına qarşı indiki halda savaşı Sizif əməyinə bənzədib:

“ Məncə, bu aksiyalar emosional dalğada “ləpə” öldürmək kimi bir şeydir. Dalğa isə sonda bildiyinə nail olur.
Burası da bir gerçəklikdir ki, dünyanın bəzi qitələrində antiamerikan ovqatı güclənir. Bir neçə il bundan öncə Amerika azad insanların Amerikası idisə, indi daha çox amerikalıların Amerikası təəssüratını yaradır. Buna bənzər mesajı Tramp seçki vədlərində də dilə gətirmişdi. Trampın ekstravaqant davranışları da onun təmsil etdiyi dövlətin nüfuzdan düşməsi üçün ciddi əsas rolunu oynayır. 

Amma məsələnin rasional, o cümlədən iqtisadi tərəfin dəyərləndirməmiz lazımdır. ABŞ dolları bu uğur zirvəsinə necə nail oldu? Dollar bir gecə yatıb səhərisi də dünya valyutası olmadı. 

Dolların dünya valyutası olması siyasi konteksdə - müharibənin yaratdığı fürsətdən yararlanmaq hesabına əsası qoyulub. İkinci cahan savaşında özü “yaralanmadan”, lakin iştirakçı tərəflərə silah-sursat başda olmaqla hər cür təminatı (ərzaqdan başlamış sənaye məhsullarına qədər) həyata keçirən ABŞ bütün bunları qızıl mübadiləsi ilə həyata keçirirdi. Alqı-satqı ekvivalenti kimi qızıldan istifadə olunurdu. Bu ticarətin genişlənməsi sayəsində müharibənin sonuna qədər ABŞ dünya qızıl ehtiyatlarının 40 faizini öz əlində cəmləşdirmiş oldu. Məhz təminatı qızılla müəyyənləşən ABŞ dolları dünya valyutası rolunda çıxış etməyə başladı. 

1944-cü ildə 44 ölkənin imzaladığı “Bretton Woods” sazişi dolların bu mövqeyini daha da möhkəmləndirmiş oldu. Bu sazişdən irəli gələrək 43 ölkə 1 dolları=0,88867 qızıl qramla (təxminən 100000\1) müəyyən olundu. 

Bununla da bu ölkələr öz ölkələrinin valyuta dəyərini dollarla müəyyən etməyə razılaşdılar. Dünyada bununla başlanan dolların əzici gücü dominantlıq təşkil etməyə başladı. Sonrakı proseslər sadəcə bu tendensiyaya yardımçı rol qismində çıxış etmiş oldu”.

Onun sözlərinə görə,  dolların dünya bazarında dominant rolunu ifadə edən bir neçə göstərici vardır ki, bunları nəzərə almadan dolların gerçək gücünü dərk etmək mümkün deyil: “Bunlardan ikisi çox önəmlidir.
Birincisi, dollara olan böyük inamın olması fonunda onun saxlanc vasitəsi kimi qəbul olunmasıdır. Hazırda dünya aktivlərinin 62,7 faizi məhz dollarda saxlanılır. Bu hər şeydən öncə dünya miqyasında dollara olan böyün inamın nəticəsidir.

İkincisi, dollarla aparılan ticarətin xüsusi çəkisinin böyük olması onun həm də tədavül vasitəsi kimi istifadəni ortaya qoyur. Belə ki, hazırda dünyada ticarətin 60% dollarla, 20% avro ilə, yerdə qalan 20% isə digər valyutalarla aparılır.
Hər gün təkcə dünyanın valyuta bazarında 5,1 trilyon dollar dövr edir. Deməli, dünya valyuta bazarında dollara olan tələb fonunda, yenə də üstünlük dolların xeyrinə dəyişəcək. Bu zaman dollara alternativ valyutanın ən azı yaxın illərin işin olmadığı meydana çıxar.

Türkiyə düşdüyü indiki vəziyyətdən çıxması üçün BVF-dan dəstək almaq istəyir. Bunun üçün oradakı üzv ölkələrin bu qərara razı olması əsas şərtdir. Heç olmasa oradakı səslərin 85%-i Türkiyə almalıdır ki,qardaş ölkə ilə bağlı qərar qəbul olunsun. Orada təkcə ABŞ-ın səs faizi 16,5%-dir. Əgər ABŞ Türkiyəyə səs verməsə, hətta oradakı üzv ölkələrin hamısı səs versə belə, Türkiyənin səs faizi 83,5%-i keçmir. Bu o deməkdir ki, ABŞ-ın razılığı olmadığı halda hətta bütün ölkələr Türkiyənin lehinə səs verməsi yenə də Türkiyənin kredit almaq şanslarını heçə endirir”.

Günel Türksoy