Şirkət rəhbəri həbs olundu

sirket-rehberi-hebs-olundu
Oxunma sayı: 648

Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, Ə.Rəcəbov "Şeyx Nəzər" MMC-nin təsisçisidir. O, Səfurə Kosayevanın mərhum həyat yoldaşından miras qalmış evin pulunu mənimsəyib.

S.Kosayeva 2008-ci ilin martında ağır xəstə olduğundan müalicəsi üçün mərhum həyat yoldaşından miras qalmış Abşeron rayonu Zeytun-2 sovxozu, Naximov küçəsi 182 saylı ünvanındakı yarımçıq qalmış mülkünü satmaq məcburiyyətində qalıb. Evini satmaq üçün alqı-satqı məntəqəsində makler İlham Bağırovla tanış olub. İlham isə onu müştəri Ərəstun Rəcəbovla tanış edib. Bundan sonra Ərəstun alıcı kimi satılan mülkə baxıb və evin qiymətini 76 min manata razılaşıblar. Elə əsl dələduzluq əməli də bundan sonra başlayıb. O, qadını aldadaraq alqı-satqı müqaviləsini imzaladıb və bildirib ki, yeni qanunla pullar əvvəlcə bankın depozitinə köçürülür, 3 gün sonra satıcıya verilir.

Lakin S.Kosayeva sonradan aldadıldığından şübhələnib. Məlum olub ki, sən demə, ona alqı-satqı müqaviləsi əvəzinə girov-ipoteka müqaviləsinə imza atdırıblar. Hadisədən bir neçə gün sonra Ə.Rəcəbov qadının 20 min manatını beh kimi qaytarsa da, 56 min manatı mənimsəyib.

Bundan sonra S.Kosayeva aldadıldığını dərk edərək, hüquq-mühafizə orqanlarına və məhkəməyə şikayətlə müraciət edib. Müəyyən edilib ki, müştəri Ə.Rəcəbovla mülkün qiymətini 76 min manata razılaşsalar da, mülkün qiyməti bankda 140 min manat qiymətləndirilir. Evin müqabilində 105 min manat kredit pul götürülüb.

Bundan sonra məsələ Ali Məhkəməyə qədər uzanıb. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, fakta hüquqi qiymət verilməsini, evin girov qoyulmasının səbəblərinin müəyyən edilməsini və vətəndaşı aldadanların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Davam edən uzun məhkəmə çəkişməsindən sonra Ə.Rəcəbovun barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Ə.Rəcəbov Nəsimi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşları tərəfindən ötən ilin dekabrında saxlanılsa da, sonradan istintaqdan yayınıb və məhkəmənin qərarı ilə barəsində axtarış elan olunub. Polis əməkdaşları onu oktyabrın 14-də yaxalayıblar.