Hüseyn Abdullayev hardadır?

huseyn-abdullayev-hardadir
Oxunma sayı: 6909

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən “Quska” ləqəbli biznesmen, sabiq deputat Hüseyn Abdullayev ətrafında gedən proseslər səngimək bilmir. Hər gün onunla bağlı yeni-yeni detallar üzə çıxır. 

“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Azərbaycana gətirildiyi gündən onun haqqında tezliklə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilsə də, bunun tam əksi baş verib. Aprelin 24-də H.Abdullayevin Bakı İstintaq Təcridxanasına köçürüldüyü məlum olub. Məhkəmə önünə çıxarılmadan təcridxanaya köçürülməsi və bunun ictimaiyyətdən gizli saxlanılması çoxsaylı suallar doğurub. Hər kəsə bəllidir ki, bir şəxs barəsində həbs qətimkan qərarı seçilmədən o şəxs təcridxanaya köçürülə bilməz. O zaman bir sual meydana çıxır.

“Quska”nı Bakı İstintaq Təcridxanasına aparan səbəb nədir?

Qəzetin yazdığına görə, “Quska” məhkəmə önünə çıxarılmayıb, onu istintaq təcridxanasına aparan yol 2007-ci ildən keçir. 11 il öncə deputat həmkarı Fəzail Ağamalı ilə parlamentdəki məlum qarşıdurmasına görə həbs edilərək, iki il azadlıqdan məhrum edilən H.Abdullayevin həmin cəzası bərpa olunub. O 2012-ci ildə ölkəni tərk edib Almaniyaya getdikdən sonra haqqında 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) ilə cinayət işi açılarkən belə bir qərar da verilib ki, həbs edildikdə 2007-ci ildə aldığı cəzanın qalan hissəsini çəkməyə davam etsin, paralel olaraq, vergidən yayınma maddəsi ilə ittiham olunsun. Məhz bunlar əsas tutularaq, sabiq deputat Azərbaycana gətirilib, iki gün Vergilər Nazirliyinin İstintaq İdarəsində dindirildikdən sonra Kürdəxanı qəsəbəsindəki təcridxanaya köçürülüb.