Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə AzMİU-nun nəzdində İnşaat Kollecinin məzunu, bu il fevralın 24-dən 25-ə keçən gecə erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Zakir Cəfərov və ötən il aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Universitetdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə əvvəlcə dövlət himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, şəhidin anası Kamalə Abdullayeva, şəhidin ailə üzvləri, universitet və kollecin professor-müəllim, tələbə heyəti də iştirak ediblər.
Şəhidin anası Kəmalə Abdullayeva tədbirdə çıxış edərək oğlunun vətənpərvər, mərd, vətənini sevən gənc olmasından söz açıb və tədbirin təşkil edilməsində əməyi keçən universitet və kollec rəhbərliyinə öz təşəkkürünü bildirib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək ölkə rəhbərliyinin apardığı uğurlu siyasətdən, aprel döyüşlərində əldə edilən böyük qələbədən danışıb. Rektor aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu, aprel hadisələrinin isə dövlətimizin qüdrətini, xalqımızın birliyini nümayiş etdirdiyini qeyd edib və bu gün Ali Baş Komandanın döyüş əmrini gözləyən vətənpərvər, ölkəsinə və xalqına sadiq sağlam gəncliyin yetişdiyini vurğulayıb.



Son xəbərlər
Son Xəbərlər